Professional pedaqoji borc. Bu anlayış xidməti vəzifələri əhatə edir. Bu vəzifələrin dərk edilməsi insanı öz işinə daha məsuliyyətlə yanaşmağa məcbur edir. Professional pedaqoji borc – bütün insanlar qarşısında qoyulan əxlaqi tələblərin pedaqoqun şəxsi məsələsi kimi başa düşülməsidir. Professional pedaqoji borc mənəvi borcun dərk edilməsinə əsaslanır. Bu, uşaq şəxsiyyətinə sözsüz hörmət və tələbkarlıq, humanistlik və əxlaqi – hüquqi normalara əməl etmək deməkdir.
Peşə şərəfi. Bu anlayış cəmiyyət həyatında bu və ya digər peşənin əhəmiyyətini qiymətləndirməyi ifadə edir. Bu əhəmiyyətin dərk edilməsi şəxsiyyətin peşə ləyaqətinin əsasını təşkil edir, öz fəaliyyətini qiymətləndirməyi əsaslandırır. Peşə şərəfi və peşə ləyaqəti anlayışları bir növ, bir-birini tamamlayır, bu və ya digər peşənin konkret şərtləri daxilində yüksək əxlaqi səviyyəni saxlamağa kömək edir.
Peşə vicdanı. Vicdan – insanın öz fikirlərini, hisslərini, hərəkətlərini yüksək dəyərlər prizmasından dəyərləndirməsidir. Vicdan insanın əxlaqi həyatını aktivləşdirir. O, yaxşılığın, xeyirxahlığın zəruri “mexanizmidir”. Peşə vicdanı şəxsiyyətin özü qarşısında mənəvi məsuliyyətini əks etdirən pedaqoji etika kateqoriyasıdır, insanı düzgün, ədalətli hərəkətə təhrik edən daxili tələbatdır. Vicdan – özünənəzarətin ən mükəmməl formasıdır. Müəllimin peşə vicdanı şagirdlər qarşısında öz məsuliyyətini və borcunu dərk etməsidir.
Pedaqoji nüfuz tərbiyə olunanın şəxsiyyətinə hörmət və tələbkarlıq prinsipinə əsaslanır. Pedaqoqun nüfuzu onun bütün şəxsi və peşə keyfiyyətləri, əxlaqi ləyaqəti kompleksindən asılıdır. Bu, şagirdlərin şüuruna mənəvi hakim olmaq deməkdir. Xeyirxahlıq və səmimilik pedaqoq nüfuzunun ayrılmaz tərkib hissələridir.
Həqiqi pedaqoji nüfuzla yanaşı yalançı, qeyri-sabit pedaqoji nüfuz növləri də vardır:
Təzyiq nüfuzu. Pedaqoqun daim öz üstünlüyünü nümayiş etdirmək, şagirdləri daim qorxu altında saxlamaqla qazanılan nüfuzdur. Belə nüfuzun əlamətləri kobudluq, şagird şəxsiyyətinə hörmətsiz yanaşmaqdır.