II MÖVZU. PEDAQOJİ ETİKANIN MÜASİR PROBLEMLƏRİ
Plan.
Tərbiyə prosesinin humanistləşdirilməsi: problemlər və ziddiyyətlər.
Uşaq hüquqlarına dair normativ-hüquqi sənədlər.
Şagirdlərin insan hüquqları ruhunda tərbiyəsi.
Ədəbiyyat
Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı, 2009
Nağıyeva L. Pedaqoji etika. Bakı, 2013
Uşaq hüquqları barədə BMT Konvensiyası. Bakı, 2002
Лаврентьева Н.Б., Нечаева А.В. Педагогическая этика. Барнаул, 2010
Tərbiyə prosesinin humanistləşdirilməsi: problemlər və ziddiyyətlər.
Təhsilin humanistləşdirilməsi ideyası qədim tarixə malikdir. Humanist pedaqogikanın diqqət mərkəzində öz imkanlarını maksimum dərəcədə reallaşdırmağa çalışan, yeniliyi qavramağa hazır, müxtəlif həyati situasiyalarda şüurlu və məsuliyyətli seçim etməyə qabil olan bütöv şəxsiyyət durur.
Humanist pedaqogika prinsipləri ilə işləyən məktəblərdə elə şərait hökm sürür ki, şagirdlər öz istək və maraqlarını dərk edib, reallaşdıra bilsinlər. Şagirdlər sərbəst seçim və yaradıcılıq axtarışları apara bilirlər. Bu zaman onların müxtəlif səhvləri də müəllimlər tərəfindən aşağı qiymət və ya cəza ilə müşayət olunmur, əksinə ona bu səhvləri düzəltməkdə yardım göstərilir. Humanist pedaqogika müəllimdən şagirdi olduğu kimi qəbul etməyi, empatik münasibəti, onun hiss və həyəcanlarına yaxın olmağı, onunla səmimi davranmağı tələb edir.
Ancaq bu məktəb quru nəsihətlər və əxlaqi iradlar prinsipi ilə eyniləşdirilməməlidir. Burada şagirdləri cəlb edən ağılla qurulmuş sistem hökm sürməlidir.
Təlim-tərbiyə prosesinin humanistləşməsi, əsas etibarilə, üç əsas hissədən ibarətdir:
hüquqi baza: uşaq hüquqlarına və ona humanist münasibətlərə əməl edilməsi;
humanist tərbiyə;
humanist təhsil.
Müxtəlif fiziki və psixoloji imkanlara malik uşaq şəxsiyyətlərinin maksimal inkişafı məsələləri qabaqcıl insanları, ictimai fikir xadimlərini ta qədimdən narahat etmişdir. Bu problemin həlli yolunu bir tərəfdən müəyyən qanunlar qəbul edilməsi və ona əməl olunması, digər tərəfdən müvafiq tərbiyə sisteminin qurulmasında görmüşlər.
Müasir təhsil müəssisələri tərbiyə prosesinin humanistləşdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirsələr də problem istər ümumtəhsil məktəbi, istərsə də ali məktəblər səviyyəsində tam həllini tapmamışdır.
Yenicə valideyn, müəllim, tərbiyəçi olmuş gənc adam, adətən, “hər şeydə haqlı” olduğunu sanır. Uşaqlara münasibətdə “əgər mən yaşca böyüyəmsə, deməli nəyin yaxşı olduğunu da mən bilirəm” prinsipi özünü həmişə doğruldurmu? Uşaqların hüququna daim hörmət edirikmi? İ.Kant bu barədə belə demişdi: “Bizim borcumuz başqalarının hüquqlarına müqəddəs bir şey kimi hörmət etməkdir. Bütün dünyada başqalarının hüquqlarından müqəddəs heç nə yoxdur. Başqalarının hüquqlarını tapdalayanlara lənət olsun!”
Problemlə bağlı aparılmış araşdırmalar göstərmişdir ki, məktəblərdə hələ də avtoritar ünsiyyət üslubu hakimdir, uşaqlara münasibətdə müxtəlif cür zor tədbirləri həyata keçirilir:
fiziki təhqir;
sözlə təhqir;
başqalarının qarşısında alçaltma;
ləyaqəti aşağılamanın kollektiv müzakirə yolu;
şantaj;
müxtəlif əmək cəzaları.
Ayrı-ayrı məktəblərdə aparılmış araşdırmalar göstərir ki, bəzi pedaqoqlar, xüsusilə ibtidai məktəblərdə yalnız humanizm və uşaq hüquqları barədə məlumatlarla kifayətlənirlər.
Məktəblərdə bu sahədə digər bir problem də vardır. Humanist pedaqogikanın əsas tələbi olan uşaq şəxsiyyətinə hörmət prinsipi bəzən əks istiqamətlə - şagirdin müəllim şəxsiyyətinə hörmət etməsi ilə uzlaşmır. Bəzən belə bir rəy yaranır ki, müəllimin əsas vəzifəsi şagird şəxsiyyətini formalaşdırmaq deyil, ona qulluq etmək, xidmət göstərməkdir.
Dostları ilə paylaş: |