II MÜHAZİRƏ: PEDAQOJİ TEXNİKA VƏ ONUN KOMPONENTLƏRİ.
Plan:
Pedaqoji texnika
Pedaqoji texnikanın komponentləri.
Pedaqoji texnikaya yiyələnmək üçün zəruri bilik və bacarıqlar.
Ədəbiyyat
Abbasova A. Pedaqogika. Bakı, 2012
Kazımov N. Məktəb pedaqogikası, Bakı, 2008
Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı, 2009
Mirzəyev Ə., Rüstəmova X., Pedaqoji ustalığın əsasları. Bakı, 2012
Orucəliyev N. Pedaqoji ustalığın əsasları. Bakı, 2005
Ткачева С.А. Педагогическое мастерство. Kаракол, 2015
Pedaqoji texnika.
Pedaqoji ustalığın tərkib hissələrindən biri pedaqoji texnikadır. Pedaqoji texnika pedaqoji proses zamanı müəllimin öz şagirdlərini görməyə,eşitməyə və hiss etməyə imkan verən bacarıqlarının kompleksidir.
Pedaqoji texnika müəllimin şagirdlərə və bütün sinif kollektivinə təsirini daha səmərəli etmək üçün malik olduğu bilik, bacarıq və vərdişlərin toplusudur.
Mütəxəssislərin fikrincə, pedaqoji texnikanın əhəmiyyətini bu cür qruplaşdırmaq olar:
Pedaqoji texnika müəllimə fəaliyyət prosesində özünü daha dərindən və ətarflı ifadə etməyə imkan verir. Mükəmməl pedaqoji texnikaya yiyələnmş müəllim ünsiyyət zamanı fikrini şagirdlərə dəqiq izah etmək, şagirdlərin diqqətini düzgün idarə etmək üçün xüsusi gərginlik və vaxt itkisi keçirmir;
Pedaqoji texnika şəxsi keyfiyyətlərin inkişafına təsir göstərir. Pedaqoji texnika müəllimin psixofizioloji xüsusiyyətləri əsasında formalaşır. Müəllimin fərdi pedaqoji texnikası onun yaşından, cinsindən, temperamentindən, sağlamlığından, xarakterindən, anatomik-fizioloji xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır.
Real pedaqoji təsir zamanı müəllimin pedaqoji texnika sahəsindəki bütün bacarıqları eyni zamanda təzahür edir. Müəllimin özünümüşahidəsi isə hərəkətlərini nizamlamaq, təshih etmək üçün lazımi vasitələr seçməyə imkan verir.
Pedaqoji texnikaya yiyələnmə prosesində müəllimin əxlaqi və estetik baxışları daha tam üzə çıxır, onun ümumi və peşə mədəniyyəti, şəxsi potensialı bəlli olur.
Dostları ilə paylaş: |