Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


BEYNƏLXALQ VALYUTA MÜNASIBƏTLƏRI



Yüklə 463,33 Kb.
səhifə123/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   125
Maliyyə 2018

15.3.BEYNƏLXALQ VALYUTA MÜNASIBƏTLƏRI
Beynəlxalq valyuta münasibətləri dünya maliyyə bazarında milli valyu­ta­ların fəaliyyəti, ölkələr arasında əmtəə mübadilələrinə pul xidməti göstərilməsi və valyutadan ödəniş və kredit vasitəsi kimi istifadəsi ilə əlaqədar iqtisadi münasibətləri əhatə edir.

Dünya valyuta sistemi - dünya təsərrüfatının inkişafı əsasında meydana gələn və dövlətlərarası razılaşmalar, yaxud sazişlərlə möhkəmləndirilən beynəlxalq valyuta münasibətlərinin təşkili formasıdır.

Ölkənin xarici iqtisadi və ticarət əlaqələri genişləndikcə ölkə ərazisində yeganə ödəniş vasitəsi hesab edilən milli valyutaya təsir də xeyli artır. Məlumdur ki, xarici ticarətdə hesablaşmalar və ödəmələr ölkənin milli valyutası ilə deyil, beynəlxalq miqyasda tam dönərli olan valyutalarla həyata keçirilir. Ona görə də ölkənin milli valyutası ilə həmin beynəlxalq dönərli valyutalar arasında nisbət müt­ləq dəqiq surətdə müəyyənləşdirilməlidir. Bu nisbət valyuta kurslarının müəyyən olunması formasında həyata keçirilir.

Valyuta kursu- milli valyuta və xarici valyutalar arasında, onların alıcılıq qabiliyyətləri və bir sıra başqa amillərlə müəyyən edilən nisbətdir. Valyuta kursları həmçinin beynəlxalq hesablaşma pul vahidlərinə münasibətdə də müəyyən edilir. Bu pul vahidlərinə SDR (-Special Drawing Rights), EKJY (European Currency Unit) və s. göstərmək olar. Valyuta kursu əmtəə istehsalı şəraitində iqtisadi – dəyər kateqoriyasıdır və dünya bazarında əmtəə istehsalçıları arasında istehsal münasibətlərini əks etdirir.

Valyuta kursu sadə əmtəə istehsalından bazar istehsalı münasibətlərinə doğru hərəkətin tarixi proseslərini əks etdirir. Qızılın ödəniş vasitəsi kimi istifadə olunduğu dövrlərdə valyuta kursları əmtəənin qiymətləndirilməsində və satılmasında çox vacib rol oynamışdır. Qızıl vasitələrilə ödəniş mexanizminin fəaliyyətdə olduğu zaman kurs münasibətlərinin tənzimlənməsi, ilk növbədə, onların sabitliyini təmin edirdi. Kapitalizmin ümumi böhranı şəraitində bu qeyri-sabitliyin təsirilə təkrar istehsalda ziddiyyətlərin güclənməsilə əlaqədar olaraq valyuta kursları keçici xarakter aldı. Belə ki, valyuta kurslarının çoxamilliliyi onun digər iqtisadi kateqoriyalarla – qiymət, dəyər, pul, faiz, ödəniş (tədiyyə) balansı və s. ilə əlaqələrini əks etdirir. Bunlardan başqa, bu və ya digər amillər valyuta kurslarının müəyyən olunmasında həlledici rol oynayır. Həmin amillərdən aşağıdakıları göstərmək olar:

1. Pul vahidinin alıcılıq qabiliyyəti və inflyasiya. Valyuta kursu - dəyər kateqoriyasına daxildir. Onun obyektiv əsasını təqdim edilən milli pul vahidinin dəyəri təşkil edir. O, milli pul vahidlərinin əmtəələrə, o cümlədən xüsusi əmtəə olan – qızıla münasibətdə alıcılıq qabiliyyəti əsasında dəqiqləşdirilir.

2. Tədiyyə balansının vəziyyəti. Bu vəziyyət valyutaların tələb və təkliflərinə birbaşa təsir edərək, kursların səviyyəsində özünü göstərir. Başqa sözlə desək, valyuta kursu, beynəlxalq ödənişlərin vəziyyətini və müxtəlif bazarlarda faiz dərəcələrini ifadə edir. Bu, hər şeydən əvvəl, onunla əlaqədardır ki, beynəlxalq hesablaşmalar xarici iqtisadi əlaqələrin iştirakçıları tərəfindən lazımi xarici valyutaların alınıb satılması yolu ilə həyata keçirilir. Tədiyyə balansının aktiv olması milli valyutanın kursunun yüksəlməsinə kömək edir və ona xarici borcların tələbatını artırır. Passiv tədiyyə balansı isə milli valyutanın kursunun aşağı düşməsinə imkan verir və borclular əksinə, həmin milli valyutanı xarici valyutaya sataraq öz xarici borclarını ödəyirlər. Ümumiyyətlə isə, tədiyyə balansının vəziyyəti milli valyutanın mövqeyini tam əks etdirir.

3. Müxtəlif ölkələrdə faiz dərəcələrinin fərqli olması. Əvvəla, ölkədə faiz dərəcələrinin dəyişməsi kapitalın, xüsusilə, qısamüddətli kapitalın beynəlxalq hərəkətinə çox böyük təsir edir. Ölkədə faiz dərəcələrinin yüksəldilməsi xarici kapitalın axınını stimullaşdırır. Ikincisi, faiz dərəcələri valyuta bazarlarında və borc kapitalı bazarlarında əməliyyatlara böyük təsir göstərir. Əməliyyatların aparılması zamanı banklar maksimum mənfəət əldə etmək məqsədilə milli və beynəlxalq kapital bazarlarındakı faiz dərəcəsi fərqlərinə xüsusi diqqət verirlər. Onlar xarici kapital bazarlarından daha ucuz kredit almağı üstün tuturlar.

4. Valyuta bazarlarının fəaliyyəti və spekulyativ (əsassız, düzgün olmayan) valyuta əməliyyatları. Bu amil valyuta kurslarına böyük təsir göstərir. Belə ki, banklar, müəssisələr, xüsusi beynəlxalq iqtisadi münasibətlərə qoşulmuş müəssisə və şirkətlər valyuta bazarlarında daim fəaliyyət göstərən üzvlərdir. Bu müəssisələr üçün valyuta kurslarının səviyyəsi çox vacibdir. Bundan başqa, bu kursların vəziyyətindən istifadə edərək spekulyativ əməliyyatlar həyata keçirilir və külli miqdarda mənfəət götürülür. Belə əməliyyatlar çoxsaylıdır və hətta beynəlxalq səviyyədə həyata keçirilə bilir.

Bu amillərdən başqa, bir sıra başqa amillər də vardır ki, onlar valyuta kurslarına böyük təsir edir. Deməli, valyuta kurslarının formalaşdırılması – mürəkkəb çoxamilli prosesdir və milli və dünya istehsalı, dövriyyəsi ilə şərtlənir.

Valyuta kursu tarixi kateqoriya olmaqla öz inkişaf mərhələsində bir sıra nəzəriyyələrin əsas mövzusu olmuşdur. Belə nəzəriyyələr kapitalizmin bütün inkişafı boyu və müasir bazar münasibətləri şəraitində mövcuddur. Bu nəzəriyyələr əsas etibarilə ingilis iqtisadçıları olan D.Yum və D.Rikardodan sonra yayılmağa başlamışdır. Bu nəzəriyyələrdə valyuta kurslarının müəyyən olunması qaydaları, bu kurslara, yaxud milli valyutalara təsir edən amillər və s. haqqında fikirlər irəli sürülür. Belə fikirlərin ən mühüm “üzən” (Floatihg) valyuta kursları ilə bağlı fikirlərdir.

“Üzən” valyuta kursları müasir valyuta bazarlarında ən vacib məsələlərdən sayılır. “Üzən” valyuta kursları valyuta kurslarının müəyyən olunması formalarından biridir (qəti müəyyən olunmuş valyuta kursları və “üzən” valyuta kursları.) Ümumiyyətlə, bu kursları maliyyə elminə ilk dəfə 1933-cü ildə amerikalı iqtisadçı C.Geyns gətirmişdir. “Üzən” valyuta kursları valyuta bazarlarında tələb və təklifin dəyişməsi ilə əlaqədardır. Belə kurslar, adətən, bütün inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu ölkələrdə kurs tələb və təklifin təsiri əsasında formalaşır və kursun hər an dəyişmə ehtimalı vardır ki, bu da, ilk növbədə, xarici ticarətə və ümumilikdə isə tədiyyə balansına təsir edir.

Valyuta kurslarının müəyyən olunması valyuta tənzimlənməsinin mühüm tərkib hissələrindəndir. Ölkənin milli valyutasının mövqeyi və sabitliyi, hər şeydən əvvəl, bu tənzimləmə siyasətinin mövcudluğu ilə şərtlənir. Tənzimlənən valyuta nəzəriyyəsini ilk dəfə amerikalı iqtisadçılar olan İ.Fişer və C.Geyns işləyib hazırlamışlar. Bu nəzəriyyə 1929-1933-cü illərdəki dünya iqtisadi böhranının təsiri altında meydana çıxmışdır. Belə böhranlar zamanı ən böyük zərbə milli valyutalara dəyir və çox böyük infilyasiyalar baş verirdi. Dövlət bu vəziyyətə hazır olmalı və iqtisadi durğunluq zamanı milli valyutaların kursunu qorumalıdır. Bu məqsədlə dövlətin valyuta tənzimlənməsi mexanizmi mövcud olmalıdır. Bu mexanizm özündə bir sıra tədbirləri əks etdirir. Bunlardan bir neçəsini qeyd edək: Valyuta ehtiyatlarının müxtəlifliyi; Valyuta məhdudiyyətləri; Valyuta nisbətləri və valyuta kursları rejiminin tətbiq edilməsi; Devalvasiya siyasəti; Revalvasiya siyasəti və s.

Ümumiyyətlə, müasir praktikada valyuta tənzimlənməsinin bir neçə metodundan istifadə olunur:

1. Tam liberal valyuta tənzimlənməsi. Bu zaman ixracatçıların qazandığı valyuta tamamilə onların sərəncamında qalır, valyuta axını tam sərbəstləşdirilir.

2. Natamam liberal valyuta tənzimlənməsi. Belə şəraitdə qazanılan valyutaların bir qismi ixracatçıların sərəncamında saxlanılır və digər hissəsi məcburən Mərkəzi Banka satılır. Valyuta axınında müəyyən məhdudiyyətlər qoyulur.

3. Qeyri liberal valyuta tənzimlənməsi. Bu metoddan istifadə şəraitində bütün qazanılan valyutalar ya bazar kursu ilə, ya da hökümətin müəyyən etdiyi süni kursla məcburən hökümət və ya Mərkəzi Bank tərəfindən götürülür. Valyuta axınına ciddi rejim müəyyən olunur.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin