1.3.MALIYYƏNIN SOSIAL-IQTISADI MAHIYYƏTI VƏ
FUNKSIYALARI
Maliyyə tarixi kateqoriyadır. O, cəmiyyətin siniflərə ayrılması və dövlətin yaranması ilə eyni zamanda meydana gəlmişdir. Lakin iqtisadi kateqoriya kimi maliyyə münasibətləri XIII-XV əsrlərdə İtaliyanın böyük ticarət mərkəzlərində meydana gəlmişdir. Maliyyə sözü latın sözü olub (Finansio) – yəni pul ödənişi (pul tədiyəsi) sözündən əmələ gəlmişdir.
Maliyyənin predmeti –ÜDM və milli gəlirin bölgüsü və yenidən bölgüsü, təsərrüfatların və dövlətin pul vəsaiti fondlarının və gəlirlərinin yaradılması, istifadəsi prosesində yaranan iqtisadi münasibətlər sisteminin məcmusudur.
Cəmiyyətdə baş verən bütün iqtisadi proseslər, müəssisələrin bir-biri ilə qarşılıqlı iqtisadi əlaqələri, dövlətlə müəssisələr, dövlətlə əhali arasındakı iqtisadi əlaqələr pul vasitəsilə həyata keçirilir. Çünki pul əmtəə istehsalı və mübadiləsi prosesində bütün əmtəələr üçün ekvivalent rolu oynayır. Yəni müəssisələrin istehsal etdiyi bütün məhsullar pul vasitəsilə alınır və satılır.
Çox zaman maliyyəni pul anlayışı ilə eyniləşdirirlər. Maliyyə pul vasitəsilə təzahür etdiyinə görə o heç də pul adlandırıla bilməz. Maliyyə münasibətləri pul münasibətləri vasitəsilə baş verməsinə baxmayaraq, pul münasibətlərinə nisbətən daha məhduddur. Pul münasibətləri daha geniş anlayışdır. Çünki o, bütün alqı-satqı münasibətlərini, eləcə də maliyyə münasibətlərini əhatə edir. Lakin maliyyə münasibətləri yalnız Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi nəticəsində yaranan, məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan pul münasibətləri sistemini əhatə edir.
Vətəndaşlar arasında, vətəndaşlar ilə ticarət təşkilatları arasında əmələ gələn münasibətləri maliyyəyə aid etmək olmaz. Ona görə ki, dövlət burada pul münasibətlərini mülki-hüquqi metodlarla tənzimləyir.
Beləliklə, maliyyə həmişə pul münasibətləri formasında təzahür edir, lakin istənilən pul münasibəti həmişə maliyyə münasibəti deyildir.
Biz qeyd etdik ki, maliyyənin meydana gəlməsi və inkişafı bilavasitə dövlətin meydana gəlməsi ilə əlaqədardır. Çünki Məcmu ictimai məhsulun bölgüsü elə təşkil edilir ki, onun bir hissəsi dövlətin saxlanılması və dövlətin funksiyalarının həyata keçirilməsi üçün istifadə edilir. Bazar iqtisadiyyatı şəraititndə maliyyənin bölgü kateqoriyası kimi rolu daha da artır. Belə ki, maliyyə mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin, birliklərin, təşkilatların pul vəsaiti fondlarının yaradılmasında və istifadə olunmasında iştirak edir.
Maliyyə - geniş təkrar istehsalın davam etdirilməsi, ümumdövlət vəzifələrinin yerinə yetirilməsi, əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi üçün ÜDM və MG-in bölgüsü və yenidən bölgüsü vasitəsilə həm dövlətin, həm də təsərrüfat subyektlərinin məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi zamanı yaranan iqtisadi münasibətlər sistemindən ibarətdir.
Maliyyənin mahiyyəti onun ifadə etdiyi funksiyalarda daha aydın görünür. Maliyyənin əsasən 2 funksiyası vardır: bölgü və nəzarət.
Maliyyənin bölgü funksiyası ÜDM və milli gəlirin bölgüsü və yenidən bölgüsü prosesini əhatə edir. Bölgü obyekti kimi Milli Gəlir, bölgü subyekti kimi isə dövlət, müəssisələr, əhali çıxış edir. Bölgü prosesi ilkin bölgü və yenidən bölgü mərhələlərindən ibarətdir. İlkin bölgü müəssisələr səviyyəsində müxtəlif istiqamətlərə bölüşdürülür. Belə ki, müəssisənin ümumi gəlirindən büdcəyə vergilər ödənir, istehsalın fasiləsizliyinin təmin edilməsi üçün istehlak olunmuş istehsal vasitələri alınır. Əmək ödənişi fondu təşkil edilir və müəssisədə çalışan işçilərə əmək haqqı ödənilir. Bu fonda uyğun olaraq sosial təminat və digər fondlara köşürmələr aparılır. Sonda müəssisənin müəyyən qədər mənfəəti qalır. Bununla da ilkin bölgü prosesi başa çatır. Lakin məhfəət özü də təkrar bölgüyə məruz qalır. Belı ki, mənfəətdən büdcəyə vergilər ödənilir. Digər hissə müəssisənin sərəncamında qalaraq istehsalın genişləndirilməsinə, investisiya qoyuluşlarına, maddi maraq fonduna və sosial məqsədlərə yönəldilir.
Milli gəlirin ilkin bölgüsündən alınan pul vəsaiti iqtisadiyyatın aparıcı sahələrinin inkişafı, müdafiə qabiliyyətinin təmin edilməsi, əhalinin maddi və mədəni tələbatlarının ödənilməsi üçün kifayər etmir. Ona görə də bölgü prosesi yenidən bölgü şəklində davam etdirilir.
Milli gəlirin yenidən bölgüsü istiqamətləri aşağıdakılardır:
1.Sahələrarası yenidənbölgü;
2.Ərazilərarası yenidənbölgü;
3.Təsərrüfatlararası yenidənbölgü;
4.Dövlətlərarası yenidənbölgü.
Maliyyənin nəzarət funksiyası bölgü və yenidənbölgü münasibətlərini, pul fondlarının yaradılması və istifadəsini əhatə edir.Maliyyə nəzarəti maddi istehsalı, qeyri-istehsal sahələrini, dövlə büdcəsinin yaradılmasını və istifadəsini əhatə edir.
Maliyyə nəzarətinin mühüm vəzifələri – maliyyə məsələlərinə dair dövlət qanunlarına əməl edilməsi, büdcə sistemi, vergi xidməti, banklar, digər müəssisə və təşkilatlar qarşısındakı öhdəliklərin vaxtında və dəqiq yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir.
Maliyyənin bu funksiyalarindan əlavə tənzimləyici və stimullaşdırıcı funksiyası da həyata keçirilir. Tənzimləyici funksiyada dövlət xətclərinin planlaşdırılması, vergilər, dövlət krediti vasitəsilə iqtisadi və sosial münasibətlərin, qiymətli kağızlar bazarının tənzimlənməsi həyata keçirilir.
Maliyyənin stimullaşdırıcı funksiyası kimi aşağıdakıları qeyd etmək olar:
Maliyyə resurslarının investisiyalaşdırılmasının səmərəli istiqamətlərinin müəyyən edilməsi;
mükafatlandırma fondlarının tətbiqi;
maliyyə güzəştlərindən istifadə edilməsi.
Dostları ilə paylaş: |