Tənzimləyici funksiya mahiyyətcə üç müxtəlif funksiyanı (stimullaşdırıcı, məhdudlaşdırıcı və nəzarət) əhatə edən ümumiləşdirici funksiyadır. Tənzimləmə funksiyası vergi mexanizmi vasitəsilə dövlətin qarşıya qoyduğu müəyyən məqsədlərə nail olunmasına xidmət edir. Vergilər özünün bu funksiyası vasitəsilə stimullaşdırmaq və ya ləngitmək yolu ilə istehsal prosesinə əhəmiyyətli dərəcədə təsir göstərir, kapital yığımını gücləndirir yə ya zəiflədir. Tənzimləyici funksiyanın stimullaşdırıcı məqsədi bu və ya digər iqtisadi proseslərin inkişafının müəyyənləşdirilməsinə yönəldilir. Buna isə əsasən vergi güzəştləri vasitəsilə nail olunur. Məsələn, dövlət kənd təsərrüfatının inkişafını və istehsal təyinatlı kapital qoyuluşunu sürətləndirmək üçün bu fəaliyyət növü ilə məşğul olan müəssisələrə vergi qanunvericiliyində müəyyən güzəştlər nəzərdə tutulmuşdur.
Müəyyən fəaliyyət növlərinin həddən artıq yüksək sürətlə inkişafını ləngitmək üçün isə dövlət tərəfindən artırılmış vergi dərəcələri müəyyən edilir. Bundan başqa, dövlət dolayı vergi dərəcələrini dəyişməklə qiymətlərin səviyyəsinə təsir göstərir, ixracata vergi güzəştləri tətbiq etməklə onu stimullaşdırır, yerli istehsalı stimullaşdırmaq üçün isə analoji malların idxalına əlavə vergilər tətbiq edilir.
Verginin tənzimləmə funksiyasının sonuncu ayrılmaz hissəsi nəzarətdir. Dövlət yalnız məhsuldar qüvvələrin inkişafını stimullaşdırılması və ya məhdudlaşdırılması deyil, həmçinin baş verən dəyişikliklərin qiymətləndirilməsi üçün vergi tənzimlənməsinin icrası üzərində daim nəzarət həyata keçirməlidir. Nəzərə almaq lazımdır ki, bu fiskal funksiyanın icrasını müşayət edən deyil,vergidən yayınma hallarının aşkara çıxarılmasından daha çox dövlətin iqtisadi və maliyyə vəziyyətinin əsaslı təhlilinə yönəldilmiş nəzarət olmalıdır. Qeyd etmək lazımdır ki, nəzarət funksiyası olmadan iqtisadi inkişafın səmərəli tənzimlənməsi qeyri-mümkündür.
Məhz nəzarət funksiyası sayəsində vergi mexanizminin effektliyi qiymətləndirilir, maliyyə resurslarının hərəkəti üzərində nəzarət təmin edilir, vergi sistemi və dövlət büdcəsinə dəyişikliyin edilib-edilməməsi müəyyənləşdirilir. Maliyyə-vergi münasibətlərinin nəzarət funksiyası yalnız onun bölüşdürücü funksiyası vasitəsilə realizə olunur. Yəni maliyyə-vergi münasibətləri və vergi siyasətinin səmərəliliyini yalnız hər iki funksiya üzvi surətdə əlaqəli olduğu halda müəyyən etmək mümkündür.
Dostları ilə paylaş: |