12.3.SIĞОRTА BАZАRININ STRUKTURU VƏ
TƏŞKILI PRINSIPLƏRI
Indiki dövrdə hökm sürən radikal iqtisadi islahat şəraitində müasir sığorta bazarının və onun xarakterik cəhətlərinin tədqiq edilməsinə ciddi tələbat yaranmışdır. Sığorta bazarı - təkliflərin formalaşdığı və bu təkliflərə tələbatın yarandığını ifadə edən, alqı-satqı obyekti sığorta müdafiəsi olan pul münasibətlərinin xüsusi sosial-iqtisadi strukturdur. Sığorta bazarının inkişaf etməsinin obyektiv əsasını təsadüfi hadisələrin baş verməsi zamanı zərərçəkənlərə pul yardımının göstərilməsi vasitəsilə təkrar istehsal prosesinin fasiləsizliyinin təmin olunması təşkil edir. Sığorta bazarını cəmiyyətin sığorta müdafiəsinin təmin olunması məqsədilə sığorta fondunun formalaşdırılması və bölüşdürülməsi üzrə maliyyə münasibətlərinin təşkili forması kimi və eləcə də müvafiq xidmətlərin göstərilməsində iştirak edən sığorta təşkilatlarının məcmuəsi kimi də nəzərdən keçirmək olar.
Sığorta bazarının mövcud olmasının mütləq şərtlərindən biri də sığorta xidmətlərinə olan ictimai tələbatın və bu tələbatları təmin edən sığortaçıların çox olmasıdır. Uzun illər ərzində mövcud olmuş inzibati iqtisadiyyatdan sığorta bazarına keçid, sığortaçının iqtisadi münasibətlər sistemində rolu və yerini dəyişmişdir. Sığorta kompaniyaları təsərrüfat həyatının tamhüquqlu subyektlərinə çevrilirlər.
Fəaliyyət göstərən sığorta bazarı müxtəlif struktur hissələrini özündə cəmləşdirən mürəkkəb və üzvi bir sistemi əhatə edir. Sığorta bazarının əsası sığorta cəmiyyəti və ya sığorta kompaniyasından ibarətdir. Məhz onun mövcudluğu əsasında sığorta fondunun istifadəsi prosesi yaranır, bu və ya digər iqtisadi münasibətlər formalaşır, şəxsi, qrup və kollektiv maraqlar isə bir-birinə qarışır.
Sığorta fondunun fəaliyyətinin tarixən təşəkkül tapmış ictimai forması olan sığorta kompaniyası sığorta müqavilələrinin imzalanması və sığorta xidmətlərinin həyata keçirilməsinin xüsusi strukturudur. Sığorta kompaniyasına texniki-təşkilat vahidliliyi və xüsusilik xasdır. Sığorta kompaniyasının iqtisadi cəhətdən xüsusi olması, onun ehtiyatlarının tam şəkildə bir-birindən ayrı-ayrı olmasında və bu ehtiyatların sərbəst dövriyyəsində özünü biruzə verir. Sığorta kompaniyası iqtisadi sistemdə müstəqil olaraq təsərrüfat işlərini aparan subyekt kimi fəaliyyət göstərir və istehsal münasibətlərinin müəyyən sisteminə uyğun olaraq “qurulur”. İqtisadi cəhətdən xüsusi olan sığorta kompaniyaları digər sığortaçılar ilə münasibətlərini yenidən sığortalama və birgə sığorta üsulu ilə qururlar.
Bazar iqtisadiyyatı vətəndaşların müstəqil seçiminə əsaslanır. Prinsip etibarilə hər kəs istənilə qərarı qəbul edə bilər. Insan şəxsi gəlirini sərbəst şəkildə xərcləyə və müstəqil surətdə bu gəlirin müəyyən hissəsini istehlaka, müəyyən hissəsini isə yığıma yönəldə bilər. Bundan başqa, hər bir şəxs digər şəxslər ilə müqavilə bağlamaq hüququna malikdir. Bütün bu amilləri sığorta xidmətinin geniş seçimini təklif edən sığorta bazarı mütləq nəzərə almalıdır.
Bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, tələd və təkliflərin sərbəst oyunu potensial sığortaçılar üçün zəruri olan sığorta xidmətlərinin meydana çıxmasını stimullaşdırır. Sərbəst qiymət əmələ gəlmə prinsipləri əsasında formalaşan tarif dərəcələri sığortaçılar arasında əsl rəqabət mühiti yaratmış olur. Sığorta bazarı iqtisadi rəqabət şəraitində tənzimləyici funksiyanı yerinə yetirir. Məlum olduğu kimi, özü-özlüyündə rəqabətin mövcudluğu sığorta bazarında uğurlu fəaliyyəti hələ təmin etmir. Bu uğurlar, sığorta cəmiyyətinin əməkdaşlarını daima yeni potensial müştərilər axtarmağa və eləcə də sığorta xidmətinin forma və metodlarının təkmilləşdirilməsinə həmişə can atan sığortaçılardan asılıdır. Sığortaçının şəxsən sığorta fəaliyyətinin daxili və xarici fəaliyyətinə rəhbərlik etməsi və bununla da sığorta mədəniyyətini inkişaf etdirməsi mühüm əhəmiyyət kəsb edir.
Sığorta polisini imzalayaraq sığortaçının qəbul etdiyi qərar ictimai təcrübədə təsdiq olunmuş nəticələrə əsaslanır. Bazar iqtisadiyyatı şəraitində sığortaçının uğuru malik olduğu sığorta fondu ehtiyatlarını necə sərf etməsindən birbaşa asılı olur. Sığortaçı sahibkar rolunda çıxış edir və müəssisə rəhbərləri qarşısında müvafiq qanunvericilik aktlarına uyğun olaraq icra etdiyi işlərə görə məsuliyyət daşıdığı üçün özünü maraqlı tərəf kimi hiss edir. Geniş mənada sığorta bazarı, sığorta məhsulunun alış və satışı üzrə yaranan iqtisadi münasibətlərin məcmuəsini təşkil edir. Bazar sığortaçı və sığorta etdirən şəxs arasında ayrılmaz əlaqəni təmin edir. Burada sığorta xidmətinin ictimai yararlığının təsdiqi baş verir. Sığorta bazarının fəaliyyət göstərməsinin mühün iqtisadi qanunları kimi dəyər qanunu, tələb və təklif qanunu çıxış edirlər.
Dostları ilə paylaş: |