Sertifikatlaşdırma üzrə fəaliyyətə ümumi tələblər.
Mili sertifikatlaşdırma sisteminin strukturu.
Ədəbiyyat 1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007 2.КрыловаГ.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Azərbaycan Respublikasında məhsulun (prosesin, xidmətin) məcburi və könüllü sertifikatlaşdırılmasının əsasları və bu sahədə dövlət idarəetmə orqanlarının, xüsusi səlahiyyət verilmiş orqanların müxtəlif mülkiyyət formalı müəssisələrin, sahibkarların və sertifikasiya işləri üzrə digər iştirakçıların hüquq, vəzifə və məsuliyyətləri RS001 – 93 rəhbəredici sənədində öz əksini tapmışdır. Bu sənəddə ISO/BEK 2 rəhbərlik sənədinə və ISO 8402 – 86 beynəlxalq standartına uyğun olan aşağıdakı məfhumlar, terminlər və onların təriflərindən istifadə olunur:
Uyğunluğun sertifikatlaşdırılması – lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğunluğun olmasında zəruri əminliyin təmin olunmasını inamlı şəkildə sübut edən üçüncü tərəfin fəaliyyətidir;
Məcburi sertifikatlaşdırma – xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulun (proseslərin, xidmətlərin) normativ sənədlərinin məcburi tələblərinə uyğunluğunun təsdiqidir;
Könüllü sertifikatlaşdırma - istehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun istehsalçısının (istehlakçılar cəmiyyətlərinin və ittifaqlarının), həmçinin dövlət orqanlarının (sonralar sifarişçi adlanacaq) təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır;
Normativ sənəd – məhsula və xidmətə, həmçinin onların keyfiyyətinin qiymətləndirmə metodlarına aid tələbləri əks etdirən standart, sanitar normaları əks etdirən sənəddir;
Beynəlxalq standart – standartlaşdırma üzrə beynəlxalq təşkilatın qəbul etdiyi və geniş istehlakçı dairələri üçün istifadəsi açıq olan standartdır;
Milli standart – standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilmiş və geniş istehlakçı dairələri üçün istifadəsi açıq olan standartdır;
Uyğunluq haqqında məlumat – tədarükçünün tam məsuliyyəti ilə məhsulun, prosesin və ya xidmətin konkret standarta və yaxud digər normativ sənədə uyğun olması haqqında verdiyi məlumatdır;
Sertifikatlaşdırma sistemi – uyğunluq sertifikatlaşdırması aparmaq üçün xüsusi üsullara və idarəetmə qaydalarına malik olan sistemdir;
Oxşar məhsulun (proseslərin, xidmətlərin) sertifikatlaşdırma sistemi – eyni konkret standartlar, qaydalar və üsullar tətbiq edilən müəyyən məhsulların, proseslərin, xidmətlərin sertifikatlaşdırma sistemidir.
Sertifikatlaşdırma üzrə orqan - uyğunluq sertifikatlaşdırılması aparan orqandır;
Uyğunluq sertifikatı – lazımi tərzdə eyniləşdirilmiş məhsul, proses və ya xidmətin konkret standartda və ya digər normativ sənədə uyğun olduğuna zəruri əminliyin təmin edildiyini göstərən və sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surətdə nəşr edilən sənəddir;
Uyğunluq nişanı – göstərilən məhsulun, prosesin yaxud xidmətin konkret standarta və ya digər normativ sənədə uyğunluğuna zəruri əminliyin təmin edilməsini göstərən sistemin qaydalarına uyğun verilən və tədqiq edilən, müəyyən olunmuş qaydada müdafiə olunan nişandır;
Sertifikatlaşdırma sisteminin üzvü – verilmiş sistemin qaydalarına uyğun fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmən tanınmasıdır;
Keyfiyyət sistemi - keyfiyyətə ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən təşkilati strukturun, məsuliyyətin, prosedurların, proseslərin və ehtiyatların məcmusudur;
Akkreditasiya olunmuş laboratoriyalar – konkret məhsul növlərinin (proseslərin, xidmətlərin) sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyalarıdır;
Xüsusi səlahiyyət verilmiş orqan – konkret bir obyektin sertifikatlaşdırma sisteminə rəhbərlik edən və akkreditasiya nəticəsində konkret obyektin sertifikatlaşdırılmasının keçirilməsinə dair səlahiyyət almış sertifikatlaşdırma üzrə orqan, akkreditasiya edilmiş sınaq laboratoriyaları və digər müəssisə, təşkilat və idarələr (onların struktur bölmələri və birlikləri), eləcə də dövlət idarəetmə orqanları;
Təhlükəsizlik – ziyan vura biləcək yolverilməz riskin olmamasıdır;
Ətraf mühitin mühafizəsi – məhsulun, proseslərin, xidmətlərin mənfi təsirindən ətraf mühitin qorunmasıdır;
İstehsalat attestasiyası – sertifikatlaşdırma üzrə xüsusi səlahiyyət verilmiş digər orqan tərəfindən göstərilən məhsulun istehsalı (xidmətlərin icrası) üçün normativ sənədlərdə verilmiş və sertifikatlaşdırma zamanı yoxlanılan tələblərin stabilliyini təmin edən zəruri şərtlərin mövcudluğunun rəsmi təsdiq edilməsidir;
İnspeksiya nəzarəti – sertifikatlaşdırma üzrə akkreditasiya edilmiş orqanların, sınaq laboratoriyalarının fəaliyyətindən, həmçinin sertifikatlaşdırılmış məhsula və onun istehsal vəziyyətinə nəzarətdir;
Sifarişçi – konkret tipli (markalı) məhsulun sertifikatlaşdırılması haqqında sertifikasiya orqanına sifariş ilə müraciət etmiş müəssisələr, təşkilatlar və vətəndaşlar daxildir;
Ekspert – auditor – sertifikasiya sahəsində bir və yaxud bir neçə növ iş aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir;
Sertifikasiya sxemi – uyğunluq sertifikasiya keçirilən zaman üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcıllığıdır.
Sertifikasiya fəaliyyətinin məqsədi əsas etibarilə əhalinin həyatı, sağlamlığı, əmək və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısının alınmasıdır. Digər mühüm cəhətlərdən biri də istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsinə köməkliyin göstərilməsi ilə yanaşı respublikada müəssisələrin və ya sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirak etmələri üçün şərait yaradılmasıdır.
Müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlığı və həmçinin beynəlxalq ticarətdə iştirakı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının iştirak etdiyi Beynəlxalq müqavilədə nəzərdə tutulan qaydalar Milli sertifikatlaşdırma sistemində nəzərdə tutulan qaydalardan fərqli olduğu halda üstünlük beynəlxalq müqavilədəki qaydalara verilir.
Sertifikasiya üzrə işlər sertifikasiya sistemləri yaratmaq yolu ilə təşkil olunur. Bu sistemlərdə həmcins məhsulun (prosesin, xidmətin) istehsal xüsusiyyətlərinin, tədarükünü, beynəlxalq sistemlərin və sazişlərin tələblərini nəzərə almaqla sertifikasiya qaydaları müəyyənləşdirilir.
Hüquqi və fiziki şəxslər özlərinə məxsus sertifikasiya sistemlərini yaratmaq və ya fəaliyyətdə olan sistemlərə qoşulmaq hüququna malikdirlər.
Sertifikasiya sistemini yaradarkən, sertifikasiya obyektləri, həmçinin yaradılmış sistemdə uyğunluğuna sertifikasiya aparılacaq normativ sənədlərin kateqoriya və növləri müəyyən edilir. Bundan başqa bu sistemdə sertifikasiyanın aparılmasının qaydaları və üsulları da müəyyən edilməlidir.
Verilmiş sertifikatların və uyğunluq nişanlarının xaricdə tanınmasını təmin etmək üçün Milli sertifikasiya sistemi beynəlxalq norma və qaydalara uyğun olaraq qurulur və fəaliyyət göstərir, həmçinin regional və digər ölkələrin milli sertifikasiya sistemi ilə qarşılıqlı əlaqədə işləyir.
Milli sertifikasiya sistemi sertifikasiya üzrə funksiyaları ilə həvalə olunmuş dövlət orqanlarının laboratoriyaları və digər dövlət təşkilatları və müəssisələrinin iştirakı üçün açıqdır. Mili sertifikasiya sistemi hər hansı bir sertifikasiya sistemi kimi, istehsalçıların, ictimai təşkilatların, sertifikasiya üzrə orqanların sınaq laboratoriyasının həmçinin bütün digər marağı olan müəssisə və təşkilatların, ayrı-ayrı şəxslərin, sistemin fəaliyyəti, o cümlədən onun qaydaları, sistemin iştirakçıları, akkreditasiya və sertifikasiyanın nəticələri haqqında informasiyadan sərbəst istifadə etməsini nəzərdə tutur. Bu halda kommersiya sirri olan informasiyanın məxfiliyi təmin olunur.
Milli sertifikasiya sisteminin rəsmi dili Azərbaycan dilidir. Sistem çərçivəsində istifadə olunan, qeydiyyatdan keçirilən və verilən sənədlər (sifarişlər, protokollar, aktlar, attestatlar, sertifikatlar və s.) Azərbaycan dilində tərtib olunur. Sifarişçinin arzusu ilə xüsusi ödənişlə sənədlərin nüsxələri istənilən dildə verilə bilər.
Sertifikatlaşdırmaya məhsulla (proseslərlə, xidmətlərlə) yanaşı proqramlar və digər elmi-texniki məhsullar, həmçinin təşkilati – texniki və informasiya sistemləri də təqdim oluna bilər.
Milli sertifikasiya sisteminin təşkilati strukturunu aşağıdakılar təşkil edir:
Sertifikasiya üzrə milli orqan;
Həmcins məhsulun sertifikasiyası üzrə akkreditasiya olunmuş orqanlar;
Akkreditasiya olunmuş sınaq laboratoriyaları (mərkəzlər);
Keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatların akkreditasiya üzrə akkreditasiya olunmuş orqanlar;
Məhsulun istehsalçıları və tədarükçüləri;
Sertifikasiya üzrə milli orqanın vəzifələri aşağıdakılardır:
Müvafiq qanunverici və icraedici dövlət orqanları ilə qarşılıqlı əlaqə əsasında respublikada sertifikasiyanın istifadə olunması, inkişafı və təkmilləşdirilməsi üzrə ümumi siyasətin işlənib hazırlanması;
Respublikada sertifikasiyanı təmin edən işlərin təşkili və koordinasiyası;
Sertifikasiya məsələləri başqa ölkələrin, beynəlxalq təşkilatların səlahiyyətli orqanları ilə müəyyən olunmuş qaydada qarşılıqlı fəaliyyəti, lazımi hallarda bu təşkilatların işində respublikanın təmsil olunması.
Sistemə daxil olan orqanların tərkibi, sertifikasiya iştirakçılarının vəzifə və məsuliyyətləri, həmçinin konkret sistemdə sertifikasiya üzrə işlərin xərcinin ödənilməsinin formaları və miqdarı ona başcılıq edən orqan tərəfindən Azərdövlətstandartın təsdiq etdiyi tariflərlə müəyyən edilir.
Sertifikasiya üzrə Milli orqan sistemlərinin qurulmasının və fəaliyyətinin ümumi prinsiplərini AZS milli sertifikasiya sisteminin strukturunu, sertifikatını, formasını, uyğunluq nişanını və onların tətbiq qaydalarını müəyyən etməklə bütün sertifikasiya sistemlərinin qarşılıqlı fəaliyyətini koordinasiya edir.
Milli orqan bütün əlaqədar tərəflərin nümayəndələrindən ibarət komissiyalarda sertifikasiya üzrə orqanların və sınaq laboratoriyalarının (mərkəzlərinin) akkreditasiyasını, həmçinin ekspert – auditorların attestasiyasını və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Bundan başqa Milli orqan AZS Milli sertifikasiya sisteminin Reyestrinin aparılması, akkreditasiya, attestasiya və sertifikasiya üzrə qiymət və tariflərin müəyyən edilməsi, sertifikasiya və ya attestasiyasının nəticələri üzrə appelyasiyalara baxılması, verilmiş konkret məhsul (proseslər və xidmətlər) növü üçün sertifikasiya orqanı olmadıqda həmin orqanın funksiyasının həyata keçirilməsi, bütün əlaqədar tərəflər üçün sertifikasiya üzrə informasiyanın açıqlığının təmin edilməsi, sistemin qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin edir.
Bu tədbirlərin həyata keçirilməsində sertifikasiya üzrə Milli orqan öz funksiyasını xüsusi səlahiyyət verilmiş orqanlara həvalə etmək hüququna malikdir.
AZS Milli sertifikasiya sistemində akkreditasiya olunmaq iddiasında olan təşkilat və laboratoriyalar (mərkəzlər) hüquqi şəxs statusuna malik olmalıdırlar. Bu təşkilat və laboratoriyaların müstəqilliyi o dərəcədə olmalıdır ki, onların inzibati tabeçilik və maliyyə vəziyyəti təşkilatların şəxsi heyətinə, kommersiya, inzibati, yaxud hər hansı başqa təsirlərin mümkünlüyünü, sertifikasiya və sınaqların nəticələrinə sifarişçilərin, yaxud digər əlaqədar tərəflərin təsir göstərməsini tamamilə istisna etsin.
Dövlət icarə, kooperativ və digər mülkiyyət formalı müəssisə və təşkilatlar sınaq laboratoriyası kimi akkreditasiya oluna bilərlər. Bundan başqa Milli sertifikasiya sisteminin qaydalarına əsasən, vəsaitlərə və sənədləşdirilmiş prosedurlara malik olan təşkilat və müəssisələr, o cümlədən (ETI və Azərdövlət standartın ərazi təşkilatları daxil olmaqla) səhmdar cəmiyyətlər, assosiasiyalar sertifikasiya üzrə orqanlar kimi akkreditasiya oluna bilərlər.
Sertifikasiya orqanı kimi akkreditasiya olunmaq və fəaliyyət göstərmək istəyən təşkilatlar lisenziya müqaviləsində Milli sertifikasiya sistemində müəyyən olunmuş bütün qayda və tələbləri qəbul etdiklərini rəsmi şəkildə bildirməlidirlər. Sertifikasiya üzrə milli orqan istehsalçılara (icraçılara) ticarət təşkilatlarına, istehlakçılara və digər əlaqədar şəxslərə fəaliyyət göstərən sertifikasiya sistemləri, onlara başçılıq edən orqanlar və həmçinin sertifikatlar, uyğunluq nişanları və onların tətbiq qaydaları haqqında informasiya verməyə borcludurlar.
Sertifikasiya sisteminə başçılıq edən orqanlar, kommersiya sirri olan məlumatlar istisna olmaqla, məhsulun sertifikasiya qayda və üsulları haqqında məlumatları əlaqədar tərəflərin diqqətinə çatdırmağa borcludurlar.
Kommersiya sirri olmayan məlumatların siyahısı sertifikasiya sisteminə başçılıq edən orqan tərəfindən müəyyənləşdirilir və əlaqədar tərəflərin nəzərinə çatdırılır.