Azərbaycan Respublikası Milli bankı
Səhmdar-Kommersiya Aqrar-Sənaye bankı
Səmdar-Kommersiya Sənaye İnvestisiya bankı
Səhmdar-Kommersiya Əmanət bankı
Beynəlxalq bank
Kooperativ və Kommersiya bankları
Azərbaycan Respublikasının Milli Məclisi respublikada bank Sisteminin tənzimləmək məqsədi ilə “Milli bank haqqında”, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanun qəbul etmişdir. Milli Banka dövlət mənafeyindən irəli gələn müstəqil siyasət yeritmək səlahiyyəti verilmişdir.
Azərbaycan Respublikasının Milli Bankı respublikanın baş bankıdır. Milli bank ölkə daxilində pul tədavülünü, nağd pul hərəkətini tənzim edir, lazım gəldikdə artıq pul kütləsini tədavüldən çəkir, tədavüldə pul azlıq etdikdə hökumətin müəyyən etdiyi miqdarda dövriyyəyə pul buraxır. Milli iqtisadiyyatı kreditləşdirmək üçün müəssisələrin, firmaların, şirkətlərin artıq pul vəsaitini, büdcənin mədaxilini və əhalinin əmanətlərini banka cəlb etməklə kredit fondu yaradır, hüquqi və fiziki şəxslərə kredit verir, qiymətli kağızlar üzrə bank əməliyyatlarına nəzarət edir və i.a.. “Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsi olan kağız və metal pulun emissiyası onların tədavülə buraxılması və tədavüldən çıxarılmasının təşkili qaydalarının müəyyənləşdirilməsi üçün müstəsna hüquq Milli Banka məxsusdur”.
Bazar iqtisadiyyatına keçid dövründə banklar iqtisadiyyatın daha sürətlə inkişaf edən sahəsinə çevrilmişdir. Güclü maliyyə potensialına malik banklar olmasa iqtisadiyyatı inkişaf etdirmək olmaz. Onlar ölkənin sosial-iqtisadi inkişafına maliyyə təminatı yaratmaqla iqtisadi islahatların reallaşmasında böyük rol oynaya bilərlər. Mahiyyət etibarı ilə bankların başlıca funksiyası ölkənin iqtisadi inkişafına xidmət etməkdir.
Banklar yerinə yetirmiş olduqları əməliyyatların xarakterinə görə üç əsas tipə bölünürlər: emissiya, səhmdar-kommersiya və ixtisaslaşdırılmış banklar.
Emissiya banklarının kredit pulları banknot buraxmaq (emissiya) ixtiyarı vardır. Bu bankda ölkənin qızıl ehtiyatları toplanır. Bu bank ölkə qanunvericiliyinə əsasən banknot buraxılışında inhisar hüququna malikdir. Bu bank respublikamızda milli bankdır. Milli bank ölkədə pul tədavülünü tənzim edir və lazım gəldikdə əlavə pul buraxmaq və pulu dövriyyədən çıxarmaq hüququna malikdir.
Milli bank adətən ayrı-ayrı müəssisələr, firmalar və sahibkarların kreditləşdirilməsi ilə məşğul olmur. Bu əməliyyatların həyata keçirilməsi ilə səhmdar-kommersiya bankları məşğul olurlar. Belə ki, səhmdar-kommersiya bankları müəssisələr, firmalar və ayrı-ayrı vətəndaşların kreditləşdirilməsini həyata keçirir.
Səhmdar-kommersiya bankları əmanətlərin kredit sisteminə cəlb edilməsi, müəssisələrə, firmalara, şirkətlərə kreditin buraxılması, göstərilən strukturlar arasında haqq-hesablar üzrə yuxarıda göstərilən əməliyyatların mühüm kütləsini yerinə yetirir, həmçinin də fond, komisyon və valyuta əməliyyatları ilə məşğul olur.
Belə ki, kreditlər müddətindən asılı olaraq qısa və uzunmüddətli olurlar. Səhmdar-kommersiya bankının əsas vəzifəsi borc alanların öz kommersiya əməliyyatlarını yerinə yetirmək üçün əlavə pul vəsaitinə olan tələbatını ödəməkdən ibarətdir. Səhmdar-kommersiya banklarının şəbəkəsi bazar iqtisadiyyatına keçidlə əlaqədar get-gedə genişlənir. Lakin, eyni zamanda maliyyə vəsaitinin çatışmamazlığı və ölkə iqtisadiyyatının böhran keçirməsi ilə əlaqədar olaraq tez bir zamanda iflasa uğrayırlar. Bunlarla yanaşı bir sıra xarici özəl banklar güclü rəqabət aparma qabiliyyətinə malik olduqlarına görə respublikanın maliyyə-kredit sistemində aparıcı mövqe tuturlar. Bu işdə Azərbaycan dövləti düzgün bank, pul-kredit siyasəti yeritməli, yəni milli və yerli səhmdar-kommersiya banklarının inkişafına şərait yaradılmalıdır.
Bankları təsərrüfat əlamətlərinə görə də təsnifləşdirmək olar. Təsərrüfat əlamətlərinə görə banklar sənaye, kənd təsərrüfatı, ticarət və xarici ticarət bankına bölünür.
Respublikada Səhmdar-Kommersiya Əmanət və İnvestisiya banklarının şəbəkəsi geniş yayılmışdır. İnvestisiya bankları depozit əməliyyatları aparmasalar da ölkədə olan müəssisə, firma və şirkətlərin modernləşdirilməsi üçün Mərkəzi bankın resurslarından və xarici ölkələrin kredit resursları mənbələrindən istifadə etmək imkanına malikdirlər.
İnvestisiya bankları uzunmüddətli kapitalı səfərbər edir, istiqrazların və digər növ kağızlarının buraxmaq və yerləşdirməklə vəsaitlərinin əsas hissəsi ödəniş müddəti uzun olan sənaye və tikinti müəssisələrinin inşasına yönəldilir.
Bank sistemində inovasiya bankları, xüsusi təyinatlı fondlar, qarşılıqlı kredit cəmiyyətlərin, lombardlar, qarşılıqlı yardım kassaları şəbəkəsi fəaliyyət göstərir.
Bankları mülkiyyət əlamətlərinə görə də təsnifləşdirmək olar. Mülkiyyətin xarakterizə uyğun olaraq banklar, dövlət, səhmdar, kooperativ, xüsusi, bələdiyyə və müştərək banklara bölünür.
Bankların işində qiymətli kağızların buraxılmasının düzgün təşkili mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, kredit resursları bazarının yaradılması ilə qiymətli kağızlar bazarı yaranır. Banklar yeni fəaliyyət növləri, qiymətli kağızlara əməliyyatlar, lizinq, faktorinq və s. əməliyyatları aparmaqla məşğul olur. Bu ona gətirib çıxarır ki, bank resursları tərkibində pul vəsaitləri, əmtəə-maddi qiymətləri və qiymətli kağızları (səhmlər, istiqrazlar, xəzinə öhdəlikləri, əmanət sertifikatları və s.) birləşdirir. Dünya ölkələrində qiymətli kağızlar bazarı iki növ – amerikan (qanun üzrə kommersiya banklarına fond birjalarında ticarət əməliyyatları aparmaq qadağan edilir) və alman (fond birjalarında banklara daha çox üstünlük verilməsi) modeli üzrə inkişaf etdirilir. Azərbaycanda isə daha çox alman modelinə üstünlük verilir.
Respublika banklarında müxbir hesabdan da istifadə olunur. Müxbir hesabı bağlanmış müxbir müqaviləsi əsasında müəyyən bankın tapşırığı ilə öz hesabına başqa bir bankın ödədiyi hesablaşmaların göstərildiyi hesabdır. Müxbir hesabları qarşılıqlı əsaslarla açılır.
Kommersiya bankları arasında hesablaşmalar hesablaşma mərkəzi vasitəsi ilə aparılır. Belə mərkəz respublika şəhər, rayon səviyyəsində yaradıla bilər. Müxbir hesabı ilə hesablaşmalar yalnız orada olan vəsaitin həcmində aparıla bilər.
Beynəlxalq hesablaşmalara görə müxbir hesablaşmaları 2 növə ayrılır: “Nostro” və “Loro” hesabları. Bank “Nostro” hesablarını (bizim müxbir bankdakı hesablarımız) xarici müxbir-banklarda açır; “Loro” hesabları (onların bizim banklardakı hesabları) müxbir-bankların adına açılır. Bir bankdakı “Nostro” hesabı, eyni zamanda müxbir-bank üçün “Loro” hesabı olur.
Banklar arası müxbir hesab üzrə həyata keçirən hesablaşma münasibətləri müxtəlif ölkələrin bank sistemlərinin inteqrasiyasıdır. Xarici iqtisadi əlaqələr üzrə nağdsız hesablaşmalara əsasən xarici iqtisadi əlaqələr bankı və başqa banklar lisenziya əsasında məşğul olurlar. Belə ki, bu banklar ölkənin valyuta fondunu saxlayır, dövlətin xarici ticarət və başqa beynəlxalq haqq hesabına icra edilir.
Pul-kredit siyasəti və onun sağlamlaşdırılması yolları.
Bazar iqtisadiyyatı şəraitində dövlətin mühüm tənzimləmə funksiyalarından biri makroiqtisadi sabitləşmənin həyata keçirməkdən ibarətdir. Dövlət büdcə-vergi, kredit-pul siyasətindən istifadə edərək böhran hallarının qarşısını almaq, işsizliyi azaltmaq, inflyasiyasının qarşısını almaq əsasında iqtisadi artımın təmin edilməsinə nail olur.
Azərbaycanda bazar iqtisadiyyatına keçid şəraitində inflyasiyanın gücləndiyi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü, bank sisteminin işinin lazımı qaydada təşkil edilmədiyi, pul dövriyyəsinin pozulduğu dövrdə iqtisadi böhranın aradan qaldırılması pul-kredit siyasətinin düzgün həyata keçirilməsindən çox asılıdır. Bazar iqtisadiyyatına keçid şəraitində ölkənin iqtisadiyyatının idarə olunması, istehsal, tədavül və xidmət sahələrindən bir çox problemlərin həlli bank fəaliyyətinin çevik və səmərəli qurulmasından asılıdır. İqtisadiyyatın sabitləşməsində, inflyasiyanın zəifləməsində və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında pul-kredit siyasətinin həyata keçirilməsinin əhəmiyyətini nəzər alaraq, Azərbaycan Respublikasının Milli Məclisi “Valyuta tənzimi haqqında” qanun qəbul etmişdir. Respublikada pul-kredit siyasətinin əsas istiqamətlərindən irəli gələn vəzifələr istehsalın aşağı düşməsini dayandırmaq, inflyasiyanı cilovlamaq, milli valyutanın (manatın) məzənnəsini sabitləşdirmək, xarici ticarət balansında müsbət saldoya nail olmaq və investisiya qoyuluşundakı maneələri aradan qaldırmaqdan ibarətdir.
Dövlətin pul-kredit kimi iqtisadi vəsaitlər ilə iqtisadiyyatı tənzimləməsi əsasən banklar vasitəsilə həyata keçirilir. Kredit pul siyasətinin aşağıdakı vacib cəhətləri vardır:
- açıq bazarda əməliyyatlar aparmaq, yəni dövlət qiymətli kağızlarının (əsasən dövlət istiqrazlarının) alqı-satqısını həyata keçirmək;
- uçot-faiz siyasəti, yəni müxtəlif bankların mərkəzi bankdan borc götürə bildiyi ehtiyatlar üçün faizin səviyyəsini müəyyən etmək;
- banklar və digər maliyyə təşkilatları üçün ehtiyatlara olan tələbatın rəsmi kursunu dəyişdirmək.
Pul-kredit siyasətinin dövlət tərəfindən tənzimlənməsi yalnız o zaman səmərə verir ki, dövlət mərkəzi bank vasitəsilə bütün bank sisteminə təsir və nəzarət edə bilsin. Dövlət kredit əməliyyatlarının və pul emissiyasının həcminin tənzimlənməsini həyata keçirir.
Kreditlərin ayrı-ayrı növləri üzrə nəzarət qiymətli kağızların girov qoyulması əsasında götürülən kreditlərdə, istehlak kreditlərində, ipoteka kreditində daha çox istifadə olunur.
Dövlətin əsas vəzifələrindən biri bank vasitəsi ilə pul dövriyyəsini təmin etməkdən ibarətdir. Pul dövriyyəsi nağd və nağdsız tədavülün ciddi, iqtisadi cəhətdən əsaslandırılması və qanunlarla tənzimlənməsi əsasında həyata keçirilir.
Pul tədavülünün tənzimlənməsində əsas yeri pula olan tələb və təklifin müəyyən edilməsi tutur. Tədavül üçün zəruri olan pulun miqdarı pulun dövriyyə sürətindən asılıdır.
Pul dövriyyəsinin inkişafı pulu müstəqil dəyəri olmayan nişanlarla əvəz etməyə imkan verir. Kağız pullar natamam dəyərli sikkələr kimi dövriyyədə qızıl pul əmtəəsini əvəz edir.
Uzun bir tarixi proses nəticəsində Azərbaycanda milli valyuta kimi manat işlədilməyə başlanmışdır.
Kağız pullar onların icbari kursunu müəyyən edən dövlət tərəfindən dövriyyəyə buraxılır. Ümumiyyətlə, dövlətin iqtisadi gücü, onun milli valyutasının gücü ilə ölçülür.
Azərbaycan Respublikasının milli valyutası tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldən olan pul nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası Milli Bankının bank biletləri (banknotları) şəklində olan manatlar və sikkələrdir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Milli Bankının müəyyən etdiyi qaydada və məqsədlər üçün Azərbaycan Respublikasının daxili valyuta bazarında xarici valyutanı satmaq və almaq hüququna malikdirlər.
Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadi böhrandan çıxmaq üçün hər şeydən əvvəl, milli valyutanın dönərliyi, yəni onun arxasında məhsul və qızılın durması təmin edilməlidir. Valyuta nə qədər dəyərdən düşərsə, dövlətin inzibatçılığa meyli də bir o qədər artır.
Kağız pulların həddindən artıq buraxılması və onların qiymətdən düşməsi inflyasiyaya gətirib çıxarır.
Bazar iqtisadiyyatına keçid şəraitində qiymətlərin sərbəstləşdirilməsi inflyasiyanın formasını dəyişmiş və onun inkişafını sürətləndirmişdir. İnflyasiyanın sürətlə inkişafı əsasən istehsalın və əmək məhsuldarlığı səviyyəsinin azalması, əhalinin gəlir və xərcləri arasında disproporsiyanın artması, xammal-enerji ehtiyatlarının qiymətinin artması, büdcə vəsaitlərinin böyük bir hissəsinin müdafiə xərclərinə yönəldilməsi ilə izah olunur.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, pul-kredit siyasəti vaxt səmərəli həyata keçirilir ki, o, büdcə, valyuta, investisiya, vergi, gömrük, qiymət göstəriciləri ilə qarşılıqlı əlaqədə olsun.
Respublikada pul-kredit islahatlarının ən başlıca istiqamətləri pul-kredit münasibətlərinin liberallaşdırılması, yəni pul kredit sahəsində bazar iqtisadiyyatına əngəl törədən səbəblərin aradan qaldırılması, səmərəli bank fəaliyyətinin təşkili və bank fəaliyyəti üzərində nəzarətin gücləndirilməsindən ibarətdir.
Bazar iqtisadiyyatına keçid şəraitində respublikanın bank sisteminin işinin sağlamlaşdırılması və inkişafının real yolları müəyyənləşdirilməlidir. Onların təminatsız, ümidsiz kreditlər verib, həddindən çox riskli əməliyyatlar aparıb ağır vəziyyətə düşmələri büdcə vəsaiti hesabına kompensasiya edilməlidir. Yanlış bank, pul-kredit siyasətinin məntiqi, nəticəsi olan bankların maliyyə vəziyyətinin ağırlaşması, vergi tədiyyəçiləri hesabına ödənilməlidir.
Bazar iqtisadiyyatına keçid bank sisteminin infrastrukturunun yaradılmasını təkidlə tələb edir. Azərbaycan bank sistemi iqtisadi islahatların həyata keçirilməsi nəticəsində yaranmış yeni sahələrin, qiymətli kağızlar bazarının, sığorta xidmətlərinin möhkəmləndirilməsinə xidmət göstərməlidir.
Dostları ilə paylaş: |