3. Dünya iqtisadiyyatının mahiyyəti, xüsusiyyətləri və fərqli cəhətləri
Təbiətin və cəmiyyətin üzdə görünən və üzdə görünməyən sirlərinin, qanunauyğunluqlarının öyrənilməsinin çox qəribə bir xüsusiyyəti vardır. Uzun illər boyu üzrərində tədqiqatlar apararaq, böyük əmək sərf edərək əldə edilən nəticələr sonralar çox sadə və hamının dərk edə biləcəyi adi həqiqətə çevrilir. Milli iqtisadiyyatların dünya təsərrüfat sistemindəki rolunun, dünya sisteminin və iqtisadiyyatının vəhdətliyinin dərk edilməsi, dünya iqtisadiyyatının milli iqtisadiyyatlara də əksinə, güclü təsir göstərməsinin mənimsənilməsi, qlobal problemlərin ancaq bütün ölkələrin birgə səyi nəticəsində həll edilə bilməsi faktının dərk edilməsi və s. bu kimi indi çoxlarının başa düşdüyü problemlər də bu prosesi keçmişlər... Bu cür indi sadə görünən məslələrin dərk edilməsi insanlara böyük bəşəri odeyaların həyata keçirilməsinə yol göstərdi, dünya və onun iqtisadiyyatı haqqında düşüncələri dəyişdirdi və sağlam dünya iqtisadiyyatının formalaşdırılması zərurətini meydana çıxartdı.
Ümumiyyətlə götürdükdə insan fəaliyyəti olduqca mürəkkəb, çoxcəhətli və qarmaqarışıqlıdır. Bu fəaliyyət ilk vaxtlar bir dövlətin sərhədləri çərçivəsində baş verirdi və birinci növbədə maddi nemətlər və xidmətlər istehsal edilməsində, elmdə və mədəniyyətdə, siyasətdə və ideologiyada öz əksini tapırdı. Belə fəaliyyətlə ortaya çıxan və insanlar arasında baş verən müxtəlif xarakterli münasibətlər və yaşayış tərzləri də bir dövlət daxilində baş verirdi.
Dünya miqyasında məhsuldar qüvvələrin sürətli inkişafı nəticəsində insan fəaliyyəti ölkədaxili çərçivədən ölkələrdaxili çərçivəsinə keçir, bütün ölkələri bütöv bir daha əhatə etməyə başlayır. Belə olan halda insanlar arasında meydana çıxan siyasi, iqtisadi, mədəni və s. əlaqələr, dövlətlər və regionlar arasında meydana çıxan yeni münasibətlərlə zənginləşir. Nəticədə insan fəaliyyəti mürəkkəbləşir, qarşılıqlı ziddiyyətlərlə zəngin olur. Bu ziddiyyətlərin həll edilməsi yolu isə bir ölkə daxilində baş verən ictimai istehsaldan yox, bütün planeti əhatə edən dünya istehsalından – beynəlxalq iqtisadiyyatdan keçir.
İnsanlar öz tələbatlarını ödəmək üçün maddi nemətlər istehsal edirlər və çoxdan məlumdur ki, bir ölkə daxilində istehsalın genişləndirilməsi ilk növbədə təbii resurslardan asılı olur. Hava şəraiti, təbii resurslar, toprağın yararlığı ciddi şəkildə ölkələrin iqtisadi inkişafına təsir göstərir. Lakin hər bir ölkədə və dünya miqyasında baş verən daxili proseslərin məğzini təbii amillərlə izah etmək həmişə doğru nəticə çıxarmağa imkan vermir. Təbii şərtlər bu və ya digər səviyyədə daimidir. İqtisadi inkişaf isə dinamikdir. Təxminən eyni təbii şəraitdə ayrı-ayrı cəmiyyətlər tam müxtəlif olan ölkələrin iqtisadi inkişafının ümumi və oxşar şəkildə olması halı heç də nadir hal deyil.
İqtisadi proseslərin intensivliyində təbii amillər nə qədər güclü qüvvəyə malik olsalar da sonda iqtisadiyyatın inkişafında həlledici rolu sosial-iqtisadi quruluş və dövlətin seçdiyi iqtisadi model oynayır. Çoxlu sayda dünya təcrübəsi, alimlərin müşahidələri bəşəriyyətin fikrini belə bir məsələyə yönəltmişdir ki, özü-özlüyündə maddi istehsal da, insanların rifah halı da hansısa çox güclü, lakin ilk baxışdan nəzərə çarpmayan ictimai və dünyəvi amil və qanunauyğunluqlara tabedir. Bu qanunauyğunluqları aşkarlamaq və təcrübədə onlardan istifadə etmək üçün bir elm sahəsi tələb olunurdu. Məhz belə bir elmlə Dünya iqtisadiyyatı elmi məşqul olmalıdır.
İnsanların iqtisadi proseslərin sirlərini öyrənmək istəyini təkcə özünüdərketmə, dünyəvi problemlərin dərinliklərində müdaxiləetmə xüsusiyyətləri kimi daxili can atmalar ilə izah etmək düzgün olmazdı. Bu həm də onların iqtisadi həyatın müxtəlif – həm lokal və həm də qlobal-miqyaslarda tənzmilənməsinə yönələn maraqlarından doğur və insanların obyektiv tələbatlarının ödənilməsi ilə əlaqədardır. İnsanlar həmişə çalışmışlar ki, iqtisadi proseslərə təsir göstərsinlər və mümkün qədər onların öz istədikləri istiqamətdə yönəldə bilsinlər. Bu istək subyektlərin istəyi olsa da onun obyektiv əsası vardır və daha güclüdür. Məhz bu obyektiv tərəf insanları getdikcə belə bir nəticəyə gəlməyə vadar etdi ki, iqtisadityyat dünya miqyasında inkişaf etməlidir. Bundan başqa, qapalı iqtisadiyyatların meydana gəlməməsi üçün də dünya iqtisadiyyatının optimal inkişafı tələb olunurdu.
Qapalı iqtisadiyyat ilk növbədə milli hökumətin (dövlətin) iqtisadiyyatını durğunluğa düçar edir, dünya elmindən, təcrübəsindən vaxtında və səmərəli istifadə edilməsinə əngəl törədir. Bizim öz respublikamız da daxil olmaqla digər keçimiş sosialist dövləti adlanan ölkələrin hazırda düşdükləri vəziyyət bunu bir daha sübut edir. Məlumdur ki, Rusiya kimi böyük bir dövlət də daxil olmaqla keçmiş postsovet ölkələri hələ də transmilli korporasiyaları ilə məşhur olan, bazar iqtisadiyyatı sahəsində dərin təcrübəyə malik olan inkişaf etmiş ölkələrlə rəqabətdə uduzurlar. Təbii resurslarla zəngin, sənayesini inkişaf etdirməyə daxili imkanları və böyük hərbi gücü olan Rusiya XX əsrdə öz iqtisadiyyatını ABŞ, Yaponiya və Qərbi Avropa ölkələri səviyyəsinə qaldıra bilmədi. Milli iqtisadiyyatın strukturunu zaman-fəza daxilində operativ dəyişməyi bacarmayan Rusiya bu gün təkcə inkişaf etmiş ölkələrdən geri qalmır. Ən mühüm göstəricilər üzrə o heç kiçik ölkələrlə də yarışa girə bilmir. Məsələn, 1997-ci ildə Rusiyada adambaşına düşən ümumi milli məhsulun dəyəri Estoniyanın həmin ildə əldə etdiyi eyni göstəricidən az olmuşdur. Bunun əsas səbəbi Rusiyanın uzun müddət dünya iqtisadiyyatına inteqrasiyasının zəif olması idi.
Hərtərəfli sosial-iqtisadi inkişaf ərazi iqtisadiyyatının dərindən öyrənilməsini tələb edir. Heç olmasa ona görə ki, istehsal sahələri də bu ərazilərdə fəaliyyət göstərir. Lakin çox zaman bir iqtisadiyyatı onun sahələrin üzrə xarakterizə edirik və öyrənirik. Bazar iqtisadiyyatı şəraitində isə iqtisadiyyatın ərazi baxımından öyrənilməsinin əvəzolunmaz əhəmiyyəti vardır. Axı son nəticədə istehsal olunan məhsula və ümumiyyətlə, məhsuldar qüvvələrin inkişafına ərazinin mühiti güclü təsir göstərir. Ekoloji təmiz məhsul istehsalı isə bilavasitə texnika və texnologiyadan deyil ərazidən, ətraf mühitdən asılıdır. Ərazinin istehsalda rolunu qeyd etdikdən sonra ərazilərin bir-biri ilə əlaqədar olması bə bir-birinə təsir etməsi haqqında danışmaq olar. Məlum olduğu kimi, biz kənd, şəhər, ölkə, cənub, şərq və şimal və s. kimi ərazilərə fərqləndirsək də bunlar hamısı bir-biri ilə əlaqədardırlar və sonda vəhdətlik təşkil edən Yer kürəsində yerləşirlər. Yəni bütün ərazi vahidləri tamın – Yer kürəsinin bir hissələridir. Eynilə hər bir ərazi vahidinin (kəndin, qəsəbənin, şəhərin, ölkənin, regionun) iqtisadiyyatı da yer kürəsi (dünya) iqtisadiyyatının bir hissəsidir.
Deməli, milli iqtisadi sistemlər ilə dünya iqtisadiyyatı arasında olan münasibətləri tənzimlənməsi, inkişaf qanunauyğunluqlarırının öyrənilməsi məsələsi ortaya çıxır ki, bunun da obyektiv əsası vardır. Bu obyektiv əsas fəlsəfi cəhətdən də izah oluna bilər. Söhbət burada ümuminin (dünya iqtisadiyyatının) təkin və xüsusinin (milli iqtisadiyyat sistemlərinin) qarşılıqlı əlaqəsindən, oxşarlığından və fərqli əlamətlərindən gedir. Dünya iqtisadiyyatı elminin (fənninin) meydana gəlib inkişaf etməsinin obyektiv əsasını da burada axtarmaq lazımdır. Lakin bir şey nəzərə alınmalıdır ki, dünya iqtisadiyyatının öyrənilməsinin son məqsədi milli iqtisadi yarımsistemlərin optimal inkişafını təmin etməkdir. Lakin bu optimallığa nail olmaq üçün birincisi, ümumi ilə xüsusi və təklərin oxşar əlamətlərinin, ikincisi, tama daxil olan komponentlərin (subyektlərin, ölkələrin) arasında fəaliyyət göstərən qanunauyğun əlaqə formalarını dərindən öyrənmək, aşkar etmək və prosesi idarə etmək lazımdır. Bu məsələlərin həllinin zəruriliyi isə dünya iqtisadiyyatı fənninin bir elm kimi meydana gəlməsinə səbəb olmuşdur.
Beləliklə də, “Dünya iqtisadiyyatı” (Dİ) fənninin meydana gəlib inkişaf etməsinin əsas obyektiv səbəbi ayrıca götürülmüş dövlətin öz sərhədləri daxilində lazımi səviyyəsə inkişaf edə bilməməsi faktı və milli iqtisadiyyat sistemlərinin dünya təsərrüfatı sisteminə qovuşması tələbatının meydana çıxmasıdır. Belə bir tələbat əslində həmişə olmuşdur, lakin keçən əsrin ortalarında bu daha aydın görünməyə başlamışdır. XX əsrin sonu XXI əsrin əvvəlində isə bu problem qlobal qanunauyğunluq şəklini almışdır.
Bu gün fəaliyyət göstərən dünya təsərrüfat sistemi 50-100 il bundan öncə mövcud olmuş dünya iqtisadiyyatından özünün mürəkkəbliyi, dinamikliyi, daim dəyişikliklərə məruz qalması ilə fərqlənir. Dünya iqtisadiyyatı bu gün daha çox tam görünür, hər bir ayrıca götürülmüş ölkə üçün daha cəlbedicidir. Bu dəyişikliklərin meydana gəlməsində aparıcı rolu yüksək sürətdə inkişaf edən məhsuldar qüvvələrin beynəlmilləşməsi və qloballaşması prosesi oynayır. Transmilli korporasiyalar və transmilli banklar dünyanın və onun yarımsistemlərinin iqtisadiyyatında struktur dəyişikliklərinin günün tələblərinə uyğun formada getməsinə kömək edirlər.
Dərc edilmiş elmi və tədris-metodik ədəbiyyatlarda “Dünya iqtisadiyyatı”nın mahiyyəti, izahı müxtəlif şəkildə verilir və əlavə olaraq “Dünya təsərrüfatı”, “Dünya təsərrüfat sistemi”, xarici və təcrübə ədəbiyyatlarda isə “Beynəlxalq iqtisadiyyat” terminlərindən də istifadə edilir. Demək olar ki, bütün müəlliflər “Dünya iqtisadiyyatı” ilə “Dünya təsərrüfatı” və “Dünya təsərrüfat sistemi” terminlərinin izahı arasında ciddi bir fərq qoymurlar. “Beynəlxalq iqtisadiyyat” termini isə müasir çap materiallarında istifadə ilə yanaşı dünya iqtisadiyyatının nəzəri məsələləri və beynəlxalq iqtisadi əlaqələr təşkil edir.
Sadə şəkildə dünya iqtisadiyyatı milli iqtisadiyyatların cəmi kimi qiymətləndirilir. Lakin bu mexaniki toplu olmaqdan çox uzaqdır. Təəssüflə qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatına aid olan ədəbiyyatlarda bu cəhətə çox fikir verilmir və “ölkə iqtisadiyyatı” və “Dünya iqtisadiyyatı” anlayışlarının oxşar və fərqli cəhətləri geniş oxucu kütləsinə lazımi səviyyədə çatdırılmır.
Adətən “Ölkə iqtisadiyyatı” dedikdə, konkret bir ölkənin tərkib hissələrinin (kəndlərin, qəsəbələrin, rayonların, regionların) iqtisadiyyatlarının cəmi başa düşülür. Bu cür yanaşma eynilə dünya miqyasında həyata keçirilərsə onda, yəqin ki, dünya iqtisadiyyatı ölkə iqtisadiyyatının cəminə bərabər olmalıdır.
Ölkə və dünya iqtisadiyyatlarının özünəməxsus xüsusiyyətləri vardır. Dünya iqtisadiyyatının xüsusiyyətləri isə daha çoxdur, daha mürəkkəbdir, daha gec dərk olunandır. Bir ölkə iqtisadiyyatının inkişafı ilə dünya iqtisadiyyatının inkişafı istiqamətlərində, amillərində və şərtlərində müəyyən oxşar əlamətlər olsa da onları fərqləndirən cəhətlər daha çoxdur.
“Dünya iqtisadiyyatı” anlayışının mahiyyətini açan əsas cəhətlər 1 saylı cədvəldə verilmişdir.
Cədvəl 1
Ölkə və dünya iqtisadiyyatlarının fərqləndirici cəhətləri
Ölkə (bir dövlətin) iqtisadiyyatı
|
Dünya iqtisadiyyatı
|
Sərhədlə məhdudlaşır
|
Bütün dünyanı əhatə edir
|
Ölkədaxili iqtisadi rayonların iqtisadiyyatının cəmidir
|
Dövlətlərin iqtisadiyyatının cəmidir
|
Dövlətin və dövlət strukturlarının fəaliyyətindən asılıdır
|
Dünyanın aparıcı ölkələrinin və dünya əhatəli strukturların fəaliyyətindən asılıdır
|
Fərdi, xüsusi və ümumi əmək bölgüsü inkişaf etdikcə inkişaf edir
|
Beynəlxalq əmək bölgüsü inkişaf etdikcə inkişaf edir
|
Beynəlxalq vəziyyətin güclü təsiri yoxdur
|
Beynəlxalq vəziyyətin güclü təsiri var
|
Daxili bazarın qanunauyğunluqlarına görə inkişaf edir
|
Dünya bazarının qanunauyğunluqlarına görə inkişaf edir
|
Bazar iqtisadiyyatının obyektiv qanunlarından kənarlaşa bilər
|
Bazar iqtisadiyyatının obyektiv qanunlarına maksimum tabe olur
|
Qarşılıqlı ziddiyyətlər çox da güclü deyil
|
Qarşılıqlı ziddiyyətlər çox güclüdür
|
Qarşılıqlı əlaqələr sadədir, tez həll olunandır
|
Qarşılıqlı əlaqələr çox mürəkkəbdir. Çətin həll olunandır.
|
Sadə tərkibə malikdir
|
Mürəkkəb tərkibə malikdir
|
Inkişafı əsasən bir dövlətin siyasətindən asılıdır
|
Inkişafı bütün dövlətlərin siyasətindən asılıdır
|
Ölkə (bir dövlətin) iqtisadiyyatıdır
|
Dünya iqtisadiyyatı – bütün ölkələrin iqtisadiyyatıdır
|
Əsasən bir dövlətin maraqlarına xidmət
|
Bütün dünyanın maraqlarına xidmət edir
|
Bir ölkədə yaşayanların tələbatlarının ödənilməsi qayğısına qalır
|
Dünya əhalisinin tələbatlarının ödənilməsi qayğısına qalmağa meyllidir
|
Lokal problemlərin həlli yollarını axtarır
|
Qlobal problemlərin həlli yollarını axtarır
|
Zəif, epizodik, dinamik inkişafa malikdir
|
Güclü daimi dinamik inkişafa malikdir
|
Əsasən ölkə ticarətinin təsiri altındadır
|
Dünya ticarətin təsiri altındadır
|
Əsasını maddi və mənəvi milli istehsal, onun bölgüsü, mübadiləsi və istehlakı təşkil edir
|
Əsasını maddi və mənəvi varlığın beynəlxalq istehsalı, onun bölgüsü, mübadiləsi və istehlakı təşkil edir
|
Vahid bir sistemdir
|
Nisbətən vahid sistemdir (vahid sistemə
çatmağa can atan sistemdir)
|
Lokal təfəkkürlər üzərində qurulur
|
Qlobal təfəkkürlər üzərində qurulur
|
Məhsuldar qüvvələri bir ölkə daxilində formalaşdırır və inkişaf etdirir
|
Planetar səviyyədə məhsuldar qüvvələri formalaşdırır və inkişaf etdirir
|
Beynəlxalq vəziyyətə güclü təsir göstərmir
|
Beynəlxalq vəziyyətə güclü təsir göstərir
|
4. Beynəlxalq iqtisadi inteqrasiya və beynəlxalq əməkdaşlıq
XX əsrin ikinci yarısından etibarən inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında təsərrüfat həyatının beynəlmilləşməsi aparıcı mövqe tutmağa başlayır. Beynəlxalq əmək bölgüsünün dərinləşməsi nəticəsində bu ölkələrdə beynəlmiləlləşmə prosesi güclənir və onlar qruplaşıb müəyyən iqtisadi inhisara malik zonaları yaradaraq beynəlxalq inteqrasiya mərkəzlərinə çevrilirlər. Son dövrlərdə dünya ölkələrində məhsuldar qüvvələrin inkişafındakı yeni irəliləyişlər elmi-texniki nailiyyətlərin istehsala geniş tətbiq edilməsi, inkişaf etmiş ölkələrdə bu nailiyyətlərin milli dövlət hüdudlarından kənara çıxması, beynəlxalq inteqrasiya prosesinin yaranmasına və inkişafına gətirib çıxartdı.
“İnteqrasiya” termini latınca “interqatio” sözündən olub Azərbaycan dilində “müxtəlif hissələrin bir tam kimi birləşməsi, bütövləşməsi”, mənasını verir. Beynəlxalq iqtisadi inteqrasiya dünya ölkələri arasında məhsulların və istehsal amillərinin sərbəst hərəkətini, yəni onların istehsal olunduğu və satışa göndərildiyi ölkələrdə heç bir məhdudiyyət qoyulmadan hərəkətinin birgə təmin edilməsi prosesidir. Başqa sözlə, beynəlxalq inteqrasiya əmtəə, xidmət, kapital və istehsalın digər amillərinin dünya ölkələri arasında sərbəst hərəkətinin birgə təmin edilməsidir. Dünya miqyasında bir-biri ilə iqtisadi inteqrasiya əlaqələrinə girən ölkələr bu yolla öz istehsal xərclərini azaltmağa, istehsalın səmərəliliyini yüksəltməyə və bunların nəticəsində də əhalinin ümumi rifah səviyyəsini artırmağa çalışırlar.
Dünya ölkələri arasında beynəlxalq iqtisadi inteqrasiya prosesinin yaranması və inkişafı bir sıra amillərdən asılıdır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
1. Dünya ölkələri arasında beynəlxalq əmək bölgüsünün dərinləşməsi və artması.
2. İstehsalın beynəlmilləşməsinin və kooperasiyalaşmasının güclənməsi.
3. Milli iqtisadiyyatların açıq xarakter almasının sürətlənməsi.
4. Elmi-texniki nailiyyətlərin dünya səviyyəsinə çıxması.
Dünya ölkələri hal-hazırda iki amil üzrə-regionla yaxınlaşma və “beynəlxalq yaxınlaşma” üzrə iqtisadi inteqrasiyaya girirlər. Bunlardan biri coğrafi cəhətdən yaxın olan, nəqliyyat və digər xərclərin az tələb olunduğu ölkələrin inteqrasiya olunduqları coğrafi amildir. Digər cəhət isə dünya ticarətində tətbiq edilən gömrük tarifləri nisbətən məhdud olduqda həmin ölkələr beynəlxalq inteqrasiyaya daha çox meyl göstərirlər.
Beynəlxalq inteqrasiya dünya ölkələri arasında dörd formada həyata keçirilir.
1. Azad ticarət zonaları yaratmaq. Bu, iqtisadi inteqrasiyanın ən sadə forması olub, həmin quruma daxil olan ölkələrin öz aralarında həyata keçirdikləri ticarət əlaqələrində gömrük tariflərinin və digər məhdudiyyətlərin aradan qaldırılmasına əsaslanır. Dünya iqtisadiyyatında azad ticarət zonası ilk dəfə 1960-cı ildə Latın Amerikasında yaradılan LAFTA və İngiltərənin təşəbbüsü ilə eyni vaxtda yaradılan Avropa azad ticarət zonası olan EFTA-dır.
2. Gömrük birliyi. Bu azad ticarət zonasında nisbətən daha geniş yayılmış bir formasıdır və ona üzv olan ölkələr arasında ticarət gömrük məhdudiyyətləri aradan götürülür. Dünya təsərrüfatında ilk gömrük birliyi 1833-cü ildə yaradılmış Alman gömrük birliyidir.
3. Ümumi bazar. Bu, iqtisadi inteqrasiyanın daha mürəkkəb formasıdır. Həmin formada ölkələr arasında gömrük məhdudiyyətləri təkcə ticarət sahəsində deyil, həm də kapitalın və iş qüvvəsinin bu ölkələr arasında hərəkəti zamanı aradan götürülür. Beynəlxalq iqtisadi birliyin ümumbazar formasına misal olaraq 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyini göstərmək olar. Avropa İqtisadi Birliyi (AİB) ilk yaradılarkən, buraya 6 Qərbi Avropa ölkəsi – Belçika, Hollandiya, İtaliya, Lüksemburq, Fransa və AFR daxil idi. Sonradan bu birliyə İngiltərə, Danimarka, Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya daxil olaraq onun hüdudlarını daha da genişləndirirdilər. Ona görə də bu birliyin daha geniş qəbul olunmuş adı “Ümumi Avropa Bazarı”dır. Bu birliyin çərçivəsində sənaye mallarının tarif və miqdar hədləri aradan qaldırılmış, vahid gömrük həddi qoyulmuş və bazara daxil olan ölkələrə xarici rəqabətdən qorunmaq tədbirləri müəyyən edilmişdir. AİB-ə daxil olan ölkələr qarşılıqlı hesablaşmaları həyata keçirmək məqsədilə 1979-cu ildə kolektiv valyutalarını – “EKYÜ”nü (Avropa hesab vahidi) yaratmışlar.
4. İqtisadi birlik. Beynəlxalq iqtisadi inteqrasiyanın mürəkkəb forması olan iqtisadi birlik ona üzv olan ölkələrdə vahid iqtisadi və valyuta maliyyə siyasətinin həyata keçirilməsinə, sosial-iqtisadi tənzimləmə sisteminin yaradılmasına və vergi sisteminin uyğunlaşdırılmasına əsaslanır. Dünya miqyasında 20-yə yaxın beynəlxalq iqtisadi inteqrasiya birliyi mövcuddur. Bunlara aşağıdakılar aiddir. Qərbi Avropada – Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası; Asiyada – Cənub Şərqi Asiya ölkələri Assosiasiyası, müstəqil Dövlətlər Birliyi, Latın Amerikasında Latın Amerikası İnteqrasiya Assosiasiyası; Afrikada – Qərbi Afrika ölkələrinin İqtisadi Birliyi və Mərkəzi Afrika Gömrük və İqtisadi Birliyi; Neft ixrac edən ölkələr təşkilatı və sairələri göstərmək olar.
Bu birliklərin içərisində ən nüfuzlusu Avropa İqtisadi Birliyidir. Hazırda bu birliyin 15 üzvü vardır. Bu nüfuzlu birliyin Avropa Parlamenti, Avropa Şurası, nazirlər Şurası, Avropa Komissiyası, Avropa Məhkəməsi kimi hakimiyyət orqanları vardır. Avropa İttifaqı adı ilə tanınan bu təşkilatın dünya ölkələrinin inteqrasiyası sahəsində ümumi bazarın yaradılması, birgə iqtisadi siyasətin yeridilməsi, birgə sosial siyasət, Avropa “vahid” bazarın yaradılması kimi sosial-iqtisadi fəaliyyəti də vardır.
Avropa qitəsində digər bir nüfuzlu iqtisadi inteqrasiya forması da Avropa Azad Ticarət Assosiasiyasıdır. Bu birlik İngiltərə, Norveç, Danimarka, Avstriya, Portuqaliya, islandiya və İsveçrənin təşəbbüsü ilə yaradılmışdır. Dünyada mövcud olan digər bir inteqrasiya Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır (QİƏT). Bu təşkilat Türkiyənin təşəbbüsü ilə 1992-ci ildə yaradılmış və Azərbaycan da daxil olmaqla dünyanın 11 ölkəsini birləşdirir. Digər iqtisadi inteqrasiya forması Latın Amerikası Ticarət Assosiasiyasıdır. Əsas məqsəd üzv olan ölkələr arasında bütün tarif və qeyri-tarif məhdudiyyətlərini aradan qaldırmaqdan ibarətdir. Dünya iqtisadiyyatında mövcud olan başqa iqtisadi inteqrasiya forması Cənubi Şərqi Asiya ölkələri Assosiasiyasıdır. ASEAN adlanan bu təşkilatın beş üzvü vardır. Son dövrlərdə dünya ölkələri arasında yaranmış iqtisadi birliklərdən biri də Müstəqil Dövlətlər Birliyidir. Bu birlik keçmiş Sovet İttifaqına daxil olan ölkələr arasında mövcud olmuş əlaqələri qismən bərpa etmək məqsədilə yaradılmışdır.
Coğrafi amillər əsasında yaranmış dünya ölkələri inteqrasiyalarından əlavə qeyri-coğrafi amillər əsasında yaranmış iqtisadi birliklər də mövcuddur. Bunlara İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OSRD), Neft ixrac edən ölkələr Təşkilatı (ORES), İslam Konfransı Təşkilatı və s. göstərmək olar. Bu dünya təşkilatlarının hər birinin məqsədi həmin təşkilata daxil olan ölkələrin qarşılıqlı iqtisadi əlaqələrini yaxşılaşdırmaq, daha səmərəli və faydalı əməkdaşlığı yaratmaqdan ibarətdir.
Beynəlxalq iqtisadi inteqrasiya prosesində iştirak edən ölkələr arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində beynəxalq valyuta mexanizmindən istifadə olunur.
Beynəlxalq valyuta münasibətləri dünya pulunun fəaliyyəti və ölkələr arasında müxtəlif təsərrüfat əlaqələrinə xidmət göstərilməsi ilə əlaqədar olan iqtisadi münasibətləri ifadə edir. Bu münasibətlərin başlıca sosial-iqtisadi funksiyası dünya təsərrüfat çərçivəsində kapitalın geniş təkrar istehsalı üçün zəruri şərait yaratmaqdan ibarətdir. Hazırda elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq dünya ölkələri arasındakı xarici iqtisadi əlaqələr getdikcə artmaqdadır. Bu da həmin ölkələr arasındakı əmtəə və xidmətlərin, kapital ixracının və digər qarşılıqlı mübadilə münasibətlərinin inkişafı ilə əlaqədar valyuta münasibətlərinin də inkişafına səbəb olmuşdur. Valyuta termini italyanca “valyuta” sözündən olub Azərbaycanca “qiymət”, “dəyər” mənasını ifadə edir.
Beynəlxalq valyuta münasibətləri beynəlxalq iqtisadi münasibətlərin əsas formalarından biri olub cəmiyyətin iqtisadi həyatının yüksəlməsində çox mühüm rol oynayan, təkrar istehsal prosesinin sürətlənməsinə və artmasına güclü təsir göstərən iqtisadi amillərdən biridir. Beynəlxalq valyuta münasibətlərinin inkişafında və genişlənməsində bu münasibətlərə daxil olan hər bir ölkənin özünün iqtisadi marağı vardır. Buna görə də hər bir ölkə özünün valyuta siyasətini həyata keçirir. Valyuta siyasəti dövlətin beynəxalq sahədə valyuta, kredit münasibətləri və hesablaşma sahəsində həyata keçirdiyi siyasətdir. Valyuta siyasətinin aparılmasında əsas məqsəd, valyuta resurslarının səfərbərliyə alınması, onların bölgüsü və istifadəsi, beynəlxalq hesablaşmaların və tədiyyə balansının müstəqilliyinin təmin edilməsi, xarici ticarətin kreditləşdirilməsi və xaricdən zəruri kredit resurslarının cəlb olunmasını təmin etməkdir.
Beynəxalq hesablaşmalar pul formasında həyata keçirilərkən bir ölkənin pul vahidi digər ölkənin pul vahidinə qarşı təmsil etdiyi ölkənin valyutası kimi çıxış edir.
Ölkənin milli valyutasının beynəlxalq hesablaşmalarda tətbiq edilməsi və onun xarici pul vahidlərinə mübadilə olunması həmin ölkənin valyuta qanunları ilə tənzimlənir. Başqa bir ölkənin milli valyutasına mübadilə oluna bilən valyuta dönərli (çevrilə bilən) valyuta adlanır. Valyutalar işlənmə qaydasından asılı olaraq üç cür olur:
Tam çevrilən (sərbəst çevrilmə qabiliyyəti olan).
Qismən çevrilən (qismən çevrilə bilən).
Çevrilməyən (çevrilmə qabiliyyəti olmayan).
Elə ölkələr vardır ki, onların valyutaları tam çevrilmə qabiliyyətinə malikdir və buna görə də həmin ölkələrin valyutalarına heç bir məhdudiyyət qoyulmur, sərbəst surətdə çevrilir və onlar sərbəst valyuta adlanır. Bu cür valyutaları icazə olmadan da hər hansı bir ölkənin valyutası ilə dəyişdirmək olar. Bu, valyutanın konsertləşdirilməsi adlanır. Dünyanın 60-dan çox ölkəsinin valyutası sərbəst valyuta adlanır və onlar tam çevrilmə qabiliyyətinə malikdir (bəzi kitablarda “valyutanın çevrilməsi”, “valyutanın dönərliyi” kimi yazılır və bu çaşqınlıq yaratmamalıdır).
Müəyyən sahələrdə dəyişdirilməsinə məhdudiyyətlər qoyulan valyutalar qismən çevrilən valyutalar adlanır. Bu valyutalar yalnız bəzi ölkələrin valyutaları ilə dəyişdirilə bilir. Valyuta qanunlarında dəyişdirilməsinə məhdudiyyətlər qoyulan ölkələrin valyutaları isə çevrilmə qabiliyyəti olmayan valyutalar hesab edilir.
Dünya iqtisadiyyatının sürətli inkişafı və təsərrüfat həyatının beynəlmiləlləşdirilməsi prosesinin güclənməsində Beynəlxalq Valyuta Fondunun və Avropa Valyuta sisteminin təşkil olunması çox mühüm rol oynamışdır. İkinci Dünya müharibəsindən sonra dünya valyuta sistemində meydana gələn çətinlikləri aradan qaldırmaq məqsədilə 1944-cü ildə Beynəlxalq Valyuta Fondu yaradıldı. Bu fond dünya ölkələrinin nüfuzlu valyutalarının konsertləşdirilməsi məsələlərində bir çox çətinlikləri aradan qaldırdı, onların beynəlxalq hesablaşmalarda iştirakını təmin etdi. Eyni zamanda həmin fond valyuta kurslarının dəyişdirilməsindəki çoxlu məhdudiyyətləri aradan qaldırdı. Beləliklə, dünya ölkələrinin milli valyutalarının beynəlxalq dövriyyəyə çıxarılmasının bu ölkələr üçün çox böyük əhəmiyyəti oldu. Belə ki, milli valyutaların beynəlxalq dövriyyəyə çıxarılması Avropanın və dünyanın aparıcı dövlətlərinin istehsalçı və istehlakçılarının sərbəstləşməsinə, ölkə daxilində və xaricində sərfəli bazarların tapılmasında, investisiyaların ölkəyə cəlb olunmasında, azad rəqabət mexanizminin yaranmasında, milli istehsal xərclərinin, istehsal olunan məhsulun keyfiyyətinin, qiymətinin beynəlxalq standartlara yaxınlaşmasında, material, maliyyə və əmək resurslarından qənaətlə istifadə edilməsində çox böyük əhəmiyyət kəsb edir.
Dünya ölkələri milli valyutalarla yanaşı müəyyən beynəlxalq əməliyyatlarda dövlətlərarası iqtisadi təşkilatlar çərçivəsində beynəlxalq hesablaşmaların həyata keçirilməsinə istifadə olunur. Kollektiv valyutaya misal olaraq EKYU-nu göstərmək olar. EKYU 1979-cu ildən başlayaraq Avropa İqtisadi Birliyi tərkibinə daxil olan ölkələrin valyuta bazarında fəaliyyət göstərir, bu birliyin ölkələri arasında hesablaşma vahidi kimi şıxış edir. Hal-hazırda bu birlik çərçivəsində valyuta kimi “avro” çıxış edir.
Beynəlxalq hesablaşmalarda valyuta klirinqindən də istifadə olunur. Valyuta klirinqi-mal göndərilməsi və göstərilən xidmətlərin dəyərindən irəli gələn tələb və öhdəliklərin qarşılıqlı surətdə nəzərə alınmasına dair hökumətlərarası sazişdir.
Beynəlxalq hesablaşmaların maneəsiz aparılması üçün milli valyutanın əvəzində başqa ölkənin valyutası ilə bərabəq miqdarda qızılın alınması zəruridir. Başqa sözlə beynəlxalq hesablaşmalar zamanı bir ölkənin pul vahidi digər ölkənin pul vahidi ilə dəyişdirilməlidir. Bu əməliyyat valyuta məzənnəsi ilə həyata keçirilir.
Valyuta məzənnəsi – bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində ifadə olunan qiymətdir. Məsələn, 1 man. – 0,002 dollar, 1 dollar – 4700 manata bərabərdir, 1 funt sterlinq 2 dollara bərabərdir və s.
Beynəlxalq bazarda valyutaların alqı-satqısı xüsusi valyuta bazarı vasitəsilə həyata keçirilir. Burada tələb və təklifdən asılı olaraq valyuta kursu formalaşır. Dünya ölkələrinin valyutaları, çekləri, vekselləri, akreditivləri vasitəsilə əməliyyat prosesi beynəlxalq iqtisadi münasibətlərin xüsusi sferasını, beynəlxalq valyuta bazarını əmələ gətirir. Valyuta bazarının müəyyən bir məzənnəsi yoxdur. Bu bazarda alqı-satqı əməliyyatları kommersiya bankları və Milli Bank tərəfindən həyata keçirilir. Valyuta bazarı tam rəqabət prinsipi əsasında işləyir. İlk əvvəl ayrı-ayrı ölkələrin milli təsərrüfatı çərçivəsində fəaliyyət göstərən valyuta sistemi dünya kapitalizm sisteminin yaranması ilə əlaqədar olaraq Ümumdünya Valyuta sisteminə çevrilmişdir. Beynəlxalq valyuta sistemi öz inkişafında dörd mərhələdən keçmişdir:
Qızıl standart valyuta sistemi.
Bretton-Vuds valyuta sistemi.
İdarə edilən “üzən” valyuta sistemi.
Avropa valyuta sistemi.
Qızıl standart valyuta sistemi qızıl məzənnəsinin müəyyən edilməsi əsasında təşkil olunmuşdur. Yəni ölkələrin valyutaları arasında nisbət qızıl hesabilə müəyyənləşdirilirdi. Bu sistemin ən xarakterik cəhəti o idi ki, hər bir ölkə xaricə daha çox mal ixrac etməyə və xaricdən daha çox qızıl idxal etməyə çalışırdı. Sonralar XX əsrin 30-cu illərində dünya iqtisadiyyatını əhatə edən iqtisadi böhran nəticəsində qızıl standart valyuta sistemi iflasa uğradı.
Qızıl standart valyuta sistemi iflas etdikdən sonra dünya valyuta sistemini tənzim etmək üçün 1944-cü ildə Bretton-Vuds şəhərində beynəlxalq konfrans çağırıldı. Konfransda köhnə sistemin üstün cəhətləri saxlanılmaqla yanaşı beynəlxalq valyuta sistemində bir çox yeniliklər də edildi. ABŞ dolları və ingilis funt sterlinqi beynəlxalq ödəniş vasitəsi kimi saxlandı, ehtiyat valyutanın qızılla rəsmi məzənnəsi müəyyən edildi, valyuta bərabərliyinin Beynəlxalq valyuta fondu ilə razılaşdırılmış əsaslar üzrə valyutanın qızılla və ABŞ dolları ilə qarşılıqlı eyniləşdirilməsi və dəyişdirilməsi müəyyən edildi.
1950-1960-cı illərdə ABŞ iqtisadiyyatındakı geriləmələr və onun mənfi saldoya malik olan büdcəsinin əmələ gəlməsi və digər beynəlxalq iqtisadi dəyişikliklər Bretton-Vuds valyuta sisteminin də iflasına səbəb oldu. Nəticədə idarə olunan, “üzən”, (yəni qalxıb enən) beynəlxalq valyuta məzənnəsi meydana gəldi. Bu valyuta sisteminin başlıca fərqləndirici cəhəti ondan ibarətdir ki, ona üzv olan ölkələr qəbul edilmiş prinsiplər daxilində “sabit” və ya “dəyişən” məzənnə sistemindən istifadə edə bilərlər. Bu prinsip 1976-cı ildə Beynəlxalq Valyuta Fonduna daxil olan ölkələr konfransında qəbul edilmişdir. Bu sistemin qəbul edilməsi çevik valyuta məzənnəsinin həyata keçirilməsi, tədiyyə balansının mütənasibliyinin təmin edilməsi, beynəlxalq ticarət və maliyyə sisteminin stimullaşdırılması və inkişaf etdirilməsi üçün geniş şərait yaratdı.
Beynəlxalq valyuta sisteminin öz inkişafında keçdiyi dördüncü mərhələ Avropa valyuta sistemidir. Bu sistem Avropa İttifaqı daxilində gedən mürəkkəb danışıqlar nəticəsində 1979-cu ildə mart ayında yaradılmışdır. Elə həmin ildən başlayaraq EKYU bu ittifaqa daxil olan ölkələrin kollektiv valyutası kimi dövriyyəyə buraxılmışdır. EKYU-nun dövriyyəyə buraxılmasında İttifaq ölkələri aşağıdakı məqsədləri qarşısına qoymuşlar.
Avropa Birliyinə daxil olan ölkələrin valyutalarının sabitliyinin saxlanması.
İqtisadi inkişaf prosesində ittifaq ölkələrinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi.
Avropanın ABŞ valyutasının hökmranlığından azad edilməsi.
EKYU kollektiv valyuta kimi dövriyyəyə buraxıldıqdan sonra ondan kredit aləti kimi geniş istifadə olunmağa başlandı. Dünya miqyasında 500-dən çox iqtisadi qurumlar kredit verilməsində EKYU-dan istifadə etmişlər.
Avropa İttifaqı ölkələri son illərdə “Avro”nun dövriyyəyə buraxılması haqqında razılığa gəlmiş və 1 yanvar 2002-ci ildən artıq “avro” banknotları dövriyyəyə buraxılmışdır. Köhnə milli valyutalar isə öz fəaliyyətlərini 1 iyul 2002-ci ildən etibarən dondurmalı olacaqdır.
Azərbaycan Respublukasında milli valyuta olan manat 1992-ci il il avqust ayının 15-də buraxılmışdır. Idarəetmə sahəsindəki təcrübəsizliklərilə əlaqədar olaraq manat sürətlə inflyasiyaya uğrayaraq qiymətdən düşdü. 1994-cü ildə Azərbaycan Respublikasının “Valyuta tənzimlənməsi haqqında qanun”u qəbul edildikdən sonra milli valyutanın tənzimlənməsində müəyyən qayda yaradıldı. Ölkə vətəndaşlarının milli valyutadan istifadə edilməsinə heç bir hədd qoyulmur. Xarici valyutalardan istifadə olunması mexanizminə isə Milli Bank beynəlxalq valyuta məzənnəsi əsasında nəzarət edir, onun işlənmə mexanizmini yaradır.
Dostları ilə paylaş: |