Əsas kapitalın dövranı və dövriyyəsi daxilində onların qeyri-bərabər hərəkəti baş verir
ki, bu onların dəyərlərinin bərpa olunmasının xüsusiyyətləri ilə izah olunur. Əmək
vasitələrinin dəyəri hazır məhsulun dəyərinə hissə-hissə keçir. Deməli əsas vəsaitlərin
dəyərinin bərpası da tədricən baş verir və bu sərbəstləşən pul vəsaitlərinin hesablarda
yığılması ilə müşayiət olunur. Eyni zamanda əsas kapitalın hərəkətindəki bu qeyri-
bərabərlik ona gətirib çıxarır ki, bəzi müəssisələrdə sərbəst pul vəsaiti yaranır,
digərlərində isə xərclərə olan ehtiyaclarla əlaqədar vəsait çatışmazlığı meydana çıxır.
Beləliklə, kapitalların qeyri-bərabər dövranı və dövriyyəsi əsasında istehsal vaxtı
ilə tədavül vaxtının uyğunsuzluğunu aradan qaldıran vəsaitlərin müvəqqəti
sərbəstləşməsi və onların təsərrüfatda tətbiqinin zəruriliyi arasındakı ziddiyyəti həll
edən münasibətlərin meydana gəlməsi təbiidir. Bu münasibətlər kimi məhz kredit çıxış
edir. Kredit əmtəə təsərrüfatının labüd atributuna çevrilir, çünki cəmiyyət sərbəstləşən
resursların boş dayanmamasında və iqtisadiyyatın geniş miqyaslarda inkişafında
maraqlı olur.
Bununla belə, kapitalın dövranı və dövriyyəsi kreditin obyektiv zəruriliyini hələ
tam açıqlamır. Dövranın və dövriyyənin qeyri-bərabərliyi bir tərəfdən vəsaitlərin
sərbəstləşməsi, digər tərəfdən isə onların tələbatının mövcud olması faktını təsdiqləyir.
Deməli dövran və dövriyyədə kredit münasibətlərinin yaranmasının mümkünlüyü
gizlənir. Kreditin mümkünlüyünün həqiqətə çevrilməsi üçün müəyyən şərtlər tələb
olunur. Ən əvvəl kreditorla borcalan hüquqi cəhətdən müstəqil, öz aralarındakı iqtisadi
əlaqələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə maddi zəmanət verən ünsürlər
kimi çıxış etməlidirlər. Bundan başqa kredit yalnız kreditorla borcalanın maraqları üst-
üstə düşdükdə zəruri olur.
Zahirən gündəlik həyatda kredit əşyanın və ya pul vəsaitlərinin müvəqqəti
istifadəyə götürülməsi kimi çıxış edir. Kredit vasitəsilə mal-material qiymətliləri,
müxtəlif növ maşın və mexanizmlər əldə edilir. Əhali tərəfindən nisyə əmtəələr alınır,
başqa sözlə kredit hesabına əldə edilən obyektlər kimi ən müxtəlif qiymətlər çıxış edir.
Dostları ilə paylaş: