Mühazirə Savad təliminin metodikası


Oxu vərdişinin inkişafı psixologiyası



Yüklə 432,77 Kb.
səhifə5/10
tarix13.06.2022
ölçüsü432,77 Kb.
#116904
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
M hazir Savad t liminin metodikas

7.5. Oxu vərdişinin inkişafı psixologiyası
Oxu nədir? Görkəmli psixoloq D.B.Elkonin oxunu sözün səs formalarının onların qrafik modeli üzrə yenidən hasil olunduğu proses hesab etmişdir. Burada başlıca müddəa odur ki, oxumağa yenicə səy göstərən uşaq dilin səs cəhəti ilə işə başlayır. Oxu tədrisinin öyrədildiyi ilkin mərhələdə oxu prosesi təlimin predmeti olur. Uşaqlar bütöv sözlərlə, söz birləşmələri ilə (cümlələrlə) oxumağa yiyələnmə mərhələsindən başlayaraq, oxu təliminin və onların ümumi inkişafının vasitəsi rolunu oynayır. Uşaqların təlim prosesində bilikləri mənimsəmələrinin müvəffəqiyyəti onların oxu texnikası və vərdişlərinə nə dərəcədə yiyələnmələrindən, oxunmuş materialın məzmununu nə dərəcədə dərk edə bilmələrindən asılıdır. Psixoloji tədqiqatlar göstərir ki, savada-oxu və yazı texnikasına yiyələnmə çox mürəkkəb və çətin prosesdir. Bu prosesin müvəffəqiyyətlə keçməsi üçün aşağıdakılar zəruridir:

  1. Eşidilən sözlərdə (yaxud onların hissələrində) səsləri incəliklərinə görə fərqləndirmək;

  2. Eşidilən nitq səsini kitabda çap olunmuş müəyyən işarəyə aid etməyi və ya bu işarəni müstəqil kağızda təsvir etməyi bacarmaq;

  3. Yalnız hər bir hərfi deyil, həm də əmələ gəlmiş assosiasiya üzrə həmin işarəyə uyğun “təmiz səsin” hasil edilməsini qavramağı öyrənmək; bir hərfin digəri ilə birləşməsini görmək və buna uyğun olaraq lazımi səsin tələffüzünü (na-na, ru-ru, li-li) dəyişmək;

  4. Sözdə bütün səsləri bütöv bir səs kompleksi kimi bitişik tələffüz etmək;

  5. Sözü anlamaq, başqa sözlə, alınmış səslər kompleksini uşaq tərəfindən tanış olan hər hansı əşya, hərəkət və əlamətin ifadəsi kimi başa düşmək.

Göründüyü kimi, oxu texnikasına yiyələnmə, dəqiq eşitmə, görmə, tələffüzetmə təhlili və tərkibinə, sözün səs formasının onun mənası ilə birləşməsinə əsaslanan bir prosesdir. Oxunun ana dili tədrisinin belə mühüm şərti olduğunu nəzərə alaraq şagirdlərin oxu texnikasına yiyələnmələrinə xüsusi diqqət yetirmək vacibdir. Sözün oxunması onun qrafik təhlilindən başlanır. Qrafik təhlil yazıda işlənmiş hərflərin tərkibi və səs mənasıdır, başqa sözlə, əlifbanın hərfləri ilə nitq səsləri arasında münasibətdir.
Oxumağa başlayan uşaq hecada və sözlərdə hərf birləşməsini oxumağı öyrənir. Uşağa ilk addımlardan birdən-birə tam hecanı oxumaq haqqında göstəriş verilməsinə baxmayaraq, o yenə də hər bir hərfin üzərində dayanır. Bu zaman şagird hərfin formasına, necə yazılmasına, həmin hərfin hansı səsin yazıdakı ifadəsi olmasına fikir verir, hecanı düzgün oxumağa çalışır.
Yenicə oxumağa başlayan uşağın oxu prosesi təcrübəli oxuyanın oxu prosesindən fərqlənir. Təcrübəli oxuyanın “görmə sahəsi” konkret desək, “oxu sahəsi” geniş olur. Oxu zamanı yaşlı adam gözlərini sətir boyu gəzdirir, yalnız bir neçə dəfə fasilə edir. Mətn asan olduqda fasilələr azalır, gözlərin bir hərəkəti ilə əhatə olunan hərflərin sayı artır. Bəzən sürət o qədər böyük olur ki, adam oxuduğunun məzmununu dərk edə bilmir.
Yenicə oxumağa başlayan uşağın “oxu sahəsi” çox məhdud olur. O yalnız bir hərfi görür, odur ki, oxu sahəsinin təkmilləşdirilməsi üçün görmə qavrayışını təmin edən məşq çalışmaları aparılmalıdır. Şagirdlərdə sözün səs cəhətinə gözüitiliyi tərbiyə etmək məqsədilə məşq çalışmaları üçün materialı “Azərbaycan dili” dərsliyindən seçmək olar:
1. Hansı hərf, heca, söz artıqdır?
a) a, o, r, e, u, ı
b) na, ta, ra, , da
c) su, sulu, sual, sula
2. Sözlərdə ümumi və fərqli cəhətləri göstər:
ana-ata, nanə-nənə, arı-ayı, tala-tula.
Yenicə oxumağa başlayan uşağa xas olan ikinci xüsusiyyət odur ki, o oxuduğu sözün mənasını çətinliklə tuta bilir.
Savad təliminə yenicə başlayan uşağın sözün, cümlənin mənasını dərhal başa düşməsi üçün yalnız görmə qavrayışı kifayət deyil. Görmə aktı nitq-hərəki aktla üzvi şəkildə bağlanmalıdır. O, sözü görmə ilə qavramaqla yanaşı, tələffüz edir, eşidir, sonra başa düşür. Məhz buna görə də o, mətni oxuyarkən vurğunu, ifadəliliyi gözləyə bilmir.
Şagird nəinki hərflərlə, hətta hecalarla oxu prosesində bəzən hecaları bir tamda birləşdirməkdə çətinlik çəkir, sözün mənasını tuta bilmir: Na-i-lə sözünü oxuyur, lakin hansı sözü oxuduğunu deyə bilmir. Oxu sürətinin azlığı sözün mənasını tutmağa, şüurluluğa imkan vermir.
Yenicə oxumağa başlayanların oxu texnikasının xüsusiyyətlərindən biri də tez-tez baş verən reqressiyadır (geri qayıtmaqdır). Uşaqlar sözdə eyni hecanı, cümlədə eyni sözü bir neçə dəfə təkrarlamalı olurlar: məsələn, “Musa almanı maşına daşıdı” cümləsini belə oxuyurlar: “Musa al-ma-nı..ma...ma-şı... ma-şı-na...maşına da...da-şı...da-şı-dı...daşıdı”. Bu, ondan irəli gəlir ki, uşaqlar sözləri hecalarla, fasilələrlə oxuduqlarından axırına çatanda əvvəli yaddan çıxır. Ona görə də geriyə qayıdırlar ki, həmin hissələri bağlasınlar. Sözlər nə qədər böyük, çoxhecalı və mənaca çətin olarsa, geriyə qayıtma, təkrarlama o qədər çox olur.
Savad təlimi dövründə oxu və yazı texnikasının müvəffəqiyyəti uşaqlarda fonetik eşitmə bacarığının inkişafından asılıdır. Uşaq hər bir sözü hecalarla deməyi, onun necə səslənməsini dinləməyi, hər bir səsin tələffüzünü və ardıcıllığını tutmağı bacarmalıdır. Oxu texnikasına yiyələnmə prosesində uşaqların eşitmə qavrayışının inkişafına daha çox diqqət yetirmək lazımdır, çünki nitq səslərini yaxşı fərqləndirə bilməyən uşağın görmə qavrayışı mükəmməl inkişaf etmiş olsa da, o ən sadə sözləri belə oxumaqda çətinlik çəkir. Fonetik eşitməyə, səs təhlili vərdişlərinə lazımınca yiyələnməmiş uşaqların oxusu nöqsanlı olur. Oxu texnikasına yiyələnməmiş uşaq müstəqil işləyə, tədris fəaliyyətini səmərəli təşkil edə bilmir. Ona görə də fonematik təhlilə geniş yer verilməlidir. Uşaqlar hərflərlə tanış olanadək onlarda nitqi cümlələrə, cümlələri sözlərə ayırmaq, cümlədə sözlərin, sözlərdə hecaların sayı və sırası üzrə əməliyyat aparmaq bacarığı formalaşır.
Uşaqlara səsləri eşitməyi qavramağı, tələffüz etməyi, onların artikulyasiyası üzərində müşahidə aparmağı, səsi fonem kimi dərk etməyi, başqa sözlə, onun məna fərqləndirici rolunu başa düşməyi, sait və samit səsləri xarakter əlamətlərinə görə fərqləndirməyi öyrətmək zəruridir.
Hazırda məktəblərimizdə oxuya hecalarla oxumaqdan başlanır. Bəs bütöv sözlərlə oxuya keçid necə baş verir? Adətən, uşaqlar hecalarla oxudan sonra sözü təkrar edirlər. Cümlədəki hər bir söz, söz qrupu ayrıca oxunduqdan sonra, nəhayət, bütövlükdə cümlə təkrar olunur. Təkrar oxuyarkən uşaq frazaların fonetik cəhətdən bitişik səslənməsinə nail olur. Bu isə oxunulanın məzmununun başa düşülməsinə imkan verir.
Uşaq belə oxuyur: ca...na...va...r (canavar) bə...r...k (bərk) (ca-na-var bərk), ac...mı...ş...dı (Canavar bərk acmışdı). O, bi...r (o, bir) ce...y...ra...n (o, bir ceyran) gö...r...dü (gördü). (O, bir ceyran gördü). Ceyran cə...l...d (cəld) qa...ç...dı (qaçdı) (Ceyran cəld qaçdı).
Oxu üzrə çalışmaların gedişində uşaqlar cümlələrin müstəqil, rabitəli oxunmasına keçirlər.



Yüklə 432,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin