7.2. Azərbaycan dilinin səsləri və onların hərflərlə ifadə olunma qaydası
(Fonetika və qrafika)
Savad təlimi dövründə məşğələlərin düzgün təşkili müəllimin dilimizin səs sistemini nə dərəcədə bilməsindən asılıdır. Azərbaycan dili iltisaqi dillər qrupuna daxildir, yəni dilimizdə sözlərin kökü dəyişmir, ona müxtəlif şəkilçilər artırmaqla yeni formalar, yeni sözlər düzəldilir. Dilimizin səsli olmasına baxmayaraq, səslə hərf arasında tam uyğunluq yoxdur.
Savad təlimi dövründə uşaqlar sözdəki səsləri hərflərlə əvəz etməyi, yəni yazmağı və əksinə, hərflərin birləşməsini, sözləri səs formasına tərcümə etməyi, başqa sözlə, oxumağı öyrənirlər. Ona görə də əlifbanı düzgün öyrənmək üçün səslər və hərflər arasında fərqi dəqiq təsəvvür etmək lazımdır.
Dilimizdəki sözlərin bir qismində səs və hərflərin sayı eynidir: məsələn, ata, ana, quzu, sahil, dünya və s. Elə sözlər də var ki, onlarda səslərin sayı, hərflərin sayından azdır: məsələn; dostluq [dosluq] şəklində tələffüz olunur. Nəhayət, elə sözlər də var ki, səslərin sayı hərflərin sayından artıqdır. Müəllim dilimizin fonetik quruluşunu o zaman şüurlu öyrədə bilər ki, fonem nəzəriyyəsi ilə, fonologiya ilə tanış olsun. Profеssоr Ə.Dəmirçizadə və A.Axundov dilimizin özünəməxsus fonem sistemi olduğunu sübut etmiş və bu problemin müxtəlif aspektlərini işləmişlər. Sözlər və onların formaları dilin ən kiçik vahidi olan fonemlərin köməyi ilə fərqlənir. Əlifbamızda 32 hərf var. Dilimizin fonem tərkibinə isə 40 müstəqil fonem (15 sait, 25 samit) daxildir. Fonemlər ona görə müstəqil hesab olunur ki, onların özünəməxsus səs cildi var və onlar müəyyən leksik mənası olan dil vahidlərini (sözləri) bir-birindən fərqləndirə bilir.
Dilimizdəki səslər iki qismə ayrılır: 1) Dil vəzifəsi olan səslər, yəni leksik-qrammatik mənası olan, morfemləri (dil vahidləri) fərqləndirən səslər; 2) Dil vəzifəsi olmayan səslər.
Fonemlər dil vəzifəsi olan, mənanı fərqləndirən səslər olmaqla birinci qrupa daxildir. Al, ol, el, il sözlərində a, o, e, i saitləri, əl, ət, əz, əs, əm, əy, ər sözlərində l, t, z, s, m, y, r samitləri müstəqil fonemdir. Onlar müəyyən leksik mənası olan sözləri fərqləndirir. İkinci qrupa fonem çalarları daxildir. Əsas fonemlər hər yerdə sabit qaldığı halda, onun çalarları müxtəlif mövqelərdə müxtəlif şəkil alır.
Fonem çalarlarının özləri də iki qismə ayrılır:
Bəzən sözləri fərqləndirə bilir: məsələn, ad-at-od-ot sözlərində d-t səsləri mənanı fərqləndirdiyi halda, süd-süt, kənd-kənt sözlərində fərqləndirə bilmir. Belə hal fonem variantı adlanır. Uşaqlar öyrənməlidirlər ki, saitlər asanlıqla tələffüz olunur. I saiti müstəsna olmaqla bütün saitlər heç bir səslə birləşmədən heca olur. Samitlər isə yalnız saitlərlə qoşulduqda heca əmələ gətirir. Səsin iştirakı dərəcəsinə görə tələffüzdə samitlər belə təsnif olunur: sonorlar (l, m, n, r), cingiltililər (b, c, d, g, ğ, j, q, v, y, z) və karlar (ç, f, h, x, k, p, s, ş, t).
Savad təlimi zamanı həmçinin bilmək lazımdır ki, samitlər uzadıla bilən (m, ş, r, l, n, s, z, ğ, f) və ani tələffüz edilən, yaxud partlayışlı (k, g, p, t, d, b, q, ç) olur. Səslər tələffüz asanlığına, həmçinin ayrılma və birləşmə çətinliyinə görə də fərqlənir: l, m, n, r sonorları, x, ğ, s, ş samitləri çətin tələffüz edilir. p, k, t samitləri də çox çətin tələffüz olunur. Ən çətin tələffüz olunanlar isə ç, f samitləridir.
Çalarların bir qismi isə heç vaxt müstəqil fonem kimi işlənmir: məsələn, y samitinin kar qarşılığı olan x, incə ı, b, n çalarları sözləri fərqləndirə bilmir. Belə çalarlar fonem variasiyaları adlanır. Bu baxımdan nitq səslərinin sayı çoxdur. Nitqdə ü saitinin 7; l samitinin 8; v samitinin 9; d samitinin 12 variantından istifadə olunur.
Sözlərin çoxişləkliyi də mühüm məsələdir. Axtarışlar nəticəsində elə qənaətə gəlinmişdir ki, dilimizdə ən çox a, ə, i, n, p, l, d, ı, y səsləri, ən az h, ğ, p, f, j səsləri işlənir.
Müəllim səslərin işlənməsindəki dispributivlik (bölüşdürmə) prinsipini də bilməlidir. Bu prinsipə görə dilimizdəki səslər bir-birindən asılı olaraq sözlərdə yerləşdirilməkdə özünəməxsus xarakterə malikdir: məsələn, ı, ğ hərfləri dilimizə məxsus sözlərin əvvəlində, e, ö, o saitləri isə sonunda işlənmir (mövqe, təvazö, kino kimi alınma sözlər müstəsnadır).
Dostları ilə paylaş: |