Standart: 3.1.5. Bir neçə cümlədən ibarət müşahidə xarakterli mətn yazır.
4.1.8.Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.
Məqsəd: 1. Şagird özü və ailəsi haqqında məlumat verir.
2. Şagird sxem üzrə cümlə qurur.
İnteqrasiya: H.b.2.1.1, 2.1.3.
İş forması: Böyük qruplarla iş.
İş üsulu: Beyin həmləsi, diskussiya.
Resurslar: Dərslik, şəkillər, iş vərəqləri.
Dərsin gedişi:
I mərhələ: Motivasiya, problemin qoyuluşu (10 dəq)
- Sizi ən çox sevən kimdir?
- Onlar bizim nəyimizdir?
- Hamının ailəsi olduğu kimi Anarın da ailəsi var. Gəlin tanış olaq.
Uşaqlar müəllimlə birgə şəkil üzrə Anarın ailəsi ilə tanış olur.
- Siz ailənizlə bizi necə tanış edə bilərsiniz?
Şagirdlərin mülahizələri dinlənilir.
Qısa müzakirədən sonra müəllim şagirdləri tədqiqat sualının qoyulması məsələsinə yönəldir. Sual lövhədə yazılır:
Tədqiqat sualı: Ailə nə üçün lazımdır?Fikrimizi söyləmək üçün nədən istifadə edirik?
Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir.
II mərhələ:Tədqiqatın aparılması (15 dəq)
Tədqiqatın aparılması üçün müəllim şagirdlərə suallar verir:
- Bir yerimiz ağrıyanda kimdən kömək istəyirik?
- Bəs ataya nə vaxt müraciət edirik?
- Nağıl eşitmək istəyəndə kimə müraciət edirik?
- Bəs babaya nə vaxt müraciət edirik?
- Oynamaq istəyəndə kimə müraciət edirik?
Şagirdlərə şəkillərdən istifadə edərək sxemlərə uyğun cümlələr qurmaq tapşırılır.
III mərhələ: İnformasiya mübadiləsi (10 dəq)
Şagirdlər ailələri haqqında məlumatlar verir, bir-birlərinə maraqlı suallarla müraciət edirlər.
IV mərhələ: İnformasiyanın müzakirəsi və təşkili (7 dəq)
Müəllim müzakirə üçün yönəldici suallar verir.
Yönəldici suallar:
1. Ata, ana bizə necə qayğı göstərir?
2. Baba, nənə bizə necə qayğı göstərir?
3. Bacı, qardaş bizə necə qayğı göstərir?
4. Bəs biz onlara necə qayğı göstəririk?
V mərhələ: Nəticə və ümumiləşdirmə
Müzakirə başa çatdıqdan sonra müəllim öz yekun sözündə şagirdləri son nəticələrə yönəldir:
- Hər bir uşaq ailədə yaşayır. Bu, onun ehtiyaclarından biridir. Ailədə ataya hörmət, anaya kömək, baba-nənəyə qayğı hər bir uşağın borcudur. Biz ailədə bir-birimizlə söhbət edərkən cümlələrdən istifadə edirik. Cümlələr isə sözlərdən ibarətdir.
Nəticələr dərsin məqsədləri ilə müqayisə edilir.
Qiymətləndirmə. Müəllim şagirdlərin fəaliyyətini hazırladığı meyar cədvəli əsasında “+”, “-”işarələrinin köməyi ilə qiymətləndirir.