BÖYÜK COĞRAFİ KƏŞFLƏR. AVROPA DÖVLƏTLƏRİNİN MÜSTƏMLƏKƏ İŞĞALLARI
Böyük coğrafi kəşflərin səbəbləri. XV-XVI əsrin hüdudunda beynəlxalq iqtisadi münasibətlərin dünya sistemi formalaşır, Avropa dövlətlərinin müstəmləklər əldə etmək uğrunda mübarizəsi beynəlxalq durumu müəyyənləşdirən amilə çevrilir, beynəlxalq münaqişələr artır. Avropada milli dövlətlərin təşəkkülü ilə əlaqədar beynəlxalq aləmdə birinci dərəcəli dövlətlər – İngiltərə, Fransa, İspaniya, Portuqaliya irəli çıxır. Xarici siyasətdə “dövlət marağı” ön plana keçdiyindən, dini amilin əhəmiyyəti azalır, nəticədə papalığın beynəlxalq proseslərə müdaxiləsi zəifləyir. Yaxın və Orta Şərqdə milli dövlətlərin əvəzinə iri imperiyaların mövcudluğu davam edir. İstər Qərbi Avropa dövlətləri, istərsə də müsəlman Şərqinin iri imperiyaları öz maraqlarını güdərək beynəlxalq ticarət yollarını, xammal və istehlak mənbələrini ələ keçirmək və müstəmləkələri istismar etmək uğrunda gərgin mübarizəyə başlayırlar. Başqa sözlə desək, XV əsrin sonuna doğru beynəlxalq münasibətlərdə ən mühüm məsələ - müstəmləkə yaratmaq uğrunda başlanan mübarizə idi.
XV əsrin ortaları – XVII əsrin birinci yarısını əhatə edən Böyük coğrafi kəşflər Avropada ilkin kapital yığımı prosesi ilə bağlı olmuşdur. Yeni ticarət yollarının və ölkələrin mənimsənilməsi, kəşf olunmuş torpaqların talan edilməsi bu prosesin inkişafına imkan yaradırdı. XV əsrdə Böyük coğrafi kəşflərin pionerləri Pireney yarımadası ölkələri – İspaniya və Portuqaliya olmuşdur. XIII əsrdə ərəblərdən öz ərazilərini geri alan portuqallar XIV-XV əsrlərdə ərəblərlə müharibənin Şimali Afrikada davam etdirir və bu müharibələrin gedişində böyük donanma yaradırlar. Portuqallların coğrafi kəşflərinin birinci mərhələsi (1418-1460) şahzadə Dənizçi Enrikenin adı ilə bağlıdır. XV əsrin 20-30-cu illərində portuqallar Madeyra, Kanar və Azor adalarını kəşf etmiş və Afrikanın qərb sahilboyuna qədər gəlib çıxmışdılar. Onlar Bahador burnunu keçərək, Qvineya (1434) və Yaşıl Burun adalarına, 1462-ci ildə Syerra-Leoneyə çatırlar. 1471-ci ildə portuqallar Qanada zəngin qızıl ehtiyatları aşkar edirlər.
XV əsrin ikinci yarısında baş vermiş uzaq dəniz səyahətləri elm və texnikadakı uğurlar sayəsində mümkün olmuşdur. XVI əsrin sonuna qədər portuqallar təkcə kəşflərin sayına görə irəlidə getmirdilər. Onların səyahətlər gedişində qazandıqları biliklər başqa ölkələrin dənizçilərinə dəniz axınları, küləklərin istiqamətləri və s. haqqında qiymətli məlumatlar vermiş oldu. Xəritələrə yeni torpaqların salınması kartoqrafiyanın inkişafına imkan verdi. Portuqal xəritələri öz dəqiqliyinə görə seçilirdi. Bir çox ölkələrdə portuqalların dəniz səyahətlərinin hesabatları təkrar nəşr olunurdu. XVI əsrin əvvəllərində meydana çıxan xəritələrdə tropiklər və ekvator xəttləri, həmçinin enlik şkalalar qeyd olunur.
Yerin kürəşəkilli olması haqqında təlimdən çıxış edərək italyan astronomu və kosmoqrafı Paolo Toskanellinin tərtib etdiyi xəritədə Asiyanın sahilləri Atlantik okeanının qərb sahilboyunda yerləşdirilir: o, hesab edirdi ki, Avropa sahillərindən qərb istiqamətində üzməklə Hindistana çatmaq olar. İtalyan alimi 12 min km səhvə yol verib, Yerin ekvator boyu uzunluğunu düzgün verməmişdi. Onun bu böyük səhvi böyük kəşfə gətirib çıxartdı.
XV əsrin sonuna doğru naviqasiya cihazları təkmilləşir, yeni gəmi növü – karavella meydana çıxır; karavella həm küləyin istiqamətində, həm də əksinə, saatda 22 km sürətlə üzə bilirdi.