Qaz alovu ilə metallaşdırma.
Qaz alovu ilə metallaşdırma xüsusi avadanlığın köməyi ilə aparılır, örtük metalı asetilen - oksigen alovunda əridilir, tozlandırma isə sıxılmış hava şırnağı ilə aparılır.
Tozlandırılan material məftil şəklində qaz yandırıcının (qorelkanın) mərkəzi yuvasından verilir və yüksək temperaturlu alov zonasında əriyir.
Məftil diyircəklərlə sabit sürətlə verilir. Aparıcı diyircəklərlə hərəkət metallizator aparatına quraşdırılmış sonsuz vintli reduktor vastəsi ilə verilir.
Qaz alovu ilə metallaşdırmada məftilin əridilməsi və tozlandırılması MQİ-1, QİM-2 və s. tipli qaz metallaşdırıcıları vasitəsilə aparılır. Qaz metallaşdırıcılarının digərlərindən fərqli yanıcı qazı və oksigeni vermək üçün onda iki kanalın olmasıdır.
Məftilin ötürülmə mexanizmi elektrikmetallizatorlarında olduğu kimidir, yalnız fərqi burada iki məftil əvəzinə bir məftilin verilməsidir. Yanıcı qaz kimi asetilen, propan və s. istifadə oluna bilər.
Qaz metallaşdırması elektro – qövs metallaşdırmasına nisbətən bir sıra üstünlüklərə malikdir: Əsas elementlər (C, Mn, Si) az yanır, tozlandırılan hissəciklər kiçik, məsaməlik az, bərklik isə yüksək olur.
Hissələrin metallaşdırılması zamanı havanın təzyiqi asetilendən istifadə edildikdə 0,46 MPa, propan istifadə olunduqda 0,39 MPa götürülür. Tozlandırma məsafəsi 100-150 mm, məftilin diametri 3,17 mm, veriş sürəti 0,77-1.07 m/dəq. qəbul edilir.
Qazalovu ilə metallaşdırmada tozlandırılan material kimi metal tozlarından da istifadə edilir. Metal tozu bunkerdən nəqledici qaz vasitəsilə yandırıcıya (qorelkaya) daxil edilir (şəkil 20.2).
Qaz alovu ilə metallaşdırmanın nöqsan cəhətlərinə hissələrin bərpasının elektrik metallaşdırılmasına nisbətən baha başa gəlməsini, qurğunun mürəkkəb və məhsuldarlığının aşağı olmasını göstərmək olar. Qazalovu ilə metallaşdırmada məhsuldarlıq 2-4 kq/saat təşkil edir.
Dostları ilə paylaş: |