Fiziki-kimyəvi xassələri. Ammonyak boğucu, kəskin naşatır iyli rəngsiz qazdır,
dadı çox acıdır, havadan yüngüldür. Bildiyiniz kimi havanın molekul kütləsi 29,
ammonyakınkı isə 17-dir. Mənfi 33-35
0
C dərəcəyədək soyudularkən sıxılaraq
rəngsiz maye halına keçir. 1 həcm suda 700 həcm ammonyak həll olunur. Efirdə və
digər üzvi həlledicilərdə həll olur. Ammonyakın hava ilə 4:3 nisbəti və ya 15-28%-
li qarışığı partlayışa səbəb olur. Partlayış təhlükəli konsentrasiyanın hədləri:
oksigendə 13,5-79%, aşağı valentli azot oksigendə 2,2-72%-dir. Ammonyak
havada surətlə ammonium karbonata çevrilir, yaxud rütubətlə udulub naşatır
spirtinə (ammonium hidroksidə) çevrilir. Reaksiyalara çox meyllidir, birləşdirmə,
əvəzetmə və oksidləşmə reaksiyalarına daxil olur. Qabdan kənara (atmosferə)
çıxarkən tüstülənir. Maye halında çox vaxt suda 10 və 25%-li qaz məhlulu şəklində
təsadüf edilir. Çənlərdə və ya balonlarda təzyiq altında mayeləşdirilmiş halda
saxlanılır və daşınır.
Zəhərləyici xassələri. Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə
qıcıqlandırıcı təsir göstərir. Onun yüksək konsentrasiyaları (qatılığı) gözlərdə
ağrıya və yaş axmaya, təngnəfəsliyə, kəskin öskürəyə, baş gicəllənməsinə, mədə
ağrılarına və qusmaya səbəb olur, ağciyərlərin fəaliyyəti zəifləyir. Ammonyakın
güclü təsirindən bir neçə dəqiqə sonra əzələ zəifliyi, yüksək reflektor qıcıqlanma,
qıcolma halları müşahidə edilir, eşitmə qabiliyyəti azalır. Baş-beyin qabığında
maddələr mübadiləsi pozulur. Kiçik konsentrasiyalarda gözlərin və burunun selikli
qişaları azacıq qıcıqlanır, asqırma baş verir, yüngül ürəkbulanma, baş ağrıları,
sifətin qızarması, güclü tərləmə, döşdə ağrı hiss edilir. Ammonyakın havada
konsentrasiyasının yol verilən həddi (KYH) belədir: iş aparılan binaların havasında
0,02 mq/l, sənaye müəssisələrinin ərazisindəki açıq havada – 0,007 mq/l, yaşayış
məntəqəsinin havasında – 0,0002 mq/l. Konsentrasiya 0,04-0,08 mq/l olarkən
gözlərin, yuxarı nəfəs yollarının kəskin surətdə qıcıqlanması, güclü baş ağrıları baş
verir. Susuz maye ammonyak ağır yanıqlar törədir, həm də yüksək buxarlandırma
hərarətinə malik dondurucu maddə kimi təsir göstərir. Həcmcə 1%, 7 mq/l
konsentrasiyada yaş dəri səthinin azacıq aşınması, 2%-də isə nəzərə çarpan
aşınması müşahidə olunur, bir neçə dəqiqədən sonra suluqlu yanıq yarası əmələ
gəlir. Naşatır spirti dəriyə zəif təsir göstərir, lakin hər halda kəskin ağrı, qızarma,
xeyli uzun müddətli təsir zamanı suluqlar törədə bilər.