Şəkil 2.1. “Rəqabətin hərəkətverici qüvvələri” modeli
Sahədə mövcud şirkətlər arasında rəqabətin intensivliyi rəqiblərin istehsal etdikləri məhsulların qiymətini, keyfiyyətini və çeşidini hansı fəallaıqla dəyişməsi cəhdlərindən asılıdır.
Sahə daxilində mövcud rəqiblərin bazar rəqabəti amilləri:
sahədə rəqabət aparan firmaların sayı və təmərküzləşmə səviyyəsi;
istehlakçıların ticarət markalarına loyallığı;
məhsulun fərqliləşdirilməsi və məhsula tələbatın səviyyəsi;
rəqib şirkətlər arasında olan böyük fərqlər;
başqa sahənin böyük şirkəti tərəfindən bu sahənin müəssisəsinin alınması,
sahənin həyat tsiklinin mərhələsi,
sahədən çıxış maneələri.
Bazarda yeni rəqiblərin meydana çıxmasının mümkün təhlükələri mövcud rəqiblərin reaksiyasından və sahəyə (bazara) giriş maneələrindən asılıdır. Bazara giriş və bazardan çıxış maneələri bazar quruluşunun mühüm elementləri sırasına daxildir. Burada obyektiv və subyektiv xarakterli amillər ola bilər. Buna görə də firmaların bazar fəaliyyətinin təşkili zamanı bu element ciddi şəkildə öyrənilməlidir. Bazara giriş maneələri – əmtəə bazarına yeni subyektlərin daxil olmasına və ya əmtəə bazarındakı subyektlərin fəaliyyətinin çətinləşdirilməsinə yönəldilmiş hərəkətlərdir. Aşağıdakılar bazara giriş maneələrini yaradan zəminlər hesab edilir:
miqyas artımından qənaətin səviyyəsi;
məhsulun fərqliləşdirilməsi;
kapitala (investisiyaya) olan tələbat;
texnologiyalara əlçatanlıq səviyyəsi,
satış kanallarına çıxış,
istehlakçıların şirkətlərə etibarı (bağlılığı),
hökumətin sahəyə münasibətdə siyasəti (patent siyasəti, lisenziyalaşdırma, sənaye siyasəti və s.);
təlim effektinin mövcudluğu (təcrübə əyrisi) və s.