Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə13/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

Paxlalıları paxla bağlama fazasında (başlanğıcında) yaşıl yem üçün yığdıqda köklərin hesabına bir hektar torpaq sahəsində 40 kq azot ehtiyatı qalır. Qönçələmə-çiçəkləmə fazasında bitkini torpağın altına çevirməklə şumladıqda hər hektar sahəyə 100-110 kq (yaşıl gübrə) azot verilmiş olur.

Dənli-paxlalı bitkilər məhsul vermək üçün onlara lazım olan azot elementinin çox hissəsini köklərində yaşayan fır bakteriyalarının hesabına havanın sərbəst (bioloji) azotundan alırlar. Az bir hissəsi torpağın ehtiyat azotunun hesabına ödənir. Digər bitkilərə nisbətən paxlalılar torpağı az kasıblaşdırırlar. Torpaqda qalan paxlalı bitkilərin qalıqları tez minerallaşır və özündən sonra gələn bitkilərin qidalanmasına əlverişli şərait yaradırlar.


Cədvəl 2.

Dənli-paxlalı bitkilərin yemlilik dəyəri (Prof. M.F.Tommeyə görə)


Bitkilər

Quru dəndə zülalın miqdarı %-lə

Həll olan zülal %-lə

1 sentnerinin yem vahidi

1 yem vahidində həll olunan zülal (qramla)

Dəndə

Yaşıl kütlədə

Dəndə

Yaşıl kütlədə

Soya

39

89

138

21

251

167

Sarı lüpin

36

86

112

15

276

160

Yem paxlası

31

87

129

16

209

163

Lərgə

28

85

109

18

218

205

Səpin noxudu

24

85

117

16

174

205


Əkin sahələri becərilməsi. Dünya əkinçilik sistemində dənli-paxlalı bitkilərin əkin sahəsi 160 mln. Hektaradan çoxdur. Bunun 69 milyon hektarı soyanın, 6 mln. noxudun, 26 mln. lobyanın, 12 mln. nutun, 2 mln. yem paxlasının, 3 mln. mərciməyin və s. payına düşür. Respublikamızda 10 min hektardan çox sahədə dən üçün paxlalı bitkilər becərilir. Əsasən soya, lobya, nut, səpin noxudu kimi bitkilərin becərilməsi üçün əlverişli şərait vardır. Dənli-paxlalı bitkilərin yem üçün becərilməsinin perspektivləri daha çoxdur. Lərgə, çöl noxudu, külül və soya bitkilərinin aralıq və qarışıq əkinləri geniş sahədə becərilir.

Azərbaycanda paxlalıların əkin sahəsi (2013-cü il) 12,8 min hek., ümumi məhsul istehsalı 25,3 min ton və məhsuldarlıq hektardan 19,9 sen/ha. olmuşdur.



Botaniki təsviri. Yarpaqların quruluşuna görə dənli-paxlalı bitkilər 3 qrupa bölünür. 1) Lələkşəkillilər (göy noxud, lərgə, mərcimək, paxla, nut), 2) Üçlü yarpaqlılar (lobya, soya), 3) Barmaqşəkillilər (lüpin).

Birinci qrupun bitkiləri cücərərkən ləpələrini torpaq səthinə çıxartmırlar. Toxumları dərinə səpilir, əkinləri çıxışa qədər və çıxışdan sonra malalanmır.

2-3-cü qrupun bitkilərinin cücərtiləri toxumların ləpəaltı dizciyinin uzanması hesabına bölünür və ləpələri cücərti ilə torpağın səthinə çıxır. Bu qrupun toxumları nisbətən dayaz basdırılır.

Paxlalıların kökləri torpağın 1-2 metr dərinliyinə işləyən mil kökdən və 1-2-3-cü dərəcəli yan köklərdən ibarətdir. Kök kütləsinin 70-90%-i əkin qatında yerləşir.

Gövdələri müxtəlif forma və hündürlükdə olur.

Çiçəkləri kəpənəyə oxşar olmaqla müxtəlif irilikdə və formada olurlar. Çiçək 5 ləçəkdən (yelkəncik, qayıqcıq və kürəklər), 5 kasa yarpağından, 10 erkəncik və 1 dişicikdən ibarətdir. Dişicik 1 yuvalı və çox toxumlu tumurcuqdan ibarətdir. Ləçəyin rəngi ağ, bənövşəyi, qırmızı və s. olur. Meyvəsi paxladır. Paxlalarda dənlərin miqdarı cinsdən asılı olaraq müxtəlif olur. Toxumlar toxum göbəkciyi vasitəsilə paxlaya birləşir.



İnkişaf fazaları. Dənli paxlalı bitkilərdə cücərmə, çıxış, gövdələrin budaqlanması, qönçələmə, çiçəkləmə, paxla bağlama, yetişmə, tam yetişmə fazaları olur.

Bioloji xüsusiyyətləri. Dənli-paxlalı biitkilərin xarici mühit amillərinə münasibəti müxtəlifdir. Belə ki, göy noxud, mərcimək, lərgə bitkilərinin toxumlarının cücərməsi üçün minimum 4-5 0C, maksimum 6-12 0C istilik tələb olunur. Bunların vegetativ orqanlarının formalaşması üçün 16-20 0C əlverişlidir. Göy noxud və mərcimək cücərtiləri 8 0C, lüpin, yem paxlası 6 0C, soya 3-4 0C şaxtaya davam gətirirlər. Lobya cücərtiləri şaxtaya dözməyib məhv olurlar. Lüpin, yem paxlası, nut bitkisinin toxumları 5-6 0C temperaturda cücərməyə başlayırlar. Optimal temperatur 9-12 0C-dir. Generativ orqanlar 18-25 0C-də yaxşı formalaşırlar.

Dənli-paxlalı bitkilər nəmliyə də tələbkardırlar. Lakin, qrunt sularının torpaq səthinə yaxın olmasına və torpağın həddən artıq nəm olmasına dözmürlər.

Göy noxud, lüpin, yem paxlası, soya bitkiləri nəmliyə daha çox tələbkardırlar. Nut və lərgə nəmliyə nisbətən az tələbkardırlar. Dənli-paxlalı bitkilər dənli taxıl bitkilərinə nisbətən qida elementlərinmi daha çox mənimsəyirlər. Bir ton əsas və əlavə məhsulla torpaqdan göy noxud 40-64 kq N, 21 kq P2O5, 29 kq K2O, nut bitkisi-64 kq N, 25 kq P2O5, 60 kq K2O; soya-82 kq N, 26 kq P2O5, 47 kq K2O elementləri aparırlar. Paxlalılar dənədolma dövründə daha çox qida maddələri mənimsəyirlər. Nəmlik çatmadıqda qida elementlərinin bitkiyə daxil olması pisləşir. Hətta bioloji azotun təsbit olunması da zəifləyir.

Günün uzunluğuna münasibətlərinə görə dənli-paxlalı bitkilər 3 qrupa bölünür.

1). Uzun gün bitkiləri (göy noxud, mərcimək, lərgə, lüpin, paxla).

2). Qısa gün bitkiləri (soya, maş.)

3). Neytral qrupa aid bitkilər (nut, lobya)

Dənli paxlalı bitkilərin əksəriyyəti neytral reaksiyalı gillicəli və qumsal torpaqlarda daha yaxşı inkişaf edirlər. Yalnız sarı lüpin zəif turş reaksiyaları mühitdə pH=4,0-4,5 yaxşı inkişaf edir.



Gübrələmə sistemi. Dənli-paxlalı bitkilər fosfor və kalium gübrələrinə daha çox ehtiyac göstərirlər. Onlar bioloji azotu təsbit etdiklərinə görə azot gübrələrinə daha az tələbkardırlar. Azot gübrəsinin verilməsi fır bakteriyalarının fəaliyyətini zəiflədir. İnkişaflarının əvvəlində bitkilərə kiçik normada verilməsi yaxşı nəticə verir.

Fosfor, kalium gübrələrinə tələbat planlaşdırılmış məhsulun miqdarına və torpaqda onların mənimsənilən formada olmasına görə müəyyən edilir.

Respublikamızın Kür–Araz ovalığının torpaqlarının əksəriyyəti fosforla zəif, mübadilə olunan kaliumla orta dərəcədə təmin olunduqlarından, həmin zonada paxlalıların hər hektarına 60-90 kq P2O5 və 40-50 kq K2O gübrələrinin verilməsi məqsədə uyğun sayılır.

Şum altına 5-10 ton peyinlə bərabər 2-3 sentner superfosfat verilir. İllik fosfor normasının 10-15 %-i səpinlə birgə cərgələrin yanına, toxumlardan 3-4 sm aralı verilir. Birinci yemləmə cücərtilər alındıqdan 5-7 gün sonra, ikinci yemləmə isə qönçələmə və ya çiçəkləmə fazasının başlanğıcında verilir. Dənli-paxlalı bitkilərin məhsuldarlığının yüksəldilməsində molibden, bor, manqan və s. mikrogübrələrin rolu böyükdür. Bunlar çatışmadıqda simbioz yaxşı getmir. Dənli-paxlalı bitkilər bakterial gübrələrə də tələbkardırlar. Toxumlar rizotorfinlə (nitragin) mütləq işlənilməlidir. Turş mühitdə becərilən paxlalı bitkilərin toxumlarının hamısı bakterial gübrə ilə mütləq işlənilməlidir. Çünki, turş mühit bakteriyaların fəaliyyətini xeyli zəiflədir. Toxumlar rizotorfinlə işlənərək kölgədə 2-3 saat qaldıqdan sonra dərhal səpilməlidir. Çünki, 5-6 saata bakteriyaların 50%-i məhv olur. Günəş şüası da bakteriyaları məhv edir. Bakterial gübrə ilə toxum işlənərkən 100-200 kq toxum brezent üzərində preparatla işlənir, bakteriya kütləsinin toxuma yapışması üçün toxum kütləsinin 1%-i qədər su çiləmək lazımdır. Toxumları bakterial gübrələrlə işlədikdə paralel olaraq fundazolla da dərmanlamaq mümkündür. Toxumlar bakterial gübrələrlə işlənməmişdən bir ay əvvəl fentatiuramla dərmanlana bilər.



Növbəli əkində yeri. Dənli-paxlalı bitkilər növbəli əkində torpağı alaqlardan yaxşı təmizləyən sələf bitkilərindən kartof, çuğundur, yem turpu, yemlik bostan bitkiləri, pambıq, tütün və qarğıdalıdan sonra yerləşdirilir. Dənli-paxlalı bitkilər eyni xəstəliklərə tutulduğuna və eyni zərərvericilərlə zədələndiklərindən öz tarlasına 4 ildən tez qaytarılmır. Bu bitkilər digər tarla biitkiləri (dənli taxıl) ücün yaxşı sələfdirlər.

Torpağın becərilməsi. Sələflərdən və torpaq-iqlim şəraitindən asılıdır. Payızlıq taxılların məhsulu yığılan kimi kövşənlik 7-8 sm dərinliyində LDQ-10, LDQ-15, LDQ-20 markalı diskli üzləyicilərlə üzlənir. Alaq toxumları cücərdikdən sonra köndələninə 2-ci üzləmə aparılır. Sahəyə üzvi və mineral gübrələr verərək 20-22sm, 25-27 sm, 28-30 sm, dərinliyində şum edilir. Şumdan sonra 2 dəfə KPQ və ya KPS-4 markalı kultivatorla kultivasiya çəkilməlidir.

Səpinqabağı becərmədə 8-10 sm dərinliyində kultivasiya çəkib iki iz malalanmalıdır. (KPS-4, BZSS-1). Son dövrlərdə səpinqabağı becərmədə RVK-3, RVK-3,6, RVK-5 markalı kompleks aqreqatlardan istifadə olunur. Səpinqabağı kultivasiyadan sonra lobya, soya becəriləcək sahələrdə SQ-21 markalı dişli vərdənə çəkilir. Bu tədbir toxumların eyni dərinliyə düşməsinə və bərabər çıxışlar alınmasına kömək edir.



Toxumun səpinə hazırlanması. Səpin üçün 1-ci və 2-ci sinfə aid yüksək keyfiyyətli toxumlardan istifadə olunmalıdır. Səpindən bir ay əvvəl toxumlar kök çürümə və askoxitoz xəstəlitklərinə qarşı 1 tona 2-3 kq fundazol, 3-4 kq fentiuram və ya 1-2 kq taciqranla dərmanlanmalıdır. Bu iş «Mobitoks» Psqi-3 markalı maşınlarda aparılır. Səpindən əvvəl toxumlar bakterial preparatlarla işlənilməlidir.

Səpin üsulu, müddəti normaları. Səpin müddəti bitkinin bioloji tələbatına uyğun müəyyən edilir. Soyuğa nisbətən davamlı olan səpin və çöl noxudu, yem paxlası bitkilərinin toxumları payızda və erkək yazda səpildikləri halda, istilik sevən lobya və soyanın toxumları torpağın əkin qatında 8-120C istilik olduqda səpilir.

Səpin üsulu torpaq-iqlim şəraitindən, nə məqsəd üçün becərilməsindən və yerüstü kütlənin iriliyindən asılıdır. Yaşıl gübrə və ya yaşıl kütlə məqsədilə becərildikdə toxum üçün becərilməsinə nisbətən bitkiyə daha az qidalanma sahəsi verilir.

Səpin norması, səpin üsulundan torpaq-iqlim şəraiti və bitkinin nə məqsədlə becərilməsindən asılıdır. Suvarma şəraitində daha yüksək səpin norması qəbul edilir. Toxumluq sahələrə, yaşıl yem üçün becərilən sahələrə nisbətən az toxum səpilir.

Dənli-paxlalı bitkilərin əkinlərinə qulluq işləri alaqlara qarşı mübarizə tədbirləri, suvarma, cərgəaralarının becərilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə, əkinlərə yemləmə gübrəsinin verilməsi və s.-dir.



Məhsulun yığılması. Dən üçün becərildikdə məhsul ya bir başa, ya da ki, hissə-hissə yığılır. Nut və soyanın dənini bir başa kombaynla yığmaq mümkündür. Göy noxud yem paxlası, lərgə və s. bitkilərin məhsulu isə iki mərhələdə yığılır. Əvvəlcə məhsul biçilib yerə tökülür, 2-ci mərhələdə taxılyığan kombaynın barabanlarını dəni kütlədən ayırmaq üçün nizamlayaraq işi başa çatdırırlar.

Dənli-paxlalı bitkilərin yaşıl kütlə məqsədi üçün becərilməsi. Bu bitkilər, heyvandarlığı zülalla zəngin olan yaşıl yemlə təmin etmək üçün də becərilir. Bunların yaşıl kütləsi həm təzə halda heyvanlara yedizdirilir, həm də ondan senaj və ot unu hazırlanır. Respublikamızın aran və dağətəyi zonalarında yaşıl kütlə məqsədilə əsasən çöl noxudu və gülül bitkiləri becərilir. Onlar soyuğa davamlı olduqlarından payız səpinində qışı yaxşı keçirir və yazın ortalarında keyfiyyətli yaşıl kütlə məhsulu əmələ gətirirlər. Yaşıl yem məqsədilə dənli-paxlalı bitkilərin yaz və kövşənlik səpinlərindən də istifadə olunur. Son dövrlərdə soya, lərgə, yem paxlası yaşıl kütlə məqsədilə daha çox becərilir. Qulluq işləri dənlik əkinlərində olduğu kimidir. Yığımı çiçəkləmə fazasında apardıqda hektardan istehsal ediləcək zülalın miqdarı bitkinin məhsul vermə imkanından çox aşağı olur (30-40%). Ona görə də yığımı aşağıdakı paxlalar saralmağa başladıqda aparmaq lazımdır.

Paxlalı bitkilərin qarışıq əkinləri. Dənli taxıl bitkilərin yaşıl yeminin tərkibində zülalın miqdarı az olur. Belə ki, qarğıdalının yaşıl kütləsində zülalın miqdarı göy noxuddakına nisbətən 3 dəfə, səpin lərgəsinə nisbətən 3,5 dəfə az olur. Ona görə yemlərin keyfiyyətini yüksəltmək üçün dənli taxıl bitkilərini dənli-paxlalı bitkilərlə qarışıq əkirlər. Qarışıq əkinlər üçün komponentlər seçərkən onların böyümə və inkişaf xüsusiyyətlərini, eləcədə yetişmə müddətlərini nəzərə almaq lazımdır. Qarışıq əkində dənli taxıl bitkilərinin yaşıl kütləsində həzm olunan zülalın miqdarı xeyli yüksəlir. Yaşıl kütlə məhsulunun yemlilik dəyəri komponentlərin ümumi məhsulda nisbətindəndə asılıdır. Belə ki, vələmir +gülül qarışığında gülül qarışığının miqdarı 20-30%-dən 55-60%-ə çatdıqda, yaşıl kütlənin tərkibində həzm olunan zülalın miqdarı 9%-dən 14%-ə qalxır. Yaşıl kütlə məhsulunun tərkibində komponentlərin əlverişli nisbətdə olmasına nail olmaq üçün səpin üsulu və səpin sxemini düzgün seçmək lazımdır.

  1. 1-cərgə qarğıdalı və ya sorqo, 1 cərgə paxlalı.

  2. 2-cərgə qarğıdalı və ya soya, 1 cərgə paxlalı.

  3. 2-cərgə qarğıdalı və ya soya, 2 cərgə paxlalı.

Bir yuvaya 2-3 qarğıdalı, 4-5 paxla toxumu səpilir. Bəzən səpin normasını 2:1 nisbətində götürürlər.

Dənli-paxlalı bitkilərin göy noxud, lərgə və gülülün təmiz əkinlərində gövdələr yatmış vəziyyətdə olduğundan məhsul çətin yığılır və keyfiyyəti pisləşir. Ona görə də bu bitkilər yerə yatmayan taxıl və yağlı bitkilərlə qarışıq becərildikdə yaxşı nəticə verir. Qarışıq əkinlərdə fotosintez məhsulları da təmiz səpinlərdən yüksək olur. Ona görə də qarışıq əkinlərdən sahə vahidinə görə daha çox quru maddə, həzm olunan zülal və yem vahidi alınır. Qarışıq əkinlərin yaşıl kütləsindən keyfiyyətli silos alınır.



Dənli paxlalı bitkilərinin yaşıl gübrə üçün becərilməsi. Bitkilərin gövdələrində cinsdən asılı olaraq hektara 100-400 kq-a qədər azot toplana bilər. Odur ki, əkinçilikdə torpağın münbitliyini yüksəltmək üçün paxlalı bitkilərin mühüm əhəmiyyəti vardır. Qida maddələri ilə zəif təmin olunmuş qumlu və qumsal torpaqlarda paxlalıların (lüpin, göy noxud, lərgə) yaşıl kütləsini torpağa basdırdıqda burada həm azot, həm də kül elementlərinin ehtiyyatı artır. Həmçinin torpağın susaxlama və su qaldırma xassələri də yaxşılaşır. Respublikamızın ağır torpaqlarında hava, qida və su rejimləri daha əlverişli olur (yaşıl gübrə hesabına).

Yaşıl gübrə məqsədi üçün torpaq-iqlim şəraitinə uyğun bitki seçilməlidir. Əkinlərdə səpin müddəti, səpin üsulu və səpin normaları nəzərə alınmalıdır. Bunlara riayət edildikdə hektardan 400 senterə qədər yaşıl kütlə məhsulu götürmək mümkündür. Bu hesabla kartofun məhsulu 2-3 dəfə, taxıl bitkilərininki isə 3,5-3,7 dəfə artır.

Dənli - paxlalı bitklərin yaşıl kütləsi paxla bağlama fazasının başlanğıcında yerə yatızdırılıb şumlanır. Yaşıl gübrə məqsədilə səpini yazda, yayda və ya payızda aparmaq olar.

Soyanın xalq təsərrüfatı əhəmiyyəti
Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal çox olduğuna görə paxlalı, yağ çox olduğuna görə isə yağlı bitkilər qrupuna aid edilir. Dəndə 33-45% zülal, 25-27% yağ və 25-27% sulu karbonlar vardır (hətta zülal 52%-ə də çatır).

Soya becərən təsərrüfatlar 2 məhsul: tam qiymətli zülal və bitki yağı alırlar. Soyanın zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir. Soya dənində olan zülal arpaya nisbətən 3,6 qarğıdalı dəninə nisbətən isə 4 dəfə çoxdur.

Soyanı ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qənnadı məmulatı, konserv və başqa məhsullar alınır.

Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Eyni zamanda lak boyaq sənayesində də istifadə olunur.

Dünyada istehsal olunan bitki yağını istehsalına görə soya birinci yer tutur. Onun payına 40%, günəbaxanın payına isə 18-20% düşür.

Soyanı digər dənli - paxlalı bitkilərdən fərqləndirən onun zülalisinin amin turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın olması və insan orqanizmi tərəfindən asanlıqla mənimsənilməlidir. Lizin, triptofan və metionin kimi amin turşuları soyanın tərkibində vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu halda, 1 kq soya ununda 27 qram lizin vardır.

Soya unu və jımığı heyvanlar üçün çox dəyərli yemdir. Jımıxda 47%-ə qədər, unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində 1,31 - 1,47 yem vahidi, 275-338 qram həzm olunan protein olur. Ümumiyyətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı yaşıl yem və silos üçün də becərmək olar. Silos məqsədi üçün qarğıdalı və sorqo ilə qarışıq əkilir. Soyanın 100 kq yaşıl kütləsində 21 yem vahidi, 3,5 kq həzm olunan zülal vardır. Gövdəsinin (saman) 100 kq-da 32 yem vahidi, 5,3 kq zülal vardır ki xırda davarlar (qoyun) tərəfindən yaxşı yeyilir. Ot üçün biçilmiş kütləsinin 100 kq-da 51 yem vahidi, 15,4% zülal, 5,2% yağ, 38,6% sulu karbonlar, 7,2% kül, 22,3% sellüloza vardır.

Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir.



Bitkinin tarixi. Soyanın vətəni cənubi-şərqi Asiya hesab olunur. O, çinlilərə bizim eradan 6 min il əvvəl məlum olub sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və İndoneziyada becərilmişdir. Avropada nisbətən gec, XVIII əsrdə becərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı qədimdən becəriblər.

Becərilməsi məhsuldarlığı. Əkin sahəsinə görə dənli-paxlalı bitkilər içərisində soya birinci yeri tutur (dünyada). Dünya əkinçilik sistemində onun əkin sahəsi 67 mln hektardır. Soyanı təxminən 50-yə yaxın ölkədə becərirlər. Soyanın əkin sahəsi ABŞ-da 30 mln, Çində 15 mln, Braziliyada 3,0 mln hektardır. Bu bitki Hindistanda, Yaponiyada, Vyetnamda, İndoneziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və Cənubi Amerikada, Ukraynada, Rusiyada, Moldaviyada, Şimali Qafqazda, Gürcüstanda və Azərbaycanda becərilir. Dünya üzrə orta məhsuldarlıq 14-15 sentnerdir.

Keçmiş SSRİ-də soyanın əkin sahəsi 1mln hektar və məhsuldarlığı isə orta hesabla 10 sentner olmuşdur. Qabaqcıl təsərrüfatlarda suvarma şəraitində dən məhsuldarlığı 25-30 sentner, yaşıl kütlə məhsuldarlığı isə 250-300 sentner olmuşdur.



Bioloji xüsusiyyətləri. Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18-25 0C temperatur tələb edir. Toxumlar 6-8 0C temperaturda cücərir. Soyanın cücərtisi –2-5 0C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15-40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakət torpaqlardan başqa digər torpaqlar soya üçün əlverişlidir. Soya pH=6,5-7,0 olan neytral reaksiyalı torpaqlarda daha yaxşı inkişaf edir.

Becərilməsi. Əsasən su ilə yaxşı təmin olunmuş şabalıdı, açıq-şabalıdı boz-qonur torpaqlar və s. soya üçün yararlıdır.

Növbəli əkində soyanı dənli taxıl, qarğıdalı və pambıq bitkisindən sonra becərmək olar. Soyanı, soyadan, günəbaxandan, birillik dənli-paxlalılardan və çoxillik paxlalı yem otlarından sonra əkmək olmaz.

Sələf dənli taxıl bitkiləri olarsa məhsul yığılan kimi küləş sahədən çıxarılmalı və kövşən yeri üzlənilməlidir.

Birinci üzləməni 6-8 sm dərinlikdə LDQ-5 və LDQ-10 markalı üzləyicilərlə üzləmək, əgər ehtiyac varsa 2-ci üzləməni BDT-2,5 və BDT-3 markalı ağır diskli malalarla 10-12 sm dərinlikdə aparırlar. Üzləmədən 10-15 gün sonra sahə PƏ-5-35 markalı kotanla 28-30 sm dərinlikdə şumlanmalıdır.

Qarğıdalıdan sonra sahə iki iz ağır diskli mala ilə disklənməli və bundan sonra əkin qatı dərinliyində (25-27 sm) şumlanmalıdır.

Soya gübrələməyə həssas bitkidir. Təcrübələrlə müəyyən edilmişdir ki, soya 20 sentner dən məhsulu əmələ gətirmək üçün 142 kq N, 32 kq P2O5, 35 kq K2O mənimsəyir. Əsas şum altına N 60-90 kq, P2O5 60-90 kq, K2O 30-54 kq verilməlidir. Azot kübrəsinin 30%-i səpinqabağı, qalan hissəsi yemləmə şəklində 2 dəfəyə, o cümlədən 40%-i çıxış alınandan 2-3 həftə sonra, 30%-i isə paxla əmələgəlmə və dənədolma dövründə verilməlidir. Kübrələr RUM-5,1; RMQ-4 markalı kübrə səpən maşınlarla verilə bilər.

Səpin üçün 1-ci sinfə aid olan sort toxumlar götürülməlidir.

Səpindən əvvəl toxum rizotorfinlə (nitragin) hektarlıq toxuma 200 qram hesabı ilə işlənməlidir. Həmin miqdar rizotorfin 1,2 litr suda həll edilərək toxuma çilənməlidir. Bakterioz, kök çürüməsi, aminomikoz, fuzarioz xəstəliklərinə qarşı mübarizə məqsədi üçün səpinə ən azı 3-4 həftə qalmış 1 ton toxuma 1-2 kq 70%-li taçiqran işlənilməlidir.

Məftil qurdlarına və bakterioz xəstəliyinə qarşı fentouramın tətbiqi yaxşı nəticə verir. 60%-li fentouramdan 1 ton toxuma 4,6 kq işlətmək məsləhət görülür.

Toxum PSQİ-5, PS-10, «Mobitoks» maşınlarında yarımquru üsulla dərmanlana bilər. Mütləq kütlədən asılı olaraq hektara 50-90 kq (400-600 min ədəd) cücərə bilən toxum səpilməlidir. Soya gencərgəli nöqtəvi üsulla, yəni cərgəarası 45-60 sm olmaqla səpilə bilər.

Torpaq yazda VP-8, VPN-5,6 markalı hamarlayıcılarla və ya təsərrüfatın özündə hazırlanan alətlər ilə səthdən hamarlanmalıdır. Alaqlar göründükdə 6-8 sm dərinlikdə kultivasiya çəkilməlidir. Səpinə 1 həftə qalmış təsiredici maddə hesabı ilə 1,2-1,5 kq treflan herbisidi 200-300 litr suya qarışdıraraq POU, ON-400 və ya OBT-1 yerüstü çiləyicilərlə çilənməli və başdan-başa becərən kultivatorla suvarılmamış sahələrdə BDT-2,5 və ya BDT–3 markalı üzləyicilərlə 8-10 sm dərinlikdə torpağa qarışdırılmalıdır.

Səpin əkin qatında temperatur 10-120C olduqda aparılır. Toxumlar arat olunmuş sahələrə səpilir. Arat olunmayan yerlərdə isə səpindən sonra dərhal suvarma aparılmalıdır. Səpin SZSŞ-3,6; SPÇ-6M; SZ-3,6; SZU-3,6 aqreqatlarla aparılır.

Kütləvi çiçəkləmə, paxlaların əmələ gəlməsi və dənin dolması mərhələlərində soya nəmliyə ən çox tələbat göstərir. Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı 4 dəfə suvarılmalıdır. Birinci suvarma budaqlanma, 2-ci suvarma çiçəklənmənin başlanğıcında, 3-cü suvarma paxlalar əmələ gəldikdə və 4-cü suvarma dən dolmağa başladıqda keçirilməlidir. Suvarma yağış yağdırma üsulu ilə hektara 500-600 m3, şırımlarla infiltrasiya yolu ilə 700-800 m3 su normasında keçirilir.

Torpağın su-hava xassələrini yaxşılaşdırmaq üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1-2 iz KRN-38 yaxud torlu mala ilə malalayırlar. Vegetasiya dövründə cargəaraları 2 dəfə KRN-4,2 markalı kultivatorla yumşaldılmalıdır.

Vegetasiya müddətində tor gənəciyinə və yarpaqyeyən həşəratlara qarşı karbofosun 30%-li emulsiyası ilə hektara 1-1,5 kq, fosfamidlə Bİ-5,8 1 kq normada çiləmə aparılır. Çiçəkləmədən sonra çiləmə kükürd tozu ilə əvəz edilir.



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin