Multikulturalizm cavab
1.Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti
“Multikulturalizmə giriş” fənninin predmetinə gəldikdə isə, cəmiyyətdəki çoxmədəniyyətliliyin, yəni etnik, irqi, dini və mədəni müxtəlifliklərin, bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunmasının yollarını öyrədir. Fənnin predmetinin tərifində onun məqsədi aydın şəkildə özünü büruzə verir. Müasir multikultural cəmiyyətdə etnik, irqi, dini və mədəni müxtəlifliklərin, həmçinin bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunmasının yollarının müəyyən edilməsi “Multikulturalizmə giriş” fənninin məqsədidir. “Multikulturalizmə giriş” fənninin obyekti olan çoxmədəniyyətliliyi digər fənlər də öyrənə bilər. Məsələn, çoxmədəniyyətlilik fəlsəfə, sosiologiya və mədəniyyətşünaslıq kimi elmlər üçün də tədqiqat obyekti qismində çıxış edə bilər. Lakin bu sadalanan elmlərin hər biri çoxmədəniyyətliliyə öz predmetinə uyğun şəkildə yanaşır. Fəlsəfə çoxmədəniyyətliliyin əsasən mahiyyətini, sosiologiya onun cəmiyyətdə formalaşmasını, digər sosial hadisələrlə münasibətlərini, mədəniyyətşünaslıq isə daha çox əhəmiyyətini ön plana çəkir.. O, fəlsəfə, tarix, sosiologiya, kulturologiya, hüquq, politologiya kimi ictimai elmlərin müddəalarına əsaslanır. Bu müddəalar “Multikulturalizmə giriş” fənninin predmetinin əsaslı şəkildə dərk olunmasına kömək edir. Fəlsəfə “Multikulturalizmə giriş” fənninin nəzəri-metodoloji əsasını təşkil edir.
Müasir dövrdə isə multikulturalizmin nəzəri əsaslarından olan liberalism və kommunitarizm yanaşmaları öz mahiyyətinə görə fəlsəfi yanaşmadır. “Multikulturalizmə giriş” fənninin bir çox nəzəri müddəaları müxtəlif ölkələrdə baş verən hadisələrin ümumiləşdirilməsinın nəticəsində əldə edilmişdir. Tarix elmi tərəfindən empirik material kimi təqdim olunan faktlar, xüsusilə də müxtəlif ölkələrdə etnik, dini, irqi və mədəni müxtəlifliklərin tənzimlənməsi təcrübəsi bu fənnin bir sıra mühüm müddəalarının əsaslandırılması üçün mühüm rol oynayır. Sosiologiya ilə “Multikulturalizmə giriş” fənninin münasibətinə gəldikdə qeyd etmək lazımdır ki, sosiologiya elmi multikulturalizmə bir sosial hadisə kimi yanaşaraq onun mahiyyətinin müəyyən edilməsi istiqamətində mühüm rol oynayır. Bundan başqa sosiologiya multikulturalizmi bir sosial hadisə kimi sosioloji metod vasitəsilə tədqiq edərək onun digər ictimai hadisələrdən, ilk növbədə mövcud iqtisadi münasibətlərdən, dövlətin daxili və xarici siyasətindən,cəmiyyətin sosial strukturundan, hakim ideologiyadan, titul xalqın etnikmədəni dəyərlərindən asılılığını müəyyən edir. Başqa sözlə desək, sosioloji metod multikulturalizmin mahiyyətini, hərəkətverici qüvvələrini bu və ya digər cəmiyyətin inkişafı ilə əlaqələndirir. Kulturologiya dünya xalqlarının mədəniyyətində, ədəbiyyatında, incəsənətində əks olunan etnik, dini və mədəni dəyərləri onların dünyagörüşlərinin və fəaliyyətlərinin mühüm bir istiqamətverici faktoru kimi təqdim edir. Bu, həm mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyasını, həm də multikulturalizmin cəmiyyətdəki etnik, dini, irqi və mədəni müxtəlifliklərin tənzimlənməsində əlverişli siyasət modeli olmasını təsdiqləyir. Hüquq elmi etnik, irqi, dini və mədəni azlıqların hüquqlarının müdafiə olunması və onların etnik-mədəni dəyərlərinin qorunması sahəsində beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədləri təhlil etməklə multikulturalizmin, tolerantlığın beynəlxalq müstəvidə yayılmasına dair məlumat verir.
Dostları ilə paylaş: |