1)Böyük Britaniyada-Etnik-mədəni müxtəlifliyin qorunmasını və inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm siyasəti, bu siyasətin mahiyyəti və müxtəlif modelləri müasir dövrdə Avropa ölkələrində əsas müzakirə mövzularından birinə çevrilmişdir. Bu siyasət bəzi Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada etnik, dini və ya mədəni müxtəlifliklərin harmoniyası və birgəyaşayışın əsas təminatçısı kimi nəzərdən keçirilir və müxtəlif siyasi modellər vasitəsilə icra edilir. Digər tərəfdən isə, əsasən sağçı millətçi siyasi partiyalar tərəfindən immiqrasiya əleyhinə səslənən fikirlər nəticəsində multikulturalizm siyasətindən müəyyən qədər uzaqlaşma meydana gəlmişdir. Böyük Britaniyada multikulturalizm, ilk növbədə, immiqrantların hüquqlarının təminatı ilə bağlıdır. Burada immiqrantların mədəni hüqüqlarının təmin edilməsi multikulturalizm siyasətinin əsas istiqamətidir.
Böyük Britaniyada etnik azlıqların mədəni kimliklərin ifadəsi dözümlülük prinsipinə söykənən “çoxmədəniyyətli cəmiyyət” konsepsiyası çərçivəsidə təmin edilir. Bu siyasət bir çox özünəməxsus etnikmədəni adət-ənənələri (müsəlman qızların hicab bağlaması, Siqh dinində ənənəvi papaqların qoyulması və s.) qanunda nəzərdə tutulan xüsusi istisnalar olaraq həyata keçirilir. Çoxetniklik haqlarının (polyethnic rights) təminatı adlanan bu siyasət immiqrantların təşkil etdiyi etnik-mədəni və dini azlıqların xüsusi kimliklərini ifadə etməkdə təzahür edir. Bu siyasətin bəzi nümunələrinə aşağıdakıları misal çəkmək olar. Böyük Britaniyada müsəlmanlar və yəhudilər üçün heyvanların kəsilməsini qadağan edən qanunlarda istisnaların nəzərdə tutulması və bu qanunların onlara şamil edilməməsi çoxetniklik haqlarına misal göstərilə bilər. Belə ki, dini və etiqad azadlığının təmin edilməsi məqsədi ilə müsəlman və yəhudilər üçün qanunda xüsusi güzəştlər tətbiq edilir və onlar dini bayramlarında qurban ayinlərini yerinə yetirə bilir. Bu nümunələr arasında, həmçinin müsəlman qadınlara dövlət qulluğunda olarkən nizamnamədə nəzərdə tutulan geyim formasında güzəşt və istisnaların tətbiq edilməsini; Siqh dininə mənsub olanlar üçün yol hərəkəti qaydalarında ənənəvi geyimlərlə bağlı müəyyən güzəştlərin tanınmasını qeyd etmək mümkündür. Böyük Britaniyada etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin digər subyekti də dövlət məktəbləridir. Belə ki, istər tədris proqramının mədəni müxtəlifliyi kifayət qədər əks etdirməsi, istərsə də məktəb müəllimlərinin etnik-mədəni müxtəlifliyə həssaslığını nəzərdə tutan təhsil islahatları həyata keçirilir.
2)Fransada-Fransada etnik-mədəni müxtəlifliyin azad ifadə edilməsi və tanınması ətrafındakı müzakirələr 1980-ci illərdə başlamışdır. Həmin vaxt Avropadakı millətlərarası inteqrasiya və immiqrasiya problemlərinin həlli istiqamətində Fransa siyasi dairələrində müxtəlif nəzəriyyələrin irəli sürülməsi bu mövzularda dərin fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. Fransa dövləti dini və etnik rəngarənglik baxımından diqqəti cəlb edən, Avropada ən çox immiqrant qəbul edən ölkələrdən biridir. Xüsusilə, XX əsrdə buraya Əlcəzair və Mərakeşdən böyük miqrasiya axınları baş vermişdir. Məsələn, 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi hesabata əsasən, ölkədə təxminən 5-6 milyon müsəlman (ümumi əhalinin təxminən 8%-i və ya 10%-i) yaşayırdı. Miqrantların mövcud ictimai-siyasi quruluşa inteqrasiyasını nəzərdə tutan və getdikçə multikulturalizmdən uzaqlaşan fransız modeli, əsasən assimilyasiya strategiyasını icra etməyə çalışmışdır. Belə ki, bu model immiqrasiya ilə formalaşan etnik-dini birliklərin qarşılaşdığı problemləri fransız mədəniyyətinə inteqrasiya etməklə həll etməyi nəzərdə tuturdu. Başqa sözlə desək, etnik birliklərə mənsub olanları hakim mədəniyyətinə inteqrasiya etdirərək bərabərhüquqlu fransız vətəndaşına çevirmək bu siyasətin prioritet istiqamətidir. 1980-ci illərdən etibarən keçmiş müstəmləkələrdən Fransaya miqrantların axını prosesi mədəni müxtəlifliyin tənzimlənməsi üçün yeni çağırışlar yaratmışdır. Bu problemin həlli istiqamətində 1993-cü ildə Tarif və Ticarət üzrə Baş Sazişdə (GATT) Fransa tərəfindən xüsusi bir strategiya irəli sürülmüşdür. Bu siyasi strategiya mədəni müxtəlifliyin istisna təşkil etdiyi ideyasından çıxış edərək (cultural exception) etnik-mədəni müxtəlifliyin qorunmasını nəzərdə tuturdu. Lakin bu siyasət özünü doğrulda bilməmişdir. Fransada müasir dövrdə “regional pozitiv diskriminasiya” (ZUS) siyasəti müxtəlif yerlərdə zəif və az təmsil olunmuş sosial qrupların önə çəkilməsini nəzərdə tutur. Bu siyasət bir çoxları tərəfindən respublikaçılıqdan uzaqlaşma və multikulturalist siyasətə doğru atılan yeni bir addım kimi qiymətləndirilmişdir.
Dostları ilə paylaş: |