Milli şüur hər şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi (etnos) ilə bağlıdır. Hər bir insan danışdığı dilin milli varlığıdır. Deməli, milli şüur formalaşdırılarkən dil amili birinci yerdə dayanır. Burada genetik amilin, yəni eyni qanı daşıyan nəsillərin etnos birliyinin-milliyyətin də xüsusi rolunu qeyd etmək lazımdır. Genetik amil (qan birliyi) milli özünüdərkin daxili posesidir. Bu proses insanda şüuraltının (təhtəlşüurun) oyanışına, onu öz etnikliyini tanımasına sövq edir. Milli şüurun formalaşmasında milli mentalitetin də rolu böyükdür. XIX əsrin ortalarından başlayaraq çar Rusiyasının işğalı altında olan Şimali Azərbaycan ərazisindəki müxtəlif türk boyları ilk növbədə qan-nəsil (etnos), dil və mədəniyyət birliyindən çıxış edərək milli varlıqlarını ifadə etməyə çalışmışlar. O dövrün Azərbaycan ziyalıları tayfa və xanlıq şüurundan əl çəkərək çağdaş dövrün tələblərinə uğyun millət olmanın əhəmiyyətini anlamışlar. Artıq Bakıxanov, Axundzadə, Zərdabi kimi Azərbaycan mütəfəkkirləri hər hansı milli və dini məsələyə bir tayfa, yaxud bir bölgənin miqyasında deyil, QafqazAzərbaycan türklərinin səviyyəsində yanaşmışdırlar. Milli ideologiya anlayışının nisbətən dəqiq təhlilini vermək üçün isə daha bir mübahisəli məqama – milli ideya və milli ideologiyanın fərqinə aydınlıq gətirmək zərurəti yaranır. Məlum olduğu kimi, milli ideya və milli ideologiya anlayışlarına müasir fəlsəfədə və politologiyada müxtəlif yanaşmalar mövcuddur. Belə ki, bəzi alimlər bu anlayışların tamamilə fərqli, digərləri isə eyni məzmun kəsb etdiyini bildirirlər. Birinci qrup yanaşmanın tərəfdarları milli ideya və milli ideologiyanı bir-birindən ayırmayaraq, bu anlayışları sadəcə sinonim kimi işlədirlər.
İdeya fəlsəfi ədəbiyyatda elmi idrak formalarından biri kimi təqdim olunur və məntiqi idrakın anlayış formasına yaxındır. İdeyanın anlayışdan fərqi ondadır ki, hər bir ideya anlayış olduğu halda, heç də hər bir anlayış ideya deyildir. Anlayış o halda ideya kimi qəbul edilir ki, özündə yeni bilikləri, fəaliyyət üçün stimul verən yeni fikirləri sintez etmiş olsun. Nəzəri biliyin məzmunu mahiyyəti əks etdirən ideyalarda ifadə olunduğundan, hər bir ideya məntiqi cəhətdən biliklərin sistemləşdirilməsi və nəzəriyyənin qurulması prosesini xarakterizə edir. İdeya nəzəriyyənin elementi, onun əsası, nəzəriyyə isə artıq inkişaf etmiş ideyadır.İdeologiya ictimai şüurun yüksək səviyyəsi olub müəyyən sinfin, millətin, partiyanın, siyasi cərəyanların, ictimai hərəkatların dünyaqörüşünü, idealını və hədəflərini əks etdirən siyasi, sosial, hüquqi, fəlsəfi, dini, etik, estetik ideya və baxışlar sistemidir. Görkəmli alman sosioloqu O.Lemberqə görə, ideologiya insan cəmiyyətinin hərəkətəgətirilmə və idarəolunma sistemidir. Onun fikrincə, ideoloji sistemlər insan fəaliyyətini canlandırır və onu idarə edir. İnstinktlərin təsirindən azad olan müasir insan ideologiya sferasında istinad nöqtəsi axtarmağa məcburdur
Dostları ilə paylaş: |