Nəşr olunmuş elmi işlər və keçirilmiş elmi tədbirlər
Xəzər Universiteti xaricdə nəşr edilən məqalələrin sayının artırılmasına xüsusi diqqət yetirir. Universitet əməkdaşlarının elmi məqalələri universitet daxilində fəaliyyət göstərən “Xəzər Humanitar və Sosial Elmlər” (2015-ci ildə Tomson Röytersin indeksinə daxil edilmişdir), Azərbaycan arxeologiyası”, “Xəzər Elm və Texnologiya” jurnalları və digər respublikadaxili jurnallardan başqa Amerika və Avropada nəşr olunan yüksək reytinqli elmi jurnallarda da dərc olunur. Son üç ildə, o cümlədən 2016-cı ildə, Xəzər əməkdaşlarının məqalələri Journal Boundary value Problems, Pilot tests results, Journal on Future Engineering and Technology, East European Politics, European Journal of Operational Research, Φιλοσοφία: International Journal of Philosophy və sair kimi impakt faktorlu jurnallarda çap olunmuşdur.
Universitetdə elmi konfranslar və beynəlxalq toplantıların keçirilməsi üçün Bəşir Səfəroğlu 122 kampusunda yerləşən 285 yerlik "Dünya konsert salonu", Neftçilər kampusunda 190 yerlik “Mərmər” zal və konfrans salonu, universitetin Binəqədi kampusunda yerləşən təqribən 300 nəfərlik konfrans/konsert salonu mövcuddur. Bundan başqa universitetdə videokonfransların keçirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuş 50 nəfərlik konfrans zalı da istifadədədir. Universitetdə vaxtaşırı qonaq olan xarici universitetlərin nümayəndələri, professorlar məruzə və mühazirələrlə Xəzər universiteti tələbələri və işçi heyəti qarşısında çıxışlar edir. Həmçinin Xəzər Universiteti beynəlxalq konfrans və toplantılara təşkilatçılıq edir.
2016-cı il dekabrın 12-də Xəzər Universiteti KİM-nin “Elektron informasiya xidmətləri” bölməsi İqtisadiyyat və menecment fakültəsinin bakalavr tələbələri üçün “Elektron resursların effektiv idarə olunması” adlı təlim proqramı keçirmişdir. Təlimdə tələbələrə elektron kataloqdan istifadə qaqaydaları (OPAC), onlayn məlumat bazaları və onların axtarış üsulları və dünya ali məktəblərinin Webometrics reytinqinə görə birinci olmuş Xəzər Universitetinin Elektron Arxivi barəsində geniş məlumat verilmişdir.
2016-cı il dekabrın 5-də Xəzər Universitetinin “Mərmər” zalında İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədovun təşkil etdiyi “Avrasiya Bilik Mərkəzi” adlı konfrans keçirilmişdir. Konfrans iştirakçılarla Avrasiyanın neft və qaz ixrac edən ölkələrinin hüquq və maliyyə rejimlərini müzakirə etmək, onlarla bu mövzuda treninq keçmək məqsədilə təşkil olunmuşdur.
2016-cı il noyabrın 30-da Mühəndislik və tətbiqi elmlər fakültəsinin kimya və neft mühəndisliyi ixtisası üzrə tələbələri üçün mühazirə təşkil olunmuşdur. Təbriz şəhəri Sahand Neft və Qaz Tədqiqat İnstitutunun direktoru Dr. Seyid Əlirza Tabatabaei Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin kimya və neft mühəndisliyi ixtisası üzrə bakalavr, magistr və doktorant tələbələri üçün universitetin “Mərmər” zalında “Neftin bərpa edilməsi metodlarında inkişafa ümumi baxış” adlı mühazirə ilə çıxış etmişdir.
2016-cı il noyabrın 24-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşəbbüsü ilə Təhsil fakültəsi tarix ixtisasının I və II kurs tələbələri ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, paleolit dövrü üzrə tanınmış arxeoloq Azad Zeynalovun görüşü keçirilmişdir. Görüş zamanı Azərbaycanın paleolit dövrünün tədqiqi tarixi, abidələr və tapıntılar haqqında maraqlı elmi mühazirə oxunmuşdur. Bundan başqa, 2016-cı il noyabrın 25-də Xəzər Universiteti Tarix və arxeologiya departamenti tərəfindən təşkil olunmuş ABŞ-ın Nyu-York ştatı Roçester Universitetinin professoru Michael Jarvis ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və Xəzər Universitetinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa ətrafında elmi seminar keçirilmişdir.
2016-cı il noyabrın 8-də Gənclər və İdman Nazirliyinin bir qrup əməkdaşı Xəzər Universitetində gənclərin İKT və elmi biliklərinin inkişafına dəstək vermək, yaradıcılıq potensialını üzə çıxarmaq və ətrafda mövcud olan problemlərin “robotik” həllərini tapmağa sövq etmək məqsədi daşıyan Xəzər Dünya Robot Olimpiadasına hazırlıq üzrə təqdimat keçirmişdir.
Dostları ilə paylaş: |