İstibra (sidik kanalının şər’i qaydada təmizlənməsi)
Məsələ 78: İstibra kişilərə aid müstəhəb bir əməldir. İnsan sidiyə getdikdən sonra növbəti qaydada istibra əməlini yerinə yetirir: Cinsi alət bir neçə dəfə kökündən üzü yuxarıya sıxılmış halda sığallanır. Sonra yuxarı hissə bir neçə dəfə sıxılır ki, kanalda qalan sidik xaric olsun. Spermanın (məni) istibrası üçün isə sperma xaric olduqdan sonra sidiyə getmək lazımdır. Bu halda kanalda qalan hissə təmizlənir.
Məsələ 79: İnsanın cinsi alətindən xaric olan rütubətlər (sidik və spermadan başqa) bir neçə qisimdir:
1. Bə’zən sidikdən sonra azca ağ və yapışqan şəkilli su xaric olur. Bu su “vəd’i” adlanır.
2. Mazaqlaşma zamanı xaric olan rütubət “məz’i” adlanır;
3. Spermadan sonra xaric olan rütubət “vəz’i” adlanır.
Əgər kanal sidik və spermaya bulaşıq deyilsə, qeyd olunan bu üç rütubət pakdır, dəstəmaz və qüslü batil etmir.
Məsələ 80: Sidikdən sonra istibranın faydası budur ki, sidik kanalı təmizlənir. Əgər istibradan sonra şübhəli rütubət xaric olarsa, o, pakdır və dəstəmazı batil etmir. Amma istibra olunmadığı bir halda belə bir rütubət görünərsə dəstəmazı təzələmək, sidik çıxacağını yumaq lazımdır.
Məsələ 81: Spermadan istibranın faydası budur ki, kanaldan şübhəli rütubət xaric olduqda və onun sperma, yoxsa başqa bir pak su olduğu bilinmədikdə, qüsl vermək lazım olmur. Amma istibra edilməyibsə, spermanın kanalda qalıb sidiklə birlikdə xaric olduğu ehtimal edildikdə yenidən qüsl vermək lazım gəlir.
Məsələ 82: İnsan şəkk etsə ki, istibra əməlini yerinə yetirib-yetirməyib, şübhəli rütubətlərdən çəkinməlidir. İstibra etdiyi halda onu düzgün edib-etməməsində şəkk etsə, şəkkinə e’tina etməməlidir.
Məsələ 83: Qadın üçün istibra yoxdur. Ondan şübhəli rütubət xaric olarsa, bu rütubət pakdır, dəstəmaz və qüslə ehtiyac yoxdur.