Məsələ 128: Arpadan alınmış spirtli içki “piyvə” adlanır, onu içmək haramdır və piyvə şərab kimi murdar sayılır. Amma tibbi məqsədlə arpadan alınan və “mauş-şəyir” adlanan su məstedici deyil, pak və halaldır.
Məsələ 129: Tibdə istifadə edilən toz şəkilli piyvə mayası məstecidi deyil, pak və halaldır.
11. Murdar yemiş heyvanın təri
Məsələ 130: Murdar yemiş dəvənin, hətta başqa heyvanların da təri vacib ehtiyata əsasən murdardır.
Haram yolla cünub olmuş (özündən sperma xaric etmiş) şəxsin təri
Məsələ 131: Zina, livat (homoseksualizm), istimna kimi haram yollarla cünub olmuş şəxsin təri murdar deyil. Amma vacib ehtiyata əsasən belə bir tərlə nəmlənmiş bədən və ya libasla namaz qılınmamalıdır.
Məsələ 132: Müstəhəb ehtiyata əsasən, haram yolla cünub olanın tərindən çəkinmək lazımdır. Bu ehtiyata riayat üçün qüsl zamanı bədən tərləməsin deyə ilıq su ilə qüsl vermək daha yaxşıdır. Əlbəttə, az su ilə qüsl verdikdə bu şərt nəzərə alınmalıdır. Amma kürr və kürr kimi sularla qüsl verdikdə suyun isti olmasının eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, bu halda qüslü bitirdikdən sonra bütün bədəni bir dəfə suya çəkmək yaxşıdır.
Məsələ 133: Aybaşı günlərində və mübarək ramazan ayında gündüzlər yaxınlıq etmək haramdır. İnsan belə bir yaxınlıq zamanı tərləyərsə vacib ehtiyata əsasən bu təri haram yolla cənabət təri saymalıdır.
Məsələ 134: Haram yolla cənabət təri dedikdə yaxınlıq zamanı, yaxınlıqdan sonra qüsl verənədək görünən tər nəzərdə tutulur.