Məsələ 2364: Meyitdən qohumluq vasitəsi ilə irs götürən ikinci qrupa baba, nənə, qardaş və bacı daxildir. Meyitin qardaşı və bacısı olmasa, övladları onların payını alır. Bu qrupa o zaman irs düşür ki, əvvəlki qrupdan kimsə olmasın.
Məsələ 2365: Əgər varis bir qardaş və ya bir bacı olsa, bütün mal ona çatır. Əgər varis ata-anadanbir bir neçə qardaş və ya bir neçə bacısa, bütün mal onlar arasında bərabər bölünür. Əgər ata-anadanbir həm qardaş, həm də bacı olsa, hər qardaşa bacılara münasibətdə iki pay verilir.
Məsələ 2366: Ata-anadanbir qardaş və bacı olduqda yalnız atadanbir qardaş və bacıya irs çatmır. Amma ata-anadanbir qardaş və bacı olmadıqda atadanbir bir bacı və ya bir qardaş olarsa, bütün irs ona çatar. Əgər atadanbir qardaş və ya bacı bir neçə nəfərsə, mal onlar arasında bərabər bölünür. Əgər atadanbir qardaşla yanaşı atadanbir bacı da varsa, qardaş bacıya münasibətdə iki pay götürür.
Məsələ 2367: Əgər varis yalnız anadanbir bir bacı və ya bir qardaş olsa, ata tərəfdən meyitdən ayrı olan bu adamlar bütün mala sahib olur. Əgər anadanbir bir neçə qardaş və ya bir neçə bacı varsa, ya bir neçə qardaş və bacı varsa, istənilən halda mal onlar arasında bərabər bölünür.
Məsələ 2368: Əgər varis ata-anadanbir qardaş və bacı, atadanbir qardaş və bacı, anadanbir bir qardaş və bir bacı olarsa, atadanbir qardaş və bacıya irs çatmır. Mal altı hissəyə bölünür, bir pay anadanbir qardaş və ya bacıya, qalan hissə ata-anadanbir qardaş və bacıya verilir. Qardaşlar bacıya münasibətdə iki pay götürür. Amma anadanbir qardaş və ya bacı birdən artıq olarsa, mal üç hissəyə bölünür. Bir pay anadanbir qardaş və bacı arasında bərabər bölünür, iki pay ata-anadanbir qardaş və bacıya verilir. Hər qardaş iki, bacı isə bir pay götürür.
Məsələ 2369: Əgər varis yalnız atadanbir qardaş və bacı, anadanbir bir qardaş və ya bir bacı olsa, mal altı hissəyə bölünür. Bir pay anadanbir qardaş və bacıya verilir, yerdə qalan beş pay atadanbir qardaş və bacıya çatır. Hər qardaş bacı ilə müqayisədə iki pay götürür.
Məsələ 2370: Əgər varis yalnız atadanbir qardaş və bacı, anadanbir iki və ya bir neçə qardaş və bacı olarsa, mal üç hissəyə bölünər. Bir pay anadanbir qardaş və bacı arasında bərabər bölünər, iki pay atadanbir qardaş və bacıya çatar. Qardaş bacı ilə müqayisədə iki pay götürər.
Məsələ 2371: Əgər varis təkcə qardaş, bacı və zövcə olarsa, zövcə qarşıda ətraflı şəkildə bəyan olunacaq məsələ əsasında irs alar. Bacı və qardaş ötən məsələlərdə deyildiyi kimi irs götürər. Amma zövcə və ər irs götürdüyü üçün anadanbir qardaş və bacının payı azalmaz. Amma ata-anadanbir və atadanbir qardaş və bacının payı azalar. Məsələn, əgər varis ər, qardaş, anadanbir bacı, ata-anadanbir qardaş və bacı olarsa, malın yarısı ərə çatar, bütün malın üçdə biri anadanbir qardaş və bacıya verilər, qalan hissə ata-anadanbir qardaş və bacının payıdır. Məsələn, əgər bütün mal 6 min manat məbləğ olarsa, 3 min manatı ərə, 2 min manat anadanbir qardaş və bacıya, min manat ata-anadanbir qardaş və bacıya verilər.
Məsələ 2372: Meyitin bacı və qardaşı olmasa, onların payı övladlarına verilər. Anadanbir qardaş və bacının övladlarının payı onlar arasında bərabər bölünür. Atadanbir və ya ata-anadanbir qardaş və bacı övladlarının payı oğlanlara iki, qızlara bir pay verməklə ödənir. Amma əgər atadanbir və ya ata-anadanbir qardaş övladları eyni bir qardaşdan olarsa, ehtiyat budur ki, oğul və qız arasında pay bölgüsü razılaşdırılsın.
Məsələ 2373: Əgər varis təkcə bir baba və ya bir nənə olarsa, ata və ya ana tərəfindən olmasından asılı olmayaraq bütün mal ona verilər. Meyitin babası olduqda onun babasının atasına irs düşməz.
Məsələ 2374: Əgər varis təkcə ata tərəfdən baba və nənə olarsa, mal üç hissəyə bölünər, iki hissə babaya, bir hissə nənəyə verilər. Əgər baba və nənə ana tərəfdən olarsa, mal onlar arasında bərabər bölünər.
Məsələ 2375: Əgər varis ata tərəfdən təkcə bir baba və ya nənə, ana tərəfdən bir baba və ya nənə olarsa, mal üç hissəyə bölünər, iki hissə ata tərəfdən baba və ya nənəyə, bir hissə ana tərəfdən baba və ya nənəyə verilər.
Məsələ 2376: Əgər varis ata tərəfdən baba və nənə, ana tərəfdən baba və nənə olsa, mal üç hissəyə bölünər, bir hissə ana tərəfdən baba və nənə arasında bərabər bölünər, o biri iki hissə ata tərəfdən baba və nənəyə verilər. Baba iki pay, nənə bir pay götürər.
Məsələ 2377: Əgər varis təkcə zövcə ya ər, ata tərəfindən baba və nənə, ana tərəfindən baba və nənə olarsa, zövcə və ər gələcəkdə deyiləcək şəkildə irs götürür. Əsas malın üçdə biri ana tərəfindən baba və nənəyə verilir. Onlar bunu öz aralarında bərabər bölürlər. Qalan hissə ata tərəfindən baba və nənəyə çatır. Baba iki pay, nənə bir pay götürür.
Məsələ 2378: Əgər varis ana tərəfindən baba və ya nənə (ya da hər ikisi), ana tərəfindən qardaşlar olarsa, baba bir qardaş, nənə bir bacı hökmündədir. Onlar malı öz aralarında bərabər bölürlər. Əgər varis ata tərəfindən baba və nənə, atadanbir (ya ata-anadanbir) qardaşlar olsa, baba bir qardaş, nənə bir bacı hökmündədir. Onlar irsi öz aralarında bərabər bölürlər. Kişi iki pay, qadın bir pay götürür.