Məsələ 298: 5. (Beşinci şərt) Dəstəmaz üzvləri yuyulan və məsh çəkilən zaman pak olmalıdır. Amma bir üzvə dəstəmaz aldıqdan sonra həmin üzv murdarlanırsa, dəstəmaz düzgündür.
Məsələ 299: Dəstəmaz üzvlərindən başqa bir üzv murdarlandıqda bunun dəstəmaza tə’siri yoxdur. Amma müstəhəb ehtiyata əsasən, dəstəmazdan öncə sidik və nəcis çıxacağı paklanmalıdır.
Məsələ 300: Əgər dəstəmazdan öncə murdar olmuş dəstəmaz üzvünün paklanıb-paklanmadığına dəstəmazdan sonra şəkk edilərsə, dəstəmaz düzgündür. Amma namaz üçün onu suya çəkmək lazımdır. Həmin üzvə toxunmuş şey də paklanmalıdır.
Məsələ 301: Əgər üzdə və qollarda qanı kəsilməyən kəsik varsa və su ona zərərli deyilsə, həmin yeri kürr və ya axar suya batırmaq, ya da su kəmərindən gələn suyun altına tutmaq lazımdır. Onu o qədər sıxmaq lazımdır ki, qanı kəsilsin. Sonra isə öncə deyildiyi şəkildə irtimasi dəstəmaz almaq lazımdır. Amma su həmin kəsiyə zərərli olduqda qaydası sonradan deyiləcək cəbirə dəstəmazı alınmalıdır.
Məsələ 302: 6. (Altıncı şərt) Dəstəmaz və namaz üçün yetərincə vaxt olmalıdır. Əgər vaxt o qədər azsa ki, dəstəmaz alındıqda bütün namaz və ya onun bir hissəsi vaxtında qılınmayacaq, dəstəmaz əvəzinə təyəmmüm edilməlidir.
Məsələ 303: Namazın vaxtı dar olduqda vəzifəsi təyəmmüm olan şəxs dəstəmaz alsa, dəstəmazı batildir. Amma Qur’an oxumaq üçün dəstəmaz alarsa dəstəmazı düzgündür.
Məsələ 304: 7. (Yeddinci şərt) İnsan Allaha yaxınlaşmaq məqsədi ilə dəstəmaz almalıdır. Riyakarlıqla, özünü göstərmək məqsədilə, ya da sərinləşmək üçün alınan dəstəmaz batildir. Amma Allahın əmrini yerinə yetirmək üçün dəstəmaz alan şəxs sərinləşəcəyini bilərsə bunun eybi yoxdur.
Məsələ 305: Dəstəmazda niyyəti dilə gətirmək və ya qəlbdən keçirmək vacib deyil. Əgər dəstəmaz alan şəxsdən nə iş gördüyü soruşulanda dəstəmaz aldığını bilərsə, bu kifayat edər.