6. Murdarlanmış Qur’anı suya çəkmək üçün və ya onu bulaşıq yerdən çıxararkən ona toxunmağa məcbur olduqda.
Məsələ 338: Dəstəmazsız şəxsin Qur’an xəttinə toxunması haramdır. Amma Qur’anın başqa dillərə tərcüməsi belə deyil.
Məsələ 339: Əgər dəli bir şəxs və ya uşaq Qur’an xəttinə dəstəmazsız toxunarsa, bu işin qarşısını almaq vacib deyil. Amma onların hərəkəti Qur’ana hörmətsizlik sayılarsa bu işin qarşısı alınmalıdır.
Məsələ 340: Dəstəmazı olmayan şəxsin istənilən bir dildə yazılmış Allah adına əl vurması vacib ehtiyata əsasən haramdır. Dinə hörmətsizlik ünvanında Peyğəmbərin (s), mə’sum imamların və xanım Zəhranın (ə) adına da dəstəmazsız toxunmaq haram sayılır.
Məsələ 341: İnsanın daim təharətli qalmaq məqsədi ilə dəstəmaz alması müstəhəbdir. İstər namaza yaxın, istərsə namazdan kənar vaxtda alınmış belə bir dəstəmazla namaz qılmaq olar.
Məsələ 342: Bir şəxs namaz vaxtının çatdığına əmin olub vacib dəstəmaz niyyəti ilə dəstəmaz alsa və sonradan namaz vaxtının çatmadığını bilsə, dəstəmazı düzgündür.
Məsələ 343: Bir neçə halda dəstəmaz almaq müstəhəbdir: Qur’an oxumaq üçün, meyyit namazı qılmaq üçün, dua üçün, namazdan öncə dəstəmazı təzələmək üçün. Yuxarıda qeyd olunan məqsədlərlə alınmış dəstəmazla dəstəmaz tələb edən bütün işləri görmək olar.