Məsələ 376: İstər vacib, istər müstəhəb qüslü iki şəkildə yerinə yetirmək olar: Tərtibi şəkildə və irtimasi şəkildə.
Məsələ 377: Tərtibi qüsl bu şəkildə yerinə yetirilir: Niyyətdən sonra baş və boyun yuyulur, sonra sağ və daha sonra sol tərəf (vacib ehtiyata əsasən,) yuyulur. Bilərəkdən və ya bilməyərəkdən, ya da unutqanlıqdan bu ardıcıllıq pozularsa, yenidən qüsl vermək lazımdır.
Məsələ 378: Göbəyin və ayıb yerin yarısını sağ tərəflə, yarısını sol tərəflə yumaq lazımdır. Amma yaxşı olar ki, onlar həm sağ, həm də sol tərəflə tam şəkildə yuyulsunlar.
Məsələ 379: Hər üç tərəfə, yə’ni baş və boyuna, sağ tərəfə və sol tərəfə tam qüsl verildiyinə əmin olmaq üçün hər tərəfi yuyarkən o biri tərəfin də bir hissəsi yuyulur. Müstəhəb ehtiyat budur ki, boyunun sağ hissəsi bədənin sağ tərəfi, sol hissəsi bədənin sol tərəfi ilə də yuyulsun.
Məsələ 380: İnsan qüsüldən sonra başa düşsə ki, bədəninin bir hissəsini yumayıb, qalan hissə sol tərəfdə olsa, həmin hissəni yumaqla qüsül tamamlanır. Əgər sağ tərəfdə qüsl verilməmiş hissə qalmışsa ehtiyat budur ki, həmin hissəni yuduqdan sonra sol tərəf bir daha yuyulsun. Əgər baş və boyunun bir hissəsi qalmışsa onları yuduqdan sonra həm sağ və həm də sol tərəfi yumaq lazımdır.