Məsələ 49: Quyu suyu həm pakdır, həm də pakedicidir. Bu su kürr miqdarından az da olsa həmin xüsusiyyətlərə malikdir. Murdarlanmış şeydə murdarın əsli olmazsa, həmin şey quyu suyu ilə yuyulduqda paklanır. Bir şərtlə ki, murdarın əsli toxunub, qoxusunu, rəngini və ya dadını həmin şeyə keçirməsin.
Məsələ 50: Quyuya murdar bir şeyin düşməsi ilə onun suyu murdarlanmasa da, hər murdar əşya müqabilində quyudan bir miqdar su çəkib bayıra atmaq müstəhəbdir. Bu miqdar fiqh kitablarında ətraflı şəkildə bəyan olunmuşdur.
Məsələ 51: Suyu su nasosu ilə bayıra vurulan dərin, yarım dərin və adi bir quyulardan çəkilən su kürr miqdarında olarsa, həmin su pakedicidir. Əgər kürr miqdarından az olarsa, onun daim cərəyanda olan suyu quyu suyu hökmündədir və murdara toxunmaqla murdarlanmır.
Məsələ 52: Əgər quyunun suyu ona murdarın əslinin düşməsi ilə həmin murdarın qoxusunu, rəngini və ya dadını alarsa, sonradan bu dəyişiklik öz-özünə aradan qalxarsa, quyunun suyu pak sayılmaz. Onun suyunun paklanması üçün bu suya yerdən qaynayan yeni sular qatışmalıdır.