Dəstəmaz və qüsül əvəzinə təyəmmümün vacib olduğu hallar:
Məsələ 612: Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm edilir.
Birinci hal
Dəstəmaz və qüsl üçün ehtiyat duyulan həddə suyun olmaması;
Məsələ 613: İnsan şəhərdə, yaşayış məntəqəsində olduğu vaxt su tapa bilməsə, sudan ümidini üzənədək axtarış aparmalıdır. Amma çöl şəraitində yer dağlıq, hündür-alçaq, ağac kimi maneələr olarsa, bir ox həddində (mərhum Məclisi bir ox həddini 200 addım saymışdır) dörd istiqamətdə su axtarılmalıdır. Əgər yer hamar və maneəsiz olarsa, dörd istiqamətdə iki ox məsafəsində axtarış aparılır. Hansı tərəfdə su olmadığına əmindirsə axtarışa ehtiyac yoxdur. Əgər dörd tərəfdən bə’zisi hamar, bə’zisi maneəli olarsa, hər tərəfin özünə müvafiq axtarış aparılır.
Məsələ 614: Əgər bir şəxs əmin olarsa ki, göstərilən məsafədən bir qədər uzaqda su var və namazın vaxtı dar deyil, su ardınca getməlidir. Bu iş çox məşəqqətli olarsa, bir qədər uzaqda su olduğuna əminlik varsa da, axtarış lazım deyil.