Məsələ 1631: Dəvənin 12 nisabı var:
1. 5 dəvənin zəkatı 1 qoyundur. Bundan az miqdarın zəkatı yoxdur.
2. 10 dəvənin zəkatı 2 qoyundur.
3. 15 dəvənin zəkatı 3 qoyundur.
4. 20 dəvənin zəkatı 4 qoyundur.
5. 25 dəvənin zəkatı 5 qoyundur.
6. 26 dəvənin zəkatı 2 illik 1 dəvədir.
7. 36 dəvənin zəkatı 3 illik 1 dəvədir.
8. 46 dəvənin zəkatı 4 illik 1 dəvədir.
9. 61 dəvənin zəkatı 5 illik 1 dəvədir.
10. 76 dəvənin zəkatı 3 illik 2 dəvədir.
11. 91 dəvənin zəkatı 4 illik 2 dəvədir.
12. 121 və ondan yuxarı (olan) dəvələri 40-40 hesab edib və 40 (baş) dəvə üçün 3 illik 1 dəvə verməlidir. Yaxud 50-50 hesablayıb, hər 50 dəvə üçün 4 illik 1 dəvə verməlidir Yaxud 40-50 hesab etməlidir. Lakin, burda da elə hesablamalıdır ki, bir şey artıq qalmasın, qalsa da 9-dan çox olmasın. Zəkatı mütləq dişi dəvədən olmalıdır.
Məsələ 1632: İki nisab arasında olan say üçün zəkat vacib deyil. Yəni, əgər dəvələrin sayı birinci nisab həddi olan 5-dən keçib ikinci nisab həddi olan 10-a çatmasa, yalnız 5 dəvənin zəkatını verər. Başqa nisab hədləri də bu qayda ilədir.
Məsələ 1633: Dişi və ya erkək və ya bəzilərinin dişi və bəzilərinin də erkək olmasından asılı olmayaraq hər vaxt qoyun, inək, dəvə nisab həddinə çatsa zəkatı vacibdir.
Məsələ 1634: Keçi, qoyun və quzunun zəkatda bir-birləri ilə fərqi yoxdur. Habelə, müxtəlif dəvə, inək və camış növləri də eyni cinsdən hesab olunur.
Dostları ilə paylaş: |