Məsələ 8: Əgər insan müctəhidin fətvasının dəyişdiyini güman edərsə, araşdırma aparmayıb əvvəlki fətvaya əməl edə bilər.
Məsələ 9: Əgər bir Məsələ ilə bağlı müctəhid qəti fətva verməmişsə, sadəcə ehtiyat əsasında müəyyən şəkildə əməl etməyi söyləyirsə, elə bir ehtiyat vacib ehtiyat adlanır. Təqlidçi ya onun söylədiyinə əməl etməli, ya da başqa bir müctəhidə üz tutmalıdır. Bu müctəhid bir məsələ ilə bağlı qəti fətva vermişsə, məsələn, namazda iqaməni müstəhəb saymışsa, eyni zamanda onu tərk etməməyi ehtiyat bilmişsə, elə bir ehtiyat, müstəhəb ehtiyat adlanır. Təqlidçi bu göstərişə əməl edib-etməməkdə azaddır. Əgər müctəhid bir iş haqqında “təəmmul məhəlli” və ya “işkal məhəlli” sözlərini işlədirsə, təqlidçi ya ehtiyata əməl edər, ya da başqa birinə üz tutar. Amma müctəhid bir məsələ ilə bağlı “zahirdə belədir” və ya “daha qüvvətli nəzər belədir” (“əqva”) tə’birlərini işlədərsə, bu tə’birlər fətva sayılar və təqlidçi ona əməl etməlidir.
Məsələ 10: Əgər insanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, ona təqlidi davam etdirmək olar. Həmin müctəhid daha elmli olduqda təqlidi davam etdirmək vacibdir. Bir şərtlə ki, bu işdə onun fətvasına əməl etmiş olsun.
Məsələ 11: İnsan təqlidə başlayarkən dünyasını dəyişmiş müctəhidin fətvalarına təqlidə başlaya bilməz. Vacib ehtiyata əsasən o müctəhid ə’ləm olarsa belə, təqlidə bu şəkildə başlamağa icazə verilmir.