Əmr be mə’ruf və nəhy əz münkər (yaxşılığa də’vət və pisliyə qadağa)
Məsələ 2414: Əmr be mə’ruf və nəhy əz münkər bütün ağıllı, büluğ həddinə çatmış şəxslərə müəyyən şərtlər daxilində vacibdir:
1. Əmr be mə’ruf və nəhy əz münkər etmək istəyən əmin olmalıdır ki, qarşı tərəf haram işlə məşğuldur və ya vacibi tərk etmişdir:
2. Əmr və qadağanın tə’sirli olacağı ehtimal edilməlidir. Bu tə’sir dərhal və ya tədrici, kamil və ya naqis ola bilər. Tə’sir ehtimalı olmadıqda bu iş vacib olmur;
3. Əmr və qadağada fəsad və zərər olmamalıdır; insan bilsə və ya qorxsa ki, onun əmr və qadağası onun özünün və ya mö’minlərin canına, malına və şəxsiyyətinə ciddi zərər vura bilər, bu iş vacib olmur. Amma əmr və qadağa müqəddəs İslam şəriətinin ciddi əhəmiyyət verdiyi işlərdən olsa (məsələn, İslam və Quranın, İslam məmləkətlərinin istiqlalının qorunması) zərərə baxmadan, candan və maldan keçməklə bu vəzifə yerinə yetirilməlidir.
Məsələ 2415: İslamda bid’ət yaransa (zalım dövlətlərin İslam adı ilə gördüyü çirkin işlər kimi) hər bir şəxsə, xüsusi ilə din alimlərinə vacibdir ki, haqqı deyib, batili inkar etsinlər. Din alimlərinin sükutu elm və İslam alimlərinə sui-zənnə səbəb olarsa, istənilən bir şəkildə haqqı bəyan etmək vacibdir. Bunun tə’sirsiz qalacağı bilinsə də, addım atılmalıdır.
Məsələ 2416:Düzgün ehtimal edilsə ki, sükut pis işin yaxşı, yaxşı işin pis iş kimi tanınması ilə nəticələnəcək, hamıya, xüsusi ilə İslam alimlərinə haqqı demək vacibdir və sükut yolverilməzdir.
Məsələ 2417: Əgər İslam alimlərinin və başqalarının sükutu zalımı gücləndirərsə və ya ona cəsarət verərsə, haqqı deyib batili inkar etmək vacibdir. Bunun tə’siri ötəri olsa da addım atılmalıdır.
Məsələ 2418: Əgər bə’zi mö’minlərin və din alimlərinin zalım üsul-idarədə vəzifə tutması fəsad və günahın qarşısını alarsa, onlar bu vəzifəni qəbul etməlidir. Əlbəttə böyük zərər olduqda bu addım atılmır. Məsələn, mö’minlərin və ya alimlərin zalım rejimdə iştirakı xalqın əqidəsini süstləşdirərsə və ya İslam alimlərinə e’timada zərbə vurarsa, bu işə yol verilmir.
Məsələ 2419: Əmr be mə’ruf və nəhy əz munkərin mərtəbələri var. Bə’zi mərtəbələrin icrası üçün şər’i hakimin icazəsinə ehtiyac var. Dil, qəlb və nəsihətlə əmr be mə’ruf üçün şər’i hakimin icazəsinə ehtiyac yoxdur. Tərbiyələndirmə ümidi ilə e’tinasızlıq göstərmək əlaqələri kəsmək də bu qəbildəndir. Bu sayağı hərəkət tə’sir göstərməsə, tünd və qəzəblə danışmağa icazə verilir. Bu halda zorla olsa da, günahkarın qarşısı alınır. Ya da günah vasitələri günahkarın əlindən alınır. Amma əmr be mə’ruf və nəhy əz münkərdə zora əl atmaq, mülkə toxunmaq zəruri olarsa, şər’i hakimin icazəsi olmadan addım atmaq olmaz. Bu qəbil rəftarlarda şər’i hakim tərəfindən tə’yin olunmuş ölçülərə riayət edilməlidir.