Dəstəmaz və qüsül əvəzinə təyəmmümün vacib olduğu hallar:
Məsələ612: Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm edilir.
Birinci hal
Dəstəmaz və qüsl üçün ehtiyat duyulan həddə suyun olmaması;
Məsələ613: İnsan şəhərdə, yaşayış məntəqəsində olduğu vaxt su tapa bilməsə, sudan ümidini üzənədək axtarış aparmalıdır. Amma çöl şəraitində yer dağlıq, hündür-alçaq, ağac kimi maneələr olarsa, bir ox həddində (mərhum Məclisi bir ox həddini 200 addım saymışdır) dörd istiqamətdə su axtarılmalıdır. Əgər yer hamar və maneəsiz olarsa, dörd istiqamətdə iki ox məsafəsində axtarış aparılır. Hansı tərəfdə su olmadığına əmindirsə axtarışa ehtiyac yoxdur. Əgər dörd tərəfdən bə’zisi hamar, bə’zisi maneəli olarsa, hər tərəfin özünə müvafiq axtarış aparılır.
Məsələ614: Əgər bir şəxs əmin olarsa ki, göstərilən məsafədən bir qədər uzaqda su var və namazın vaxtı dar deyil, su ardınca getməlidir. Bu iş çox məşəqqətli olarsa, bir qədər uzaqda su olduğuna əminlik varsa da, axtarış lazım deyil.
Məsələ615: İnsan su ardınca inandığı bir adamı göndərə bilər. Bir neçə nəfər tərəfindən göndərilən bir nəfərin də axtarış aparması kifayat edər.
Məsələ616: Əgər namaz vaxtından öncə axtarış aparılsa və su tapılmasa, namaz vaxtınadək həmin yerdə qaldıqda ikinci dəfə su axtarışına ehtiyac yoxdur. Yalnız həmin məhəllin vəziyyəti dəyişsə axtarışa ehtiyac olar. Bir namazda dəstəmaz üçün axtarış aparmışsa, nə qədər ki, şərait dəyişməyib, o biri namazlar üçün də axtarışa ehtiyac yoxdur.
Məsələ617: Namazın vaxtı dar olduqda su axtarışı səbəbindən vaxt ötəcəksə və ya hər hansı təhlükə varsa, axtarışa ehtiyac yoxdur. Əgər bir qədər axtarmaq imkanı varsa həmin qədərlə kifayatlənmək lazımdır.
Məsələ618: Bir şəxs bilərəkdən axtarış aparmasa ki, namazın vaxtı daralsın, günaha yol vermişdir. Amma bu şəxsin təyəmmümlə qıldığı namaz düzgündür.
Məsələ619: Bir şəxs su tapmayacağına əmin olub axtarış aparmasa və təyəmmümlə namaz qılsa, sonradan başa düşsə ki, axtarış aparsaydı su tapardı, namazı batildir. Eləcə də əgər axtarışdan sonra təyəmmüm edib namaz qılarsa, sonradan anlayarsa ki, axtarış apardığı yerdə su olub vacib ehtiyata əsasən, namazını təzələməlidir. Namazın vaxtı keçmişsə onun qəzasını qılmaq lazımdır.
Məsələ620: Dəstəmazı olan şəxs bilərsə ki, dəstəmazı pozulsa dəstəmaz ala bilməyəcək, böyük məşəqqət yaratmasa namazadək dəstəmazını qorumalıdır. Hətta dəstəmaz üçün su tapa bilməyəcəyini ciddi ehtimal etsə, eləcə də sonradan suyun tapılmayacağını bilsə, vacib ehtiyata əsasən, dəstəmazını qorumalıdır.
Məsələ621: Əgər yalnız dəstəmaz və ya qüsl üçün su varsa və bu su boş yerə işlənsə su tapılmayacağı mə’lumsa, namazın vaxtı daxil olduqda onu boş yerə işlətmək haramdır. Vacib ehtiyat budur ki, namazın vaxtından öncə də bu su boş yerə işlədilməsin. Ağlabatan ehtimal varsa ki, su boş yerə işlədilsə, başqa su tapılmayacaq, vacib ehtiyata əsasən, suyu saxlamaq lazımdır. Bütün bu hallarda suyun boş yerə işlədilməsi yanlış addımdır, amma belə bir şəxsin təyəmmümlə namazı düzgündür.
İkinci hal
Məsələ622: Quyuda su olduğu halda onu çıxarmaq üçün bir vasitə yoxdursa və su əldə etmək mümkün deyilsə, təyəmmüm olunmalıdır. Su adətən insanların dözə bilmədiyi bir məşəqqətlə əldə edilirsə, təyəmmüm etmək olar.
Məsələ623: Əgər quyudan suyu çıxarmaq üçün vasitəyə ehtiyac varsa, bu vasitə əldə olunmalıdır. Onu kirayəyə də götürmək olsa, bu iş görülməlidir. Hətta bir neçə qat baha olsa da, vasitə əldə olunmalıdır. Amma vasitə və ya su əldə etmək üçün elə bir xərc lazım gəlsə ki, bu xərc insanın vəziyyətinə zərərli olsun, bu işi görmək vacib deyil.
Məsələ624: Əgər su əldə etmək üçün borc götürmək zəruri olarsa bu iş görülməlidir. Amma insan borcu ödəmək gücündə olmadığını bildikdə borc götürməsi vacib deyil. Bir şəxs minnət qoymadan bir qədər su verərsə onu qəbul etmək lazımdır.
Üçüncü hal
Məsələ625: Su olduğu halda dəstəmaz alsa xəstələnəcəyindən qorxan və bu xəstəliyin uzanacağından ehtiyatlanan, müalicənin çətinliyini bilən şəxs təyəmmüm etməlidir. Amma isti suyun ona zərəri yoxdursa, isti su ilə dəstəmaz almalı və ya qüsl verməlidir. Zərər labüd olmasa da, belə bir qorxu varsa dəstəmaz əvəzinə təyəmmüm edilir.
Məsələ626: Göz xəstəliyi olan və suyun bu xəstəliyə zərər verəcəyini bilən insan gözünün ətrafını yuya bilsə dəstəmaz almalıdır. Əks təqdirdə təyəmmüm edilir.
Məsələ627: Bir şəxs suyun zərərli olduğunu bilib, təyəmmüm edərsə, sonradan suyun zərərli olmadığını anlasa təyəmmümü batildir. Həmin təyəmmümlə qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir. Amma bir şəxs suyun zərərli olmadığını bilib dəstəmaz alarsa və ya qüsl verərsə, sonradan suyun zərərli olduğunu bildikdə vacib ehtiyat budur ki, təyəmmüm etsin, əgər qılıbsa namazını təzələsin.
Dördüncü hal
Məsələ628: Kifayat qədər su olduğu halda dəstəmaz və qüslə işlədilsə özünün, övladının, dostlarının və yoldaşlarının susuzluqdan öləcəyindən və ya xəstələnəcəyindən, eləcə də böyük zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm etməlidir. Qeyri-müsəlman bir şəxsin həyatı təhlükədə olarsa suyu ona verib təyəmmüm etmək lazımdır. Bu hökm heyvana münasibətdə də öz gücündədir.
Məsələ629: Pak sudan əlavə bir qədər murdar su varsa, murdar sudan istifadə edə bilməz. Namaz üçün təyəmmüm edib, pak suyu içmək üçün saxlamalıdır. Amma murdar suyu heyvana verməyin eybi yoxdur.
Beşinci hal
Məsələ630: Əgər ixtiyarında azca su olan şəxs dəstəmaz alıb qüsl verdikdə bədənini və libasını təmizləməyə su qalmayacaqsa, bədənini və libasını təmizləməli, namaz üçün təyəmmüm etməlidir. Amma təyəmmüm üçün bir şey tapmadıqda suyu dəstəmaz və qüslə sərf etməli, murdar bədən və ya libasla namaz qılmalıdır.
Altıncı hal
Məsələ631: Əgər su və ya onun qabı qəsbi olarsa və ya qab qızıl-gümüşdən olarsa və başqa bir qab tapmaq mümkün olmasa, dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm etməlidir.
Yeddinci hal
Məsələ632: Vaxt dar olduqda dəstəmaz və ya qüsl verməklə namazın bir hissəsinin vaxtı ötəcəksə, təyəmmüm edilməlidir.
Məsələ633: Əgər bir şəxs bilərəkdən namazı o qədər yubatsa ki, dəstəmaz və qüslə vaxt qalmasın, günaha yol vermişdir. Amma onun təyəmmümlə qıldığı namaz düzgündür. Müstəhəb ehtiyat budur ki, həmin namazın qəzasını da yerinə yetirsin.
Məsələ634: Bir şəxs vaxtın dar olub-olmadığını bilməzsə dəstəmaz almalı və ya qüsl verməlidir. Amma vaxtın az olduğunu bildikdə dəstəmaz və qüsl verəcəyi halda namazın vaxtının ötəcəyindən qorxarsa təyəmmüm etməlidir.
Məsələ635: Bir şəxs vaxt dar olduğu üçün təyəmmüm edib namaza başlasa, namaz arasında ixtiyarında olan su əlindən çıxsa, sonrakı namazları həmin təyəmmümlə qıla bilər.
Məsələ636: Dəstəmaz aldıqda və ya qüsl verdikdə iqamə və qunut kimi müstəhəblərsiz namazı vaxtında qılacağını bilən şəxs bu işi görməlidir. Hətta əgər surə “İxlas” oxumağa vaxt olmasa namazı dəstəmazla həmin surəsiz qılmalıdır.