Məsələ637: Bir neçə şeyə təyəmmüm etmək düzgündür: torpaq, çınqıl, qum, kəsək (bir-birinə yapışmış torpaq) və daş. Bir şərtlə ki, bütün bunlar pak və bir qədər tozlu olsun.
Məsələ638: Əhəng daşı, gəc daşı, mərmər, qara daş və bu kimi şeylərə təyəmmüm etmək olar. Əqiq və firuzə daşı kimi cəvahirata təyəmmüm etmək olmaz. Vacib ehtiyat budur ki, bişmiş gəc və əhəngə, eləcə də kərpic və saxsıya təyəmmüm edilməsin.
Məsələ639: Əgər yuxarıdakı məsələlərdə adı çəkilən şeylər tapılmasa, libas və bu kimi şeylərin üzərindəki toza təyəmmüm etmək olar; toz da tapılmasa, gilə təyəmmüm etmək olar. Gil də tapılmasa vacib ehtiyat budur ki, namaz təyəmmümsüz qılınsın, sonradan qəzası yerinə yetirilsin. Namazı dəstəmaz və təyəmmümsüz qılmağa məcbur olan şəxs “faqidut-təhureyn” adlanır.
Məsələ640: Su tapılmadıqda qar və ya buz olarsa, mümkün olan şəraitdə onları əritmək və dəstəmaz, qüsl üçün istifadə etmək lazımdır.
Məsələ641: Əgər saman və ya bu kimi şeylər torpaq və ya quma qatışarsa, onlara təyəmmüm etmək olmaz. Amma o qədər az olarsa ki, torpaq və ya qumda itmiş sayılsın, təyəmmüm etmək olar.
Məsələ642: Təyəmmüm üçün torpaq və bu kimi şeylər tapılmasa, bu şeyləri almaq mümkün olduqda alınması vacibdir.
Məsələ643: Gildən divara təyəmmüm etmək olar. Müstəhəb ehtiyat budur ki, quru yer və quru torpaq olan halda nəmli yer və torpağa təyəmmüm edilməsin.
Məsələ644: Təyəmmüm edilən şey vacib ehtiyata əsasən, qəsbi olmamalıdır. Amma qəsbi olduğu bilinmirsə və ya unudulmuşsa təyəmmüm etmək düzgündür. Amma insan özü onu qəsb etmiş olsa təyəmmüm edə bilməz.
Məsələ645: Bir şəxs qəsbi yerdə həbs olunmuşsa, oradakı torpaq və ya daşa təyəmmüm edib namaz qıla bilər.
Məsələ646: Qeyd olundu ki, imkan olan yerdə tozlu şeyə təyəmmüm edilməlidir. Əl ona vurulduqdan sonra müstəhəbdir ki, artıq tozun getməsi üçün əli çırpmaq müstəhəbdir.
Məsələ647: Bulaşıq, çökək, yol kənarındakı, şoranlıq (üzünün yığılmadığı halda) yerə təyəmmüm etməmək daha yaxşıdır. Əgər şoranlıq yerin üzünün duzu yığılmamışsa ona təyəmmüm etmək batildir. Təyəmmüm ediləsi yer elə bulaşıqdırsa ki, xəstəlik qorxusu yaranır, vacib ehtiyata əsasən, namazı təyəmmümsüz qılıb sonradan qəzasını yerinə yetirsinlər.
Təyəmmümün qaydası
Məsələ648: Təyəmmüm üçün əvvəlcə niyyət edilir. Sonra hər iki əlin içi birlikdə təyəmmüm ediləcək şeyə vurulur. Sonra hər iki əl vacib ehtiyata əsasən, tük bitən yerdən başlayaraq bütün alın, onun iki tərəfi, qaşlar və burunun üzərinə çəkilir. Vacib ehtiyat budur ki, qaşlara da məsh çəkilsin. Sonra sol əlin içi sağ əlin arxasına, sağ əlin içi sol əlin arxasına çəkilir.
Təyəmmümün hökmləri
Məsələ649: Dəstəmaz əvəzinə təyəmmümlə qüsl əvəzinə təyəmmüm arasında fərq yoxdur. Amma müstəhəb ehtiyat budur ki, qüsl əvəzinə təyəmmümdə əllər ikinci dəfə yerə vurulsun və sol əl sağ əlin arxasına, sağ əl sol əlin arxasına çəkilsin.
Məsələ650: Təyəmmümdə bütün alın və əllərin arxasına məsh çəkilməlidir. Əgər azca bir hissəsinə məsh çəkilməsə təyəmmüm batildir. Bu işin bilərəkdən və ya unutqanlıqdan olmasının fərqi yoxdur. Amma həddən ziyada diqqət də lazım deyil. Bütün alına və əllərin arxasına məsh çəkilməsinin söylənilməsi bəs edər.
Məsələ651: Bütün alın və əllərin üzərinə məsh çəkildiyinə arxayın olmaq üçün onların ətrafını da məshə daxil etmək lazımdır. Amma barmaqların arasına məsh çəkmək lazım deyil. Vacib ehtiyat budur ki, alına və əllərin arxasına yuxarıdan aşağıya məsh çəkilsin. Təyəmmümdəki işlər ardıcıl yerinə yetirilməlidir. Əgər arada təyəmmüm şəklini pozacaq fasilə verilərsə təyəmmüm batildir.
Məsələ652: Niyyətdə qüsl, yoxsa dəstəmaz əvəzinə təyəmmüm edildiyini müəyyənləşdirməyə ehtiyac yoxdur. Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işin görülməsi bəs edər. Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işi gördükdə birinin əvəzinə o birini niyyət etməyin eybi yoxdur və təyəmmüm düzgündür.
Məsələ653: Vacib ehtiyata əsasən, təyəmmüm üzvləri və əllərin içi pak olmalıdır. Amma əlin içi murdar olduqda və onu suya çəkmək mümkün olmadıqda, həmin vəziyyətdə təyəmmüm edilir.
Məsələ654: Təyəmmüm edərkən təyəmmüm üzvlərində olan maneələri təmizləmək lazımdır. Əgər barmaqda üzük varsa onu çıxarmaq lazımdır. Hətta alını örtmüş saç kənarlaşdırılmalıdır. Hər hansı maneə olduğu ehtimal edildikdə axtarış aparmaq lazımdır.
Məsələ655: Əgər alında, əllərin arxasında və ya içində yara varsa və yaraların örtüldüyü parçanı açmaq mümkün deyilsə, müəyyən zərəri varsa, həmin halda təyəmmüm edilməlidir.
Məsələ656: Özü təyəmmüm etməyə qadir olmayan şəxs naib tutmalıdır. Yə’ni bir şəxs onun əllərini torpağa vurmalıdır. Mümkün olmadıqda əlləri torpağa qoyulur, sonra öz əli ilə təyəmmüm edilir. Bu da mümkün olmasa, naib özü təyəmmüm ediləcək şeyə əlini vurub həmin şəxsin alnına və əllərinə çəkir.
Məsələ657: Təyəmmümü başa çatdırdıqdan sonra onun düzgün yerinə yetirilib-yetirilmədiyinə şübhə yaranarsa, bu şübhələrə əhəmiyyət verilmir. Əgər təyəmmüm gedişində şək yaranarsa vacib ehtiyat budur ki, şübhəli hissəni yenidən yerinə yetirsin.
Məsələ658: Vəzifəsi təyəmmüm olan şəxs namaz vaxtından öncə təyəmmüm edə bilməz. Amma vacib və ya müstəhəb bir iş üçün təyəmmüm edərsə, namazadək üzrü yerində qalsa, həmin təyəmmümlə namaz qıla bilər.
Məsələ659: Vəzifəsi təyəmmüm olan şəxs əmin olsa və ya ehtimal etsə ki, vaxtın sonunadək üzrü yerində qalacaq, əvvəl vaxtda təyəmmüm edə bilər. Amma əmin olsa ki, son vaxtadək üzrü aradan qalxacaq, vacib ehtiyata əsasən, gözləməlidir.
Məsələ660: Təyəmmümlə namaz qılan şəxs qəza namazlarını da təyəmmümlə qıla bilər. Amma üzrünün tezliklə aradan qalxacağını bilərsə səbr etməlidir. Vacib ehtiyata əsasən, üzrünün aradan qalxmasına ümid etdikdə, gözləməlidir.
Məsələ661: Dəstəmaz ala bilməyən və ya qüsl verə bilməyən şəxs müstəhəb namazları təyəmmümlə qıla bilər. Hətta gecə namazı üçün vaxt dar olduqda təyəmmüm etmək mümkündür.
Məsələ662: Bir şəxs su olmadığından və ya başqa bir səbəblə təyəmmüm etsə, sonradan su tapsa və ya üzrü aradan qalxsa, təyəmümü öz-özünə batil olur.
Məsələ663: Dəstəmazı batil edən işlər dəstəmaz əvəzinə təyəmmümü də batil edir. Qüslü batil edən işlər qüsl əvəzinə təyəmmümü də batil edir.
Məsələ664: İnsana bir neçə qüsl vacib olarsa və qüsl verə bilməzsə, bütün qüsüllərin əvəzinə bir təyəmmüm bəs edər.
Məsələ665: Əgər qüsl əvəzinə təyəmmüm edilərsə, dəstəmaz almaq və ya dəstəmaz əvəzinə təyəmmüm etmək lazım deyil. Bu qüsl cənabət qüslü və ya başqa bir qüsl ola bilər. Müstəhəb ehtiyat budur ki, başqa qüsüllərdə dəstəmaz alsın. Dəstəmaz ala bilməsə dəstəmaz əvəzinə təyəmmüm etsin.
Məsələ666: Qüsl əvəzinə təyəmmüm edən şəxs sonradan dəstəmazı pozan bir iş görsə, sonrakı namazlar üçün yalnız dəstəmaz almalıdır. Dəstəmaz ala bilməsə onun əvəzinə təyəmmüm edir.
Məsələ667: Vəzifəsi təyəmmüm olan şəxs başqa bir iş üçün təyəmmüm etsə, təyəmmümü və üzrü gücündə qalanadək dəstəmaz və qüsl tələb edən bütün işləri görə bilər. hətta vaxt dar olduğundan təyəmmüm edərsə, bu təyəmmümlə Qur’an xəttinə toxuna bilər və dəstəmaz tələb edən başqa işləri görə bilər.
Məsələ668: Təyəmmümlə qılınan namazların qəzasını yerinə yetirmək lazım deyil. Amma bir neçə halda müstəhəb ehtiyat budur ki, həmin namazlar təzələnsin:
1. Su olmayan və ya suyun zərərli olduğu vaxtlarda özünü cünub etmiş insanın təyəmmümlə qıldığı namazlar.
2. İnsanın bilərəkdən su axtarışına getməyib vaxt dar olan zaman təyəmmümlə qıldığı namazlar (sonradan anlayır ki, axtarış aparsaydı su tapardı).
3. Yaxında su olmadığını bildiyi halda əlində olan suyu boş yerə işlədən insanın təyəmmümlə qıldığı namazlar.