Məsələ168: Murdarı paklayan şeylər pakedici adlanır. On iki şey pakedicidir: su, torpaq, günəş, əslinin dəyişilməsi (“istihalə”), növün dəyişməsi (“inqilab”), üçdə birin qalması, köçürmə (“intiqal”), İslamın qəbulu, tə’sirlənmə (“təbəiyyət), murdarın əslinin təmizlənməsi, murdar yemiş heyvanın istibrası, murdardan təmizlənməsi, müsəlmanın qeyb olması. Bu pak edicilərin hökmləri növbəti Məsələlərdə açıqlanacaq.
1. Su
Məsələ169: Pak və saf su bütün murdarları paklayır. Bir şərtlə ki, murdar şey yuyulduqda su bulaşmasın, onun qoxusu, rəngi və ya dadı murdardan tə’sirlənməsin. Pak və saf su murdar şeyi o zaman təmizləyir ki, suya çəkməklə murdarın əsli təmizlənsin. Məsələn, əgər bir şeydə qan varsa, o qədər yuyulmalıdır ki, qan təmizlənsin. Az su ilə yuyarkən başqa şərtlər də qoyulur. Bu barədə sonra danışılacaq.
Məsələ170: Murdar qab az su ilə üç dəfə yuyulmalıdır. Amma onu kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir. Bununla belə, üç dəfə yumaq daha yaxşıdır. (Su boruları ilə axıdılan su axar su hökmündədir.)
Məsələ171: Əgər it bir qabı yalamışsa və ya ondan su, başqa bir maye içmişsə, öncə həmin qabı bir qədər su ilə qatışmış torpaqla sürtmək, sonra ya az su ilə iki dəfə, ya da kürr və ya axar su ilə bir dəfə yumaq lazımdır. Əgər itin ağzının suyu bir qaba tökülərsə, müstəhəb ehtiyata əsasən, yuxarıda deyilən qaydada hərəkət edilməlidir. Amma itin bədəninin başqa bir hissəsi və ya rütubəti qaba toxunarsa, həmin qabı torpaqla sürtmək vacib deyil. Həmin qabı az su ilə üç dəfə, kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir.
Məsələ172: İtin ağzının toxunduğu qabın ağzı darsa və onu torpaqla sürtmək imkanı olmasa, imkan olan şəraitdə bir çubuğa parça sarıyıb yaş torpağı həmin parça ilə qabın içinə sürtmək lazımdır. Bu iş mümkün olmazsa, qaba bir qədər torpaq və bir qədər su töküb onu çalxamaq lazımdır. Sonra isə yuxarıda deyilən qayda ilə hərəkət olunur.
Məsələ173: Bir qabdan donuz hər hansı bir maye içərsə, həmin qab yeddi dəfə yuyulmalıdır. Bu qabı torpaqla sürtmək lazım deyil. Qabı donuz yaladıqda və ya onda səhra siçovulu öldükdə də vacib ehtiyata əsasən həmin qab yeddi dəfə yuyulmalıdır.
Məsələ174: Şərabla murdarlanmış qabı az su ilə üç dəfə yumaq və əllə sürtmək lazımdır. Həmin qabı yeddi dəfə yumaq müstəhəbdir.
Məsələ175: Murdar gildən düzəlmiş və ya murdar su tökülmüş kuzə kürr və ya axar suya daxil edilərsə, su onun içinə daxil olub çıxarsa, bu kuzə pakdır. Su qabın içinə nüfuz etmədiyi halda onun zahiri paklanır. Qabın zahirini az su ilə də paklamaq olar.
Məsələ176: Qabları paklamaq üçün onları az su ilə üç dəfə doldurub boşaltmaq kifayat edər. Ya da hər dəfə bir qədər su töküb onu elə hərəkət etdirmək lazımdır ki, su bütün murdar yerləri əhatə etsin. Sunra həmin su bayıra tökülür.
Məsələ177: Küp və qazan kimi böyük qabları paklamaq üçün onları üç dəfə su ilə doldurub boşaltmaq bəs edər. Daha asan yol budur ki, hər dəfə bu qabların divarları yuxarıdan aşağıya suya çəkilsin və onların dibində yığışan su bayıra atılsın. Onların dibindən suyu götürmək üçün istifadə edilən qab hər dəfə yuyulmalıdır.
Məsələ178: Dəmir əridilən vaxt murdarlanarsa da, suya çəkildikdə zahiri paklanar.
Məsələ179: Murdarlanmış təndiri paklamaq üçün onu yuxarıdan aşağıya bir dəfə suya çəkmək bəs edər. Bir şərtlə ki, onun bütün ətrafı yuyulmuş olsun. Amma təndir sidiklə murdarlanarsa onu iki dəfə yumaq lazımdır. Yaxşı olar ki, onun dibində çala qazılsın və paklama zamanı axıdılan su həmin çalaya toplansın. Su həmin çaladan çıxarıldıqdan sonra onu torpaqla doldurmaq lazımdır.
Məsələ180: Murdar şeydən murdarın əslini təmizləmək üçün onu kürr və ya axar su ilə yusalar, ya da murdarın əsli təmizləndikdən sonra onu kürr və ya axar suya salsalar, paklanar. Amma xalça, libas və bu kimi şeyləri paklamaq üçün onları sıxıb suyunu xaric etmək lazımdır.
Məsələ181: Sidiklə murdarlanmış şeyi paklamaq üçün onu az su ilə iki dəfə, kürr və axar su ilə bir dəfə yumaq kifayatdir. Sidikdən başqa şeylərlə murdarlanan əşyanı isə az və ya kürr su ilə bir dəfə yumaq bəs edər.
Məsələ182: Libas, xalça və bu kimi şeyləri az su ilə yumaq üçün onları bir qədər sıxmaq lazımdır ki, suyu xaric olsun.
Məsələ183: Bir şey yeməyə başlamamış südəmər körpənin sidiyi ilə murdarlanarsa həmin şeyin üzərinə bir dəfə su axıtmaq onu paklayar. Belə bir sidiklə murdarlanmış libas, xalça və bu kimi şeyləri sıxmaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, iki dəfə su axıdılsın.
Məsələ184: İplə toxunmuş həsir murdarlandıqda onu kürr və axar suya batırsalar, ya da su kəmərindən axar suya tutsalar, murdarın əsli təmizləndikdən sonra paklanar.
Məsələ185: Əgər buğda, düyü, sabun və bu kimi şeylər zahirən murdarlanarsa, onları kürr və ya axar suya batırdıqda, eləcə də su kəmərindən axan suya tutduqda paklanar. Əgər murdarlıq onların daxilinə nüfuz edərsə, onları suya batırdıqda və ya suya tutduqda o qədər gözləmək lazımdır ki, suyun onların daxilinə nüfuz edib xaric olduğuna əminlik yaransın.
Məsələ186: Şübhə varsa ki, murdar su bir şeyin daxilinə nüfuz edib, yoxsa yox, həmin şeyin daxili pakdır.
Məsələ187: Murdarlanmış şeyi bir qaba qoyub üzərinə üç dəfə su töküb boşaltsalar, həmin şey paklanar. Bu vaxt qab da paklanır. Əgər murdarlanmış şey suyu sıxılıb çıxarılası libas kimi şeydirsə, onu hər dəfə sıxmaq lazımdır. Həmin vaxt qabı maili qoymaq lazımdır ki, su axıb tökülsün.
Məsələ188: Əgər murdarlanmış libas rəngləndikdə onu kürr və axar suya batırıb, ya da su kranına tutsalar, rəng suya çıxanadək su bütün libası islatdıqda onu paklayır. Libası sıxarkən ondan qatqılı su xaric olsa eybi yoxdur. Amma az su bütün libası islatmazdan öncə bulaşarsa, libası o qədər yumaq lazımdır ki, o saf su ilə islanmış olsun.
Məsələ189: Xalça və ya libası suya çəkdikdən sonra onda azca sabun və ya başqa əşya görünərsə, pakdır. Həmin əşya böyük olduqda onun zahiri pak sayılır. Əgər murdar su həmin əşyanın daxilinə nüfuz edərsə, onun paklanması üçün pak su ona nüfuz edib xaric olmalıdır.
Məsələ190: Əgər murdar şeyi yusalar və murdarın əsli təmizlənsə, onda murdarın qoxusunun və rənginin qalmasının eybi yoxdur. Əgər murdarın əslinin qalması ilə bağlı şübhə yaransa, əminliyə çatanadək yumaq lazımdır.
Məsələ191: Bədəni kürr və ya axar, eləcə də kran suyunda yuyarkən murdarın əsli təmizlənsə bəs edər. Sudan çıxıb ikinci dəfə suya girmək lazım deyil.
Məsələ192: Murdar qida dişlərin arasında qalarsa, su ağızda dolandırılmaqla onu tamam əhatə etdikdə ağız paklanır.
Məsələ193: Əgər başın və üzün tükü az su ilə suya çəkildikdə öz-özünə axıb gedərsə onları sıxmaq lazım deyil. Əgər öz-özünə axıb getməzsə, onları sıxmaq lazımdır.
Məsələ194: Murdarlanmış ət və quyruğu suya çəkdikdə paklanır. Bədən və ya libasda suya mane olmayacaq qədər yağ olarsa onları suya çəkdikdə paklanar. Amma yağ suya mane olacaq həddədirsə, öncə onu təmizləmək lazımdır.
Məsələ195: Kürr su ilə əlaqəli kranın suyu kürr və axar su hökmündədir. Bu su ilə istənilən bir şey yuyulduqda murdarın əsli təmizləndikdən sonra paklanır.
Məsələ196: İnsan bir şeyi suya çəkdikdən və onun paklanmasına əmin olduqdan sonra düzgün suya çəkib-çəkməməsilə bağlı şübhəyə düşərsə, həmin şey pakdır. Amma murdar şeyi suya çəkən zaman diqqətsizlik göstərdiyini bilərsə, o işi yenidən görməlidir.
Məsələ197: Qum və çınqıllı yeri az su ilə suya çəkdikdə axan su yerə hoparsa yer paklanar. Amma alt qatdakı dənəciklər murdar qalar. Əgər yer mailli olsa və axıdılan su onun üzərində qalmazsa həmin yer paklanar. Amma suya çəkərkən su bir yerə yığışıb qalarsa müəyyən vasitə ilə götürülməsə murdardır.
Məsələ198: Daş duz və ona oxşar şeylərin zahiri murdarlandıqda suya çəkilərsə paklanar. Onları az və kürr su ilə suya çəkməyin, kran altına tutmağın fərqi yoxdur.
Məsələ199: Qənd və şəkər tozu murdarlanarsa suya çəkməklə paklanmaz.
2. Yer
Məsələ200: Əgər murdar yerlə yol getdiyi üçün insanın ayağının və ya ayaqqabısının altı murdarlanarsa, pak yerlə yeriməklə və ya yerə sürtməklə paklanar. Bir şərtlə ki, yer pak və quru olsun, murdarın əsli təmizlənsin. Eyni zamanda yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz.
Məsələ201: Taxta döşənmiş yer üzərində hərəkət etməklə ayaqqabı və ya ayağın altının paklanması çətindir. Amma asfalt üzərində yeriməklə paklana bilər.
Məsələ202: Ayaq və ya ayaqqabının altının paklanması üçün bir qədər yol getmək və ya ayağı yerə sürtmək bəs edər. Amma yaxşı olar ki, ən azı on beş zira-yeddi tam onda beş metr yol gedilsin.
Məsələ203: Ayaq və ya ayaqqabının altının rütubətli olması zəruri deyil. Onlar quru olsalar da yol yeriməklə paklanarlar. Yerdə sirayat etməyəcək həddə rütubətin olması mümkündür.
Məsələ204: Əgər yolda ayaqqabı və ya ayağın ətrafı murdarlanarsa, həmin yerlər yerə toxunmaqla paklanar. Amma əl və dizlər üzərində yeriməklə onların paklanması çətindir. Sü’ni ayaqlar, əsa (əl ağacı), dördayaqlıların nalı, avtomobil təkərləri də bu qəbildəndir.
Məsələ205: Murdarın yalnız su ilə paklanan xırda zərrələri ayaqqabı və ya ayaqda qalarsa eybi yoxdur. Murdarın qoxu və rənginin də qalması mümkündür.
Məsələ206: Yol yeriməklə ayaqqabının içindəki murdarlıq paklanmır. Yol yeriməklə corabın altının da paklanmasına irad var. Yalnız corab dəri və bu kimi şeylərdən olsa və ayaqqabı əvəzinə istifadə edilsə paklana bilər.
3. Günəş
Məsələ207: Günəş şüası yeri və dam örtüyünü paklayır. Amma günəş şüası vasitəsi ilə binanın, qapı-pəncərələrin və bu kimi şeylərin paklanmasına irad var.
Məsələ208: Yerin və dam örtüyünün günəş şuası ilə paklanması üçün bir neçə şərt var:
1. Murdarlanmış şeyin islanma yolu olsun. Əgər həmin şey qurudursa öncə onu islatmaq lazımdır ki, günəş şuası onu qurutsun.
2. Öncə murdarın əslini təmizləmək lazımdır.
3. Günəş bulud arxasından yox, birbaşa işıq saçmalıdır. Günəş şüasına mane olmayan buludlar və ya şüşə arxasından şüalanmanın eybi yoxdur.
4. Rütubətli murdar yerin günəş şüası ilə quruması zəruridir. Bu rütubət külək və ya başqa istilik vasitəsi ilə quruyarsa bəs etməz. Amma həmin rütubət günəş şüası ilə quruyacaq həddə az olarsa eybi yoxdur.
Məsələ209: Günəş şüası murdarlanmış həsiri, ağacı, otu, vacib ehtiyata əsasən, paklamır.
Məsələ210: Murdarın günəş şüası ilə quruyub-qurumadığına, günəş şüasına hər hansı maneçilik olub-olmadığına, murdarın əslinin öncədən təmizlənib-təmizlənmədiyinə şübhə varsa, həmin yer murdardır.
Məsələ211: Əgər günəş şüası murdar yerin bir hissəsini əhatə edib qurudarsa, həmin hissə paklanar.
4. Əslin dəyişməsi (“istihalə”)
Məsələ212: Əgər murdarın əsli elə dəyişilsə ki, ona başqa ad verilsin, paklanmış sayılar. Məsələn, it duzluğa düşüb duza çevrilərsə paklanar. Murdarlanmış şey başdan-başa dəyişdikdə paklanır. Məsələn, murdar ağac yanıb kül olarsa, murdar su buxara çevrilərsə paklanar. Amma forma dəyişikliyi, məsələn, buğdanın una çevrilməsi onu paklamır.
Məsələ213: Murdar ağacdan hazırlanmış kömür murdardır. Eləcə də, murdar gildən düzəldilmiş kuzə və kərpic murdar sayılır.
Məsələ214: Əgər murdar bir şeyin istihalə olub-olmadığına şəkk etsək, onu murdar saymalıyıq.
5. Hal dəyişməsi (“inqilab”)
Məsələ215: Əgər şərab öz-özünə və ya ona bir şey tökməklə sirkəyə çevrilsə, pak olur və belə bir dəyişmə “inqilab” adlanır.
Məsələ216: Murdar üzümdən çəkilmiş şərab sirkəyə çevrilsə paklanmır. Hətta şərab xaricdən murdarlanarsa sirkəyə çevrildikdən sonra ondan çəkinmək lazımdır. Eyni zamanda, murdar üzüm, kişmiş və xurmadan hazırlanmış sirkə murdardır.
Məsələ217: Üzümü çöpləri ilə sirkəyə töksələr, adətən, sirkə olmazdan qabaq şəraba çevrilir. Bu maye daha sonra sirkə halına düşür. Bu vaxt pak olur. Amma xiyar, badımcan və bu kimi şeyləri sirkəyə tökərlərsə vacib ehtiyata əsasən ondan çəkinmək lazımdır.
Məsələ218: Yeməyə tökülmüş kişmiş və xurma qaynasa belə halaldır.
4. Üçdə birin azalması
Məsələ219: Üzüm suyu odda qaynasa murdar olmaz. Amma onu yemək haramdır. Amma qaynadığı vaxt üçdə ikisi azalarsa və üçdə biri qalarsa halal olar. Əgər öz-özünə qaynayıb məstedici olarsa, həm murdar, həm də haramdır. Bu maye yalnız sirkəyə çevrilməklə pak və halal olur.
Məsələ220: Əgər qora salxımında üzüm gilələri olarsa və su bütün salxımı əhatə edərsə, ona “abqura” deyərlər və bu maye qaynamaqla murdar və haram olmaz.
Məsələ221: Əgər bir şeyin qora və üzüm olması mə’lum deyilsə, odda qaynadıqda haram olmaz.
Məsələ222: Satıcı bu Məsələlərdən xəbərdar olduqda ondan alınan şirə pak və halaldır, axtarışa ehtiyac yoxdur.
7. Köçürmə (“intiqal”)
Məsələ223: Əgər insanın və ya atıcı qanı olan heyvanın qanı atıcı qanı olmayan heyvanın bədəninə köçərsə və həmin heyvanın qanı sayılarsa pakdır. Bu proses köçürmə (“intiqal”) adlanır. Bu əsasla, ağcaqanadın bədənindən sayılan qan insandan götürülsə belə pakdır. Amma zəlinin insandan sorduğu qan pak deyil. Çünki bu qan onun bədənindən sayılmır.
Məsələ224: Əgər ağcaqanaddan çıxan qanın yenicə sorulduğu və ya öz bədənindən olduğu mə’lum deyilsə, pakdır. Amma qan nə qədər ki, ağcaqanadın öz bədənindən sayılmır, murdardır.
8. İslamın qəbulu
Məsələ225: Murdarlar haqqında danışarkən qeyd etdik ki, vacib ehtiyata əsasən, kafirdən çəkinmək lazımdır. Əgər kafir şəhadət kəlmələrini söyləsə (“Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah”) müsəlman olar və bədəni paklanar. Amma bədənində murdarın əsli olarsa, onu təmizləyib yerini suya çəkməlidir. İslamı qəbul etməzdən qabaq bədənindən murdarı təmizləyərsə, onu suya çəkməsi lazım deyil.
Məsələ226: Kafir İslamı qəbul etdikdə, vacib ehtiyata əsasən, onun əynindəki paltar paklanmır.
Məsələ227: Şəhadət kəlmələrini dilə gətirməsə də, onları qəlbən qəbul edən kafir müsəlman olur. Amma bir kafir şəhadət kəlmələrini dilə gətirdiyi halda onun qəlbən iman gətirməsinə yəqinlik olmasa, vacib ehtiyata əsasən ondan çəkinmək lazımdır.
9. Təsirlənmə (“təbəiyyət”)
Məsələ228: Təsirlənmə dedikdə bir şeyin o birinin paklanmasından təsirlənib paklanması nəzərdə tutulur.
Məsələ229: Əgər şərab sirkəyə çevrilsə, şərab və ya üzüm qaynayan zaman onunla təmasda olan qab da paklanar. Onun ağzına qoyulan və adətən rütubətlə murdarlanan parça və başqa şey də paklanar. Amma əgər qaynama zamanı maye bayıra xaric olub qabın çöl hissəsini bulaşdırsa, sirkəyə çevrildikdən sonra qabın çöl hissəsi paklanmaz.
Məsələ230: Kafir ata iman gətirdikdən sonra onun büluğ həddinə çatmamış övladları da pak olur.
Məsələ231: Meyitə verilən qüsl başa çatdıqdan sonra üzərində qüsl verilən daş, meyitin ayıb yerinin örtüldüyü parça, qüsl verənin əli paklanır.
Məsələ232: Əgər libas və onun kimi başqa bir şeyi az su ilə suya çəkib adi qaydada sıxsalar onun canında qalmış su pakdır.
Məsələ233: Əgər murdar qab az su ilə suya çəkilərsə, işin sonunda onda qalan damcılar pakdır.
Məsələ234: Heyvanın bədəni murdarlanarsa, murdarın əsli təmizləndikdən sonra onun bədəni paklanar. Məsələn, quşun dimdiyi qana batarsa və ya heyvan murdar bir şey üzərində oturarsa, qan və həmin bulaşıqlıq təmizləndikdən sonra heyvanın bədəni pak olur.
Məsələ235: İnsan bədəninin ağız içi və burun içi kimi hissələri murdarlanarsa, murdarlıq təmizləndikdən sonra pak olar. Məsələn, əgər diş laylarından çıxan qan ağız suyu ilə təmizlənərsə və ya tüpürcəklə xaric edilərsə, ağızı suya çəkmək lazım deyil. Amma ağızda sü’ni diş olduqda vacib ehtiyata əsasən onu suya çəkmək lazımdır.
Məsələ236: Əgər qida ağızda və diş layları arasında qalarsa, ağıza daxil olan qanın həmin qidaya sirayat etdiyi bilinmədikdə qida pakdır. Amma əgər qan ona sirayat edərsə murdarlanar və onu udmaq haramdır.
Məsələ237: Bədənin iç və çöl hissəsindən olduğu bilinməyən bir hissə, (Məsələn, dodağın bir hissəsi) murdarlanarsa onu suya çəkmək lazımdır.
Məsələ238: Əgər murdar toz-torpaq bədən, libas, xalça və bu kimi şeyləri bulaşdırarsa, hər ikisi quru olduqda murdarlıq yaratmaz. Bu toz-torpağı çırpmaqla təmizləmək bəs edir. Arada sirayat etməyəcək həddə rütubət varsa da belədir. Amma əgər toz-torpaq və onun toxunduğu şeylərdən biri murdar olarsa murdarlıq yaranar. Toz-torpağın murdarlığına və ya yerin rütubətli olmasına şəkk varsa, onlar pak sayılır.
11. Murdar yemiş heyvanın təmizlənməsi (istibra”)
Məsələ239: Əgər bir heyvan insan nəcisi yeməyə adət etsə, onun sidiyi və nəcisi murdar olar. Belə bir heyvanın əti də haramdır. Onu paklamaq üçün pak şeylərlə qidalandırmaq lazımdır. Belə ki, artıq o “murdar yeyən heyvan” adlandırılmasın. Belə bir qayda ilə heyvanın paklanması “istibra” adlanır. İstibra müddəti dəvə üçün qırx gün, inək üçün otuz gün, qoyun üçün on gün, ördək üçün beş gün, ev toyuğu üçün üç gün müəyyənləşdirilmişdir. Murdarla qidalanan başqa heyvanların üzərindən o ad götürülənədək onları pak qidalarla qidalandırmaq lazımdır.
Məsələ240: Bə’zən fabriklərdə ev quşlarının qidasına toz şəklində qan qatılır. Belə ki, toyuğun əti bu qida ilə artır. Bu sayağı qidalanan toyuqların əti və yumurtası haram deyil, rütubəti murdar sayılmır. Amma yaxşı olar ki, belə bir toyuqdan və onun yumurtasından pəhriz edilsin.
Məsələ241: Əgər heyvan, başqa murdardan yeyərsə bu qidalar onun sidiyini və nəcisini murdar etməz. Belə bir heyvanın əti də haram deyil. Yalnız donuz sidiyi ilə qidalanıb inkişaf edən heyvanın əti haramdır.
12. Müsəlmanın qeyb olması
Məsələ242: Bədəni, libası və ya ixtiyarında olan başqa bir şeyi murdarlanan və bunu bilən müsəlman qeyb olarsa (onunla əlaqə saxlamaq mümkün olmazsa), onun murdarlanmış şeyləri suya çəkdiyini ehtimal etdikdə, həmin şeylər pakdır. Bir şərtlə ki, həmin şeylər üçün (namaz qılınan paltar, qab-qacaq) paklıq şərt sayılsın.
Məsələ243: Əgər ədalətli kişi və ya bir şəxs murdar şeyin paklandığını bildirərsə, onların şəhadəti qəbuldur. Malın sahibi malın paklandığını bildirərsə və ya bir müsəlmanın onu suya çəkdiyini biləriksə, düzgün suya çəkildiyini bilməsək də həmin şey pakdır.
Məsələ244: Əgər insan öz libasını yumaq və suya çəkmək üçün müsəlman camaşırxanasına versə, onun sözü libasın pak sayılması üçün bəs edir.
Məsələ245: Vasvasılıqdan əziyyət çəkən, bir şeyin murdarlanmasına tez inanan, bir şeyi suya çəkərsə onun paklanmasına əmin olmayan insanların əminliyi e’tibarsızdır. Onlar başqaları kimi əmin olmaqla kifayatlənə bilərlər.