Məsələ2323: Vəsiyyət dedikdə insanın öz ölümündən sonra müəyyən işlərin görülməsini tapşırması nəzərdə tutulur. Belə vəsiyyət “əhdiyyə” adlanır. Kəfən, dəfn yeri və mərasimlərlə bağlı vəsiyyət bu qəbiləndir. Ya da deyə bilər ki, onun ölümündən sonra malından nəyisə, kiminsə mülkiyyətinə versinlər. Övladı üçün qəyyum da müəyyənləşdirə bilər.
Məsələ2324: Vəsiyyət etmək istəyən kəs söz və ya yazı ilə məqsədini açıqlaya bilər. Danışmağa və ya yazmağa qadir olmasa, məqsədini işarə ilə çatdırmaqla vəsiyyət edə bilər.
Məsələ2325: Vəsiyyətdən əlavə bütün müamilələri bu günki qaydada yazıb imzalaya bilər. Amma evlənmək və boşanmada yazmaqla kifayətlənmək iradlıdır.
Vəsiyyət edənin şərtləri
Məsələ2326: Vəsiyyət edən şəxs büluğ həddinə çatmış və ağıllı olmalıdır. Yaxşını pisdən seçə bilən on yaşlı uşaq məscid, mədrəsə və xəstəxana tikintisi, eləcə də qohumları üçün münasib və ağılabatan vəsiyyət etsə düzgündür. Vəsiyyət edən şəxs səfeh olmamalıdır. Şər’i hakimin qadağa qoyduğu maldan vəsiyyət etmək olmaz. Şəxs məqsədli və azad şəkildə vəsiyyət etməlidir.
Vəsiyyətin hökmləri
Məsələ2327: Bir şəxs intihar məqsədi ilə özünü yaralasa və ya zəhərli maddə içsə, mal-mülkü ilə bağlı vəsiyyət edib öldükdə onun vəsiyyəti düzgün sayılmır.
Məsələ2328: Bir şəxs vəsiyyət etsə ki, malından kiməsə nə isə verilsin, ölümündən sonra nəzərdə tutulan mal həmin şəxsə məxsus olur. Belə bir vəsiyyətin qəbul edilməsinə ehtiyac yoxdur. Amma vəsiyyət edən şəxs həyatda olduğu vaxt qarşı tərəf vəsiyyəti rədd edərsə, ehtiyat budur ki, həmin mal sərf olunmasın.
Məsələ2329: Özündə ölüm əlamətlərini görən şəxs dərhal xalqın əmanətlərini sahibinə qaytarmalıdır. Əgər borc vaxtı çatmışsa, borcunu ödəməli, borcu ödəmək vaxtı çatmamışsa bu barədə vəsiyyət etməlidir. Əgər vəsiyyətinə əməl edəcəyinə əmin deyilsə, şahid tutmalıdır. Amma vərəsənin borcu ödəyəcəyinə əmin olduqda vəsiyyət etmək lazım deyil.
Məsələ2330: Özündə ölüm nişanələri görən şəxs dərhal xüms və zəkat kimi borclarını ödəməlidir. Ödəyə bilməsə öz malından və ya öz malı olmadıqda yaxınları tərəfindən borcun ödənməsi ilə bağlı vəsiyyət edir. Əgər öhdəsində vacib Həcc, qəza namazı və orucu varsa, vacib ehtiyata əsasən, bu barədə vəsiyyət etməlidir. (Bu barədə icarə namazı və orucu haqqında danışılarkən açıqlama verildi.)
Məsələ2331: Özündə ölüm nişanələri görən şəxsin kimdəsə malı olarsa və ya haradasa bir şey gizlədərsə, bundan xəbərsiz vərəsələrin haqqının tapdanmaması üçün bu barədə mə’lumat verməlidir. Əgər sağır övladları qalarsa, onların haqqının pozulmaması üçün e’tibarlı qəyyum müəyyənləşdirməlidir.
Məsələ2332: Vəsiyyət edilən şəxs “vəsiyy” adlanır. İnsan vacib ehtiyata əsasən müsəlman, büluğ həddinə çatmış, ağıllı və e’tibarlı şəxsə vəsiyyət etməlidir.
Məsələ2333: Bir şəxs özünə bir neçə vəsiyy müəyyənləşdirərsə, onların hər birinə müstəqil ixtiyar verildikdə vəsiyyətin yerinə yetirilməsi üçün bir-birlərindən icazə almaları vacib deyil. Əgər belə bir icazə olmazsa (vəsiyyət edərsə ki, bütün vəsilər birlikdə əməl etsin) vəsiyyətin yerinə yetirilməsində vəsilər bir-birləri ilə razılaşmalıdır. Bir araya gələ bilmədikdə vəsiyyətin yubanmaması üçün şər’i hakimə müraciət edilir.
Məsələ2334: İnsan öz vəsiyyətini dəyişərsə (məsələn, əvvəlcə malının üçdə birini kiməsə vəsiyyət edir, sonra fikrindən daşınır) vəsiyyət batil olur. Eləcə də, vəsiyyətində öz sağır övladına qəyyum tə’yin edib, sonra fikrini dəyişərsə, vəsiyyəti batildir. Vəsiyyət edən şəxs vəsiyyət etdiyi malla bağlı elə bir iş görərsə ki, vəsiyyətini dəyişdiyi mə’lum olsun (məsələn, vəsiyyət etdiyi evi satır) öncəki vəsiyyət batildir.
Məsələ2335: Əgər əvvəlcə bir şeyi müəyyən şəxsə vermək vəsiyyət edilərsə, sonradan həmin şeyin yarısının başqa bir şəxsə verilməsi vəsiyyət olunarsa, nəzərdə tutulan şey iki hissəyə bölünməli və hər tərəfə yarısı verilməlidir.
Məsələ2336: Ölüm xəstəliyində olan şəxs malının bir hissəsini bir şəxsə bağışlasa və vəsiyyət etsə ki, öləndən sonra həmin malın bir miqdarını başqa birinə versinlər, nəzərdə tutulan ümumi miqdar malın üçdə birindən çox olarsa, ehtiyata əsasən vərəsədən icazə alınmalıdır.
Məsələ2337: Bir şəxs vəsiyyət etsə ki, malının üçdə birini saxlayıb ondan gələn gəliri sərf etsinlər, bu vəsiyyətə əməl olunmalıdır.
Məsələ2338: Bir şəxs ölüm xəstəliyində ikən bir şəxsə müəyyən miqdarda borclu olduğunu desə, vərəsələrə zərər vurmaqda ittiham olunduğu vaxt həmin miqdar malının üçdə birindən hesablanmalıdır. Belə bir ittiham olmazsa, həmin miqdar malın özündən çıxılır.
Məsələ2339: Malın vəsiyyət olunduğu şəxs həyatda olmalıdır. Sonradan dünyaya gələcək uşağa vəsiyyət etmək nöqsanlıdır və ehtiyat budur ki, vərəsədən icazə alınsın. Amma ana bətnində olan körpəyə vəsiyyət edilsə, belə bir vəsiyyət düzgündür. Bətndəki körpəyə ruh daxil olmasa da belədir. Uşaq sağ-salamat doğulduqda vəsiyyət olunmuş mal ona verilir. Əgər dünyaya ölü gəlsə, vəsiyyət batildir və həmin mal vərəsələrə çatır.
Məsələ2340: İnsan xəbər tutsa ki, bir şəxs vəsiyyətini ona ünvanlayıb vəsiyyəti qəbul etdiyini nəzərə çatdırdıqdan sonra vəsiyyət başqa birinə ünvanlansa, birinci vəsiyyət batildir. Amma vəsiyyət olunmuş şəxs vəsiyyət edən şəxs öldükdən sonra bundan xəbər tutsa, ya xəbər tutub razı olmadığını ona çatdırmasa, ya da razı olduğunu bildirdikdən sonra vəsiyyət edən şəxs başqa birini tapmasa, vacib ehtiyat budur ki, birinci şəxs vəsiyyətə əməl etsin. Bu iş əzab-əziyyətlə başa gəldikdə yerinə yetirilməyə bilər.
Məsələ2341: Vəsiyy (vəsiyyət edilən şəxs) meyitin işlərini yerinə yetirmək üçün başqa birini seçə bilməz. Amma bilsə ki, meyitin məqsədi yalnız vəsiyyətinin yerinə yetirilməsi olub və kimin yerinə yetirməsinin fərqi yoxdur, öz tərəfindən başqa birini vəkil seçə bilər.
Məsələ2342: Bir şəxs vəsiyyətinin icrası üçün iki nəfəri seçsə və onların bu işi birlikdə görməsini istəsə, həmin iki şəxsdən biri ölsə, ya ağılını itirsə, ya dindən çıxsa, şər’i hakim başqa birini tə’yin edə bilər. Əgər vəsiyyət olunanların hər ikisi bu işə aciz olarsa, şər’i hakim başqa iki nəfəri tə’yin edə bilər.
Məsələ2343: Əgər vəsiyy meyitin işlərini təklikdə yerinə yetirə bilməsə və başqa birinin köməyindən istifadə etməyi bacarmasa, şər’i hakim ona kömək üçün bir şəxs tə’yin edə bilər.
Məsələ2344: Əgər meyitin malının hamısı və ya bir hissəsi vəsinin əlində məhv olsa, səhlənkarlıq göstərməmişsə, eləcə də, meyitin göstərişlərinə əməl etmişsə, zamin deyil. Əks təqdirdə həmin mala zamindir.
Məsələ2345: Bir şəxs özünə vəsiyy seçsə və söyləsə ki, həmin vəsiyy ölsə başqa biri vəsiyy seçilsin, belə bir vəsiyyət düzgündür. Birinci vəsiyy öldükdə ikinci vəsiyy onun canişini olur.
Məsələ2346: Borclar, vacib Həcc, xüms və zəkat və bu kimi şeylər vəsiyyət edilməsə belə malın özündən ödənməlidir. Artıq bir şey qalsa vəsiyyət əsasında onun üçdə birini göstərilən ünvana sərf etmək lazımdır. Vəsiyyət etmədiyi halda üçdə bir xərclənmir. Borc ödəndikdən sonra artıq qalan mal vərəsəyə çatır.
Məsələ2347: İnsan öz malının üçdə birindən artığını vəsiyyət edə bilməz. Yalnız vərəsənin icazəsi ilə bu iş mümkündür. Vərəsə meyyitin ölümündən qabaq və ya sonra icazə verə bilər. Vərəsə icazə verdikdən sonra sözünü dəyişə bilməz. Bu icazənin ölümdən qabaq və ya sonra verilməsinin fərqi yoxdur, vacib ehtiyat sözü geri götürməməkdir.
Məsələ2348: Bir şəxs müxtəlif işlərlə bağlı çoxsaylı vəsiyyət etsə və həmin tapşırıqların yerinə yetirilməsi üçün malının üçdə biri çatmasa, onun vəsiyyətlərini ardıcıllıqla yerinə yetirmək lazımdır. Üçdə bir xərcləndikdən sonra qalan vəsiyyət batil olur. Yalnız vərəsənin icazəsi ilə bu işi görmək olar. Əgər meyit Həcc və xüms kimi vacib mövzularda vəsiyyət etmişsə bu xərclər malın özündən götürülür, qalan xərclər üçdə birdən ödənir.
Məsələ2349: Bir şəxs iddia etsə ki, meyit filan malını mənə vəsiyyət edib, ya ədalətli iki kişi, ya ədalətli bir kişi, ya ədalətli bir kişi və iki qadın, ya da dörd ədalətli qadın onun dediklərini təsdiqləməli, and içməlidir. Bu halda deyilənə əməl olunur. Vəsiyyət zamanı ədalətli kişi iştirak etməsə ədalətli qadının şəhadəti ilə həmin malın dörddə biri iddiaçıya verilir. İki ədalətli şahid olsa, iddia etdiyi malın ikidə biri ona verilir. Üç ədalətli qadın şəhadət versə, həmin malın dörddə biri iddiaçıya çatdırılır. Dinində ədalətli sayılan iki kafir zimmi kişinin şəhadəti də belədir. Meyit çarəsiz qalıb ədalətli müsəlman kişi və qadın olmayan şəraitdə vəsiyyət etsə, vəsiyyətinə əməl olunmalıdır.
Məsələ2350: Bir şəxs meyitin vəsisi olduğunu iddia etsə, mala və ya övladlara qəyyum tə’yin edildiyini bildirsə, yalnız iki ədalətli kişi onun dediklərini təsdiqlədikdə iddiası qəbul olunur.
Məsələ2351: Bir şəxs müəyyən malı müəyyən şəxsə verməyi vəsiyyət etsə və həmin şəxs qəbul, ya rədd etməmiş dünyasını dəyişsə, onun varisləri veriləni qəbul edə bilər. Bu şəxsin vəsiyyət edən şəxsdən öncə və ya sonra dünyasını dəyişməsi şərt deyil. Bir şərtlə ki, vəsiyyət edən şəxs vəsiyyətini dəyişməmiş olsun.