Məsələ507: “Möhtəzirin”, yə’ni can verən insanın növbəti Məsələlərdə açıqlanacaq hökmləri var.
Can verənin hökmləri
Məsələ508: Vacib ehtiyata əsasən, can verən insan arxası üstə uzadılmalıdır və ayaqlarının altı üzü qibləyə olmalıdır. Onun kişi və ya qadın olmasının, böyük və ya kiçik olmasının fərqi yoxdur. Əgər can verən şəxsi bu qaydada uzatmaq mümkün deyilsə, vacib ehtiyata əsasən, imkan həddində həmin göstərişə əməl olunmalıdır. Bu da mümkün olmasa onu üzü qibləyə oturtmaq lazımdır. Bu da mümkün olmasa, onu üzü qibləyə sağ çiyni və ya sol çiyni üzərində uzatmaq lazımdır.
Məsələ509: Can verən insanı üzü qibləyə çevirmək hər bir insana vacibdir. Bu işdə onun sahibindən icazə almaq lazım deyil.
Məsələ510: Müstəhəbdir ki, can verən şəxsə şəhadət kəlmələri, on iki imamın adı və digər dini əqidələr onu anlayacağı şəkildə təlqin olunsun (deyilsin). Müstəhəbdir ki, bu sözlər can verən şəxs ölənədək təkrarlansın.
Məsələ511: Müstəhəbdir ki, can verən insana belə bir dua təlqin olunsun: “Əllahumməğfirliəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-yəsirə və yə’fu ənil kəsiri iqbəl minnil-yəsirə və’fu hənnil-kəsirə innəkə əntəl-əfuvvul-ğəfur. Allahummərhəm fəinnəkə rəhim.”
Yaxşı olar ki, bu duanı o özü də təkrarlasın.
Məsələ512: Müstəhəbdir ki, çətin can verən insanı namaz qıldığı yerə aparsınlar.
Məsələ513: Can verən şəxsin rahatlığı üçün onun başı üzərində “Yasin”, “Saffat”, “Əhzab” surələrini və “Ayatəl-kürsi” oxumaq yaxşıdır. Can verənin başı üzərində bacardıqca çox Qur’an oxunsun.
Məsələ514: Can verən şəxsi tənha qoymaq, onun qarnı üzərinə ağır bir şey yerləşdirmək, onun yanında cənabətli və heyiz halında insanın qalması, can verənin yanında ağlamaq və danışmaq, can verəni qadınlarla tənha buraxmaq məkruh əməllərdəndir, (pislənilir).
Ölülər
Ölünün hökmləri
Məsələ515: Müstəhəbdir ki, insan öldükdən sonra onun ağzı, gözləri və çənəsi bağlanılsın. Ölünün əllərini yanına salmaq, ayaqlarını uzatmaq, üzünə bir parça çəkmək lazımdır. Cənazənin dəfni üçün mö’minləri xəbərdar etmək lazımdır. Nə qədər ki, cənazə öldüyü yerdən tərpədilməyib üzü qibləyə saxlanılsın. Onun dəfninə tələsmək lazımdır. Amma insanın öldüyünə yəqinlik yoxsa, səbr edib bunu müəyyənləşdirmək lazımdır.
Məsələ516: Ölmüş qadın hamilə olsa onun bətnində sağ olan və ya sağ olması ehtimal edilən körpə çıxarılmalıdır. Bundan ötrü meyyitin sol tərəfi yarılıb, körpə çıxarıldıqdan sonra həmin yer tikilir. Bu işi bacaranlara əl çatırsa, onların nəzarəti altında hərəkət etmək lazımdır.
Məsələ517: Müsəlmana qüsül vermək, onu kəfənləmək, ona namaz qılmaq və dəfn etmək kifayi vacibdir. Yə’ni bə’ziləri bu işi görərsə, başqalarının öhdəsindən götürülər. Əgər bu işi kimsə görməsə günaha yol verilmişdir. Bu işdə müsəlman firqələri arasında fərq qoyulmur.
Məsələ518: Yuxarıdakı işləri yerinə yetirən insan varsa, həmin işlər başqalarına vacib olmur. Amma həmin şəxs işi yarımçıq qoysa, başqaları onu tamamlamalıdır. Əgər başqa birinin bu işləri görüb-görmədiyinə şübhə varsa, insan özü addım atmalıdır.
Məsələ519: Bir şəxs qüsül, kəfən, namaz və dəfnlə məşğul olsa, onun bu işləri düzgün yerinə yetirib-yetirmədiyini bilməsə, lazımınca yerinə yetirdiyini qəbul etməliyik. Amma səhvə yol verdiyinə əmin olsa, həmin işləri yenidən görməliyik.
Məsələ520: Qüsül, kəfən, namaz və dəfn üçün meyyit sahibindən icazə almaq lazımdır. Sahiblik baxımından qadına daha yaxın olan onun əridir. Meyyitin irsindən pay alanlar bu işdə ərdən sonra gəlir. Əgər onun varisi kişi və qadın olsa, ehtiyat budur ki, hər ikisindən icazə alınsın.
Məsələ521: Əgər bir şəxs özünü meyyitin sahibi kimi təqdim etsə və ya meyyit sahibindən icazə aldığını bildirsə, meyyitlə bağlı işlərdə ondan icazə alınmalıdır.
Məsələ522: Əgər insan ölməzdən qabaq qəyyum olaraq başqa birini tə’yin etsə, məsələn, vəsiyyət etsə ki, filankəs mənə namaz qılsın, bu vəsiyyətə əməl etmək vacibdir. Müstəhəb ehtiyat budur ki, onun sahibindən də icazə alınsın. Amma insan ölməzdən qabaq bir şəxsə bu işlərlə bağlı tapşırıq verərsə, həmin şəxsə bu vəsiyyəti qəbul etmək vacib deyil. Əlbəttə ki, qəbul etmək daha yaxşıdır. Əgər qəbul etsə, ona əməl etməlidir.
Məsələ523: Əgər meyyit sahibinin razı olduğu bilinsə, o bunu dilə gətirməsə də, zahirən razılığının müəyyən olması kifayat edir.
6. Meyyit qüslü
Məsələ524: Müsəlman meyyitə üç qüsül vermək vacibdir: Sidr qatılmış su ilə, kafur qatılmış su ilə, saf su ilə. Amma şəhid və bir qisim başqaları üçün qüsül yoxdur və bu barədə sonradan danışılacaq.
Meyyit qüslünün hökmləri
Məsələ525: Sidir və kafurun suyu bulaşdıracaq həddə olmasının eybi yoxdur. Amma sidr və kafur o qədər az olmamalıdır ki, onların qatılmadığı söylənilsin. Su qatqılı şəkil aldıqda yaxşı olar ki, meyyit əvvəlcə onunla yuyulsun, sonra üzərinə tökülsün.
Məsələ526: Əgər lazımı qədər sidir və kafur tapılmasa, vacib ehtiyata əsasən, tapılan miqdarı suya qatmaq lazımdır. Əgər tamamilə tapılmasa, onların əvəzinə adi su ilə qüsül verilməlidir.
Məsələ527: Həcc və ümrə üçün ehram bağlamış şəxs təvafdan qabaq, xoş ətir halal olmamışdan öncə dünyasını dəyişsə, ona kafurlu su əvəzinə adi su ilə qüsül verilir.
Məsələ528: Meyyitə qüsül verən şəxs müsəlman, büluğ həddində və ağıllı olmalıdır. Həmin şəxsin qüsl məsələlərini bilməsi lazımdır. Müstəhəb ehtiyat budur ki, həmin şəxs on iki imamçı şiə olsun.
Məsələ529: Meyyit qüslü Allaha xatir, ona yaxınlaşmaq məqsədi ilə verilməlidir.
Məsələ530: Müsəlman uşaq zinadan doğulmuşsa da ona qüsül vermək vacibdir. Uşaqlıqdan divanə olan və həmin halda büluğ həddinə çatan şəxsin ata-anası müsəlman olarsa, ona qüsül vermək vacibdir. Öncə müsəlman olub sonradan ağlını itirmiş şəxs də bu hökmdədir.
Məsələ531: Dörd aylıq və ya daha böyük olan siqt (düşmüş) uşağa qüsül verilməlidir. Əgər dörd aylıqdan kiçik olsa, vacib ehtiyata əsasən, onu parçaya büküb qüsülsüz dəfn edirlər.
Məsələ532: Qadına kişi qüsül verə bilməz. Eləcə də, qadın kişiyə qüsül verə bilməz. Yalnız ər və arvad bir-birlərinə qüsl verə bilərlər. Amma müstəhəb ehtiyat budur ki, zərurət olmadıqda bu iş görülməsin.
Məsələ533: Kişi üç yaşı tamam olmamış körpə qıza qüsl verə bilər. Qadın da üç yaşı tamam olmamış körpə oğlana qüsl verə bilər.
Məsələ534: Əgər kişiyə qüsl vermək üçün kişi tapılmasa, ona məhrəm qadınlar qüsl verə bilərlər. Eləcə də, qadın meyitə qüsl üçün qadın tapılmasa, məhrəm kişilər ona qüsl verə bilərlər. Yaxşı olar ki, bu qüsl paltar üzərindən verilsin.
Məsələ535: Kişiyə kişi, qadına qadın qüsl verərkən onun ayıb yerindən başqa yerlərini aça bilər.
Məsələ536: Ölünün ayıb yerinə baxmaq haramdır. Amma bu iş qüslü batil etmir.
Məsələ537: Əgər meyyitin bədəni murdara toxunarsa qüsüldən öncə həmin yeri yumaq lazımdır. Müstəhəb ehtiyata əsasən, qüsüldən öncə meyyitin bütün bədəni murdarlıqdan təmizlənsin.
Məsələ538: Meyyit qüslü də cənabət qüslü kimidir. Ehtiyat budur ki, tərtibi qüsül mümkün olduqda irtimasi qüsül verilməsin. Amma tərtibi qüsüldə bədənin üç hissəsini ardıcıllıqla suya batırmaq olar. Əgər qadın heyiz halında, bir şəxs cənabətli halda dünyadan gedərsə, meyyit qüslü bəs edir.
Məsələ539: Meyyit qüslü vermək müqabilində muzd almaq olmaz. Amma müqəddimə, təmizlik və bu kimi işlər üçün muzd almağın eybi yoxdur.
Məsələ540: Əgər su tapılmasa və ya hər hansı səbəbdən qüsl vermək mümkün olmasa, meyyitə hər qüsl əvəzində təyəmmüm etdirilməlidir. Təyəmmüm edən şəxs meyyitlə üzbəüz dayanır, əlini torpağa vurub meyyitin üzünə və əllərinin arxasına çəkir.