Məsələ746: Namaz qılan şəxsin libası vacib ehtiyata əsasən, mübah, halal olmalıdır. İnsan bilərəkdən qəsbi libasla namaz qılsa, (hətta libasda bir sap və ya bir düymə qəsbidirsə) namazını təzələməlidir. Amma libasın qəsbiliyini bilmədən qıldığı namazlar düzgündür. Əgər libasın qəsbi olduğunu bilib sonradan yaddan çıxararsa, (əgər libası qəsb edən özü deyilsə. Yə’ni qəsb edib, sonra onu yaddan çıxarmamışsa) həmin libasla qıldığı namazları vacib ehtiyata əsasən, təzələməlidir.
Məsələ747: Əgər insan namaz gedişində anlasa ki, libası qəsbidir, əynində ayıb yerini örtəcək bir şey varsa, qəsbi libası çıxarıb namazını davam etdirməlidir. Əgər əynində ayıb yerini örtəcək bir şey yoxsa, qəsbi libasla namazını başa çatdırmalıdır.
Məsələ748: Əgər bir şəxs həyatını qorumaq məqsədi ilə qəsbi libasla namaz qılsa, namazı düzgündür. Eləcə də, libası oğrudan və bu kimi şeylərdən qorumaq üçün onu geyərsə namazı düzgündür.
Məsələ749: Əgər xümsü və ya zəkatı verilməmiş pulla libas alıb həmin libasla namaz qılarsa bu namaza irad var. Əgər nisyə libas alıb müamilə zamanı bu fikirdə olarsa ki, borcunu xüms və zəkatı verilməmiş pulla ödəsin və ya ümumiyyətlə ödəməsin, namazına irad var.
Üçüncü şərt:
Ölmüş Heyvan hissələrindən hazırlanmış libas
Məsələ750: Namaz qılan şəxsin libası atıcı qanı olan heyvanların ölüsünün hissələrindən olmamalıdır. Vacib ehtiyat budur ki, balıq və ilan kimi atıcı qanı olmayan heyvanların da hissələrindən olmasın.
Məsələ751: Namaz qılanın üstündə ölü heyvan hissələri olmamalıdır. Bu hökm libasdan əlavə əşyalara da aiddir. Amma tük, yun kimi ruhsuz hissələrin eybi yoxdur. Məsələn, əti halal heyvan ölüsünün yunundan və tükündən hazırlanmış libasla namaz qılmaq olar.
Məsələ752: Müsəlman bazarından alınmış dəri paltarla namaz qılmaq olar. Hətta həmin heyvanın şər’i qaydada zibh edilib-edilməməsinə şübhə olsa da, bunun eybi yoxdur. Amma dərinin qeyri-İslami məmləkətdən gətirildiyinə yəqinlik olsa, həmin dəri üstündə olan halda namaz qılmaq olmaz. Əgər satıcı lazımınca araşdırma aparmayan biganə bir şəxsdirsə, ondan alınmış dəri mə’mulatla da namaz qılmaq düzgün deyil. Amma bir şəxs öz üzərindəki dərinin İslami, ya qeyri-İslami məmləkətdən gətirildiyini bilməsə, həmin dəri ilə namaz qılmaq olar.
Dördüncü şərt:
Əti haram olan heyvanın hissəsi
Məsələ753: Namaz qılanın libası əti haram heyvanın hissələrindən olmamalıdır. Namaz qılanın üstündə belə bir heyvanın tükü də olsa, iradı var.
Məsələ754: Əgər namaz qılanın libasında əti haram olan heyvanın ağzının və burnunun suyu kimi bir rütubət olsa, bu rütubətin əsli aradan getməmiş onunla namaz qılmağa irad var. Amma həmin rütubət qurusa və onun əsli aradan getsə, qılınmış namaz düzgündür.
Məsələ755: Namaz qılanın libasında başqa bir şəxsin tükü, təri və ya ağzının suyu olarsa bu halda namaz qıla bilər.
Məsələ756: Namaz qılanın üstündə mirvari və ya mum olarsa bu vəziyyətdə namaz qılmaq olar. Amma əti haram olan heyvandan götürülmüş sədəf düymə ilə namaz qılmağın eybi var.
Məsələ757: Əgər insan şəkk etsə ki, əynindəki libas əti halal, yoxsa haram olan heyvanın tükündən və yunundandır, qıldığı namaz düzgündür. Bu libasın ölkə daxilində və ya xaricində hazırlanmasının fərqi yoxdur.
Məsələ758: Plastik maddələrdən hazırlanmış sü’ni dərilərlə namaz qılmaq olar. Bir şəxs öz üzərindəki dərinin sü’ni və ya təbii olduğuna şübhə edərsə, həmin dərinin əti haram, ya ölü heyvan dərisi olduğunu bilməzsə, bunun da eybi yoxdur.
Məsələ759: Vacib ehtiyata əsasən, sar və səncab (dələ) dərisindən namazda çəkinmək lazımdır.
Beşinci şərt:
Qızıl sap parçalar
Məsələ760: Kişilərin qızıl saplı libasla qıldığı namaz batildir. Amma qadınlar israf sayılmasa, belə bir libasla namaz qıla bilər. Namazdan başqa vaxtlarda da kişilərin bu qəbil libas geyinməsi haram sayılır.
Məsələ761: Kişilərin qızıl üzük taxması, qızıl saat vurması, üzərində qızıl zinət gəzdirməsi haramdır. Bu zinətlərlə qılınan namaz batildir. Vacib ehtiyata əsasən, qızıldan hazırlanmış eynəkdən də çəkinmək lazımdır. Amma bütün bunlar istər namazda, istər namazdan başqa vaxtlarda qadınlara halaldır.
Məsələ762: Kişilərdə qabaq dişin zinət məqsədi ilə qızıldan olması həm namazda, həm də namazdan başqa hallarda eyiblidir. Bu işi yalnız çarəsizlikdən görmək olar.
Altıncı şərt:
Libas xalis ipəkdən olmamalıdır
Məsələ763: Kişilərin xalis ipəkdən libas geyinməsi haramdır. Hətta xalis ipəkdən hazırlanmış araxçın və başqa şeylər də namazı batil edir. Libasın astarı da xalis ipəkdən olmamalıdır. Amma qadınlar üçün bütün bunlar həm namazda, həm də namazdan başqa vaxtlarda halaldır.
Məsələ764: Bir libasın xalis ipəkdən və ya başqa bir şeydən olması mə’lum deyilsə, onu geymək olar və bu libasla qılınan namaz dügzündür.
Məsələ765: Kişinin cibində ipək və bu kimi başqa bir dəsmal olsa haram deyil və bu halda namaz batil olmur.
Məsələ766: Əgər libas ipəklə başqa bir şeyin qatqısından hazırlanarsa bunun eybi yoxdur. Amma həmin qatqıda ikinci şeyin miqdarı hesaba alınmayacaq qədər az olarsa, bu libas icazə verilmir.
Məsələ767: Çıxılmaz vəziyyətə düşdükdə ipək və qızıldan hazırlanmış, qəsbi, ölü heyvan hissələrindən düzəldilmiş libaslardan istifadə etmək olar. Çıxılmaz vəziyyətdə həmin libaslarla namaz da qılmaq mümkündür.
Məsələ768: Əgər insanın murdarlanmış, ipək, qızıl saplı libasdan başqa bir libası yoxsa həmin libasla namazını qılmalıdır. Amma libası qəsbi olduqda və çılpaq namaz qılmağa şərait yarandıqda çılpağın hökmünə əməl etməlidir.
Məsələ769: Əgər insanın ixtiyarında namaz üçün münasib libas olmazsa, onu almalı və ya kirayəyə görürməlidir. Bir şəxs belə bir libası bağışlasa və ya icarəyə versə, minnət və narahatçılıq olmasa qəbul etmək lazımdır.
Məsələ770: Vacib ehtiyata əsasən, insan şan-şöhrət göstəricisi olan libaslardan çəkinməlidir. Şöhrət libası dedikdə elə bir libas nəzərdə tutulur ki, bu libası geyməkdə riyakarlıq olsun. Məsələn, bir şəxs özünü zahid və tərki-dünya göstərmək üçün ucuz və solğun rəngli libaslar geyərsə, buna irad var. Amma əgər həqiqətən onun məqsədi sadə geyinməkdirsə bunun eybi yoxdur. Əksinə, riyakarlıq yox, sadəlik məqsədi ilə belə geyinmək bəyənilmiş işdir. Şöhrət libası ilə qılınan namaz batil deyil.
Məsələ771: İnsanın ona hörmətsizlik gətirəcək və fəsad yaradacaq libaslar geyinməsinə irad var.
Məsələ772: Ehtiyata əsasən, kişi qadına məxsus və qadın kişiyə məxsus libas geyməməlidir. Amma belə bir libasla namaz qılmaq olar.
Məsələ773: Uzanmış vəziyyətdə namaz qılmalı olan şəxs çılpaq olsa, vacib ehtiyata əsasən, istifadə etdiyi döşək və döşək üzü murdar, xalis ipək və bu kimi şeylər olmamalıdır. Çıxılmaz vəziyyətdə isə bunun eybi yoxdur.