Məsələ 977: Səcdədə savab ümidi ilə bir neçə əməl bəyənilir:
1. Rükudan qalxdıqdan sonra bədən aram olduğu halda səcdəyə getmək üçün təkbir söyləmək. Eləcə də, birinci səcdədən sonra və ikinci səcdəyə getmək üçün təkbir söyləmək bəyənilir.
2. Kişilər əvvəlcə əllərini, qadınlar isə dizlərini yerə qoysunlar.
3. Alından əlavə burunu səcdə ediləsi bir şeyin üzərinə qoymaq.
4. Səcdə halında əl barmaqlarını birləşdirmək və qulaqlar bərabərində üzü qibləyə yerə qoymaq.
5. Səcdədə dua etmək, öz ehtiyacını Allahdan diləmək. Münasib dualardan biri budur:
يَاخَيرَ المَسئُولِينَ وَيَا خَيرَ المُعطِينَ اُرزُقنِى وَارزُق عِيَالِى مِن فضلِكَ فَاِنَّكَ ذُوالفَضلِ العَظِيم
“Ya xəyrəl-məs’ulinə və əvsəəl-mu’tinə urzuqni vərzuq iyali min fəzlikə fəinnəkə zul-fəzlil-əzim”.
Duanın tərcüməsi: “Ey insanların çağırdığı ən üstün kəs, ey bağışlayanların ən üstünü, mənə və ailəmə öz fəzlindən ruzi ver. Sən böyük fəzl sahibisən.”
6. Səcdədən sonra sol bud üzərində oturmaq, sağ ayağın üstünü sol ayağın alt hissəsinin üzərinə qoymaq. (Bu hal “təvvərük” adlanır.)
7. İki səcdə arasında bədən aram vəziyyətdə “Əstəğfirullahə və ətubu iləyh” söyləmək.
8. Səcdəni uzatmaq, Allaha təsbih, Həmd deyib onu zikr etmək. Muhəmməd və Ali-Muhəmmədə salavat göndərmək.
9. Oturan vaxt əlləri budların üzərinə qoymaq.
10. Ayağa qalxarkən əvvəlcə dizləri, sonra əlləri qaldırmaq.
Səcdədə məkruh (bəyənilməyən) əməllər
Məsələ 978: Səcdə halında Qur’an oxumaq məkruhdur. Eləcə də, səcdə yerindən toz-torpağı təmizləmək üçün üfürmək bəyənilmir. Əgər üfürən zaman ağızdan iki hərflik bir söz çıxsa, irad var.
Qur’ani-məcidin vacib səcdələri
Məsələ 979: Qeyd olunduğu kimi, Qur’ani-məcidin dörd surəsində səcdə ayəsi var. (“Əlif lam mim, səcdə”, “Ha mim səcdə”, “Ən-Nəcm”, “İqrə” surələri) İnsan səcdə ayəsi oxuduğu və bu ayəni dinlədiyi vaxt dərhal səcdə etməlidir. Əgər səcdəni unutsa yadına düşən kimi onu yerinə yetirməsi vacibdir. Əgər ayəni dinlədiyi halda onu eşitsə, vacib ehtiyata əsasən, səcdə etməlidir.
Məsələ 980: Əgər insan həm özü səcdə ayəsi oxusa, həm də bu ayəni başqasından eşitsə bir səcdə qılsa bəs edər.
Məsələ 981: Namazdan başqa vaxtlarda səcdə halında səcdə ayəsi oxusa və ya bu ayəni eşitsə, səcdədən qalxıb yenidən səcdə etməlidir.
Məsələ 982: Əgər səcdə ayəsini lent yazısından və ya radiodan eşitsə, ehtiyat budur ki, səcdə etsin.
Məsələ 983: Qur’anın vacib səcdəsi üçün alını səcdə ediləsi şeyə qoymalıdır. Vacib ehtiyata əsasən, ayıb yerini örtməli, qəsbiliklə bağlı şərtləri yerinə yetirməlidir. Amma namazın digər şərtləri vacib səcdədə ödənməyə də bilər.
Məsələ 984: Qur’anın vacib səcdəsi üçün səcdəyə getmək kifayat edir. Səcdədə zikr deməmək də olar. Amma yaxşı olar ki, zikr deyilsin. Belə bir zikrin deyilməsi daha yaxşıdır:
لاَاِلَه اِلاَّ اللهُ حَقًا حَقًا لاَ اِلَهَ الاَّ اللهُ اِيمَانًا وَتَصدِيقًا لاَاِلَه اِلاَّ اللهُ عبوديّةً وَرِقًا سَجَدتُ لَكَ يَارَبِّ تَعَبُّداً وَرِقَّالاَ مُستَنكِفًا وَلاَ مَستَكبِراً بَل اَنَا عَبدًُ ذَلِيلًُ ضَعِيفًُ خَائِفًُ مُستَجِيرًُ
“La ilahə illəllah həqqən həqqa la ilahə illəllahu imanən və təsdiqa la ilahə illəllahu ubudiyyətən vəriqqa səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa la mustənsikən və la mustəqbira bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcir.”
Məsələ 985: Qur’an ayəsinə görə səcdədə üzü qibləyə olmaq şərt deyil və istənilən bir tərəfə səcdə qılmaq olar. Amma yaxşı olar ki, səcdə üzü qibləyə yerinə yetirilsin.
8. Təşəhhüd
Məsələ 986: Bütün namazların ikinci rəkətində təşəhhüd vacibdir. Eləcə də şam və xiftən, günorta və ikindi namazlarının sonunda təşəhhüd deyilməlidir. Təşəhhüd belə yerinə yetirilir: İkinci səcdədən sonra oturmaq və bədən aram halda ikən təşəhhüdün zikrini demək lazımdır:
اَشْهَدُ اَن لا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدِ وَآلِ مُحَمَّد
“Əşhədu ənla ilahə illəllah vəhdəhula şərikələh və əşhədu ənnə Muhəmməddən əbduhu və rəsuluh Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”. Təşəhhüdün zikri aydın ərəbcə, ardıcıl və fasiləsiz deyilməlidir.
Məsələ 987: Əgər təşəhhüdü unutsa, sonrakı rəkətin rükusundan öncə yadına düşsə, oturub təşəhhüdü deməlidir. Sonra yenidən qalxır və yenidən təsbihat söyləyir. Amma sonrakı rəkətin rükusunda və ya rükudan sonra yadına düşsə, namazı düzgündür, təkrara ehtiyac yoxdur. Amma ehtiyat budur ki, namazdan sonra təşəhhüdün qəzasını və iki səcdəye-səhv yerinə yetirsin.
Məsələ 988: Əgər şəkk etsə ki, təşəhhüdü deyib, yoxsa yox, o biri rəkətə başlasa, əhəmiyyət verməsin. Amma nə qədər ki, qalxmayıb onu deməlidir.
Məsələ 989: Müstəhəbdir ki, təşəhhüd halında sol budu üzərində əyləşsin və sağ ayağının üzünü sol ayağının alt hissəsinin üzərinə qoysun. Təşəhhüddən öncə “Əlhəmdulillahi” və ya “Bismillahi və billahi vəl həmdulillahi və xəyrul-əsmai lillahi” söyləməsi müstəhəbdir. Müstəhəbdir ki, təşəhhüd halında əllərini budlarının üzərinə qoysun, barmaqlarını birləşdirsin və ətəyinə baxsın. Təşəhhüd başa çatdıqdan sonra desin: “Vətəqəbbəl şəfaətəhu vərfə dərəcətəh” (“Pərvərdigara, Peyğəmbərin şəfaətini qəbul et, onun dərəcəsini ucalt.”)
9. Salam
Məsələ 990: Bütün namazların son rəkətində təşəhhüddən sonra salam söyləmək vacibdir. Salam üç hissədən ibarətdir:
اَلسَّلاَمُ عَلَيْكَ اَيُّهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
“Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh;
السَّلاَمُ عَلَيْنا وَعَلى عِبادِ اللهِ الصالِحِينَ
Əssəlamu ələyna və əla ibadillahis-salihin;
اَسَّلاَمُ عَلَيكُم وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”.
Salamda üçüncü hissəni demək vacibdir. Və bununla kifayatlənmək olar. Amma təkcə ikinci hissə ilə kifayatlənmək olmaz. Birinci hissə isə müstəhəbdir.
Məsələ 991: Əgər namazın salamı yaddan çıxarsa, yada düşdüyü vaxt namazın forması pozularsa, bilərəkdən və ya bilməyərəkdən namazı batil edən iş görülməzsə, (məsələn, qiblədən çıxmaq), salam demək lazımdır. Bu halda namaz düzgündür. Salamın yaddan çıxdığını xatırlayanda namazın forması pozularsa, amma bilərəkdən və ya səhvən namazı batil edən iş görülməzsə, salam demək lazım deyil və namaz düzgündür. Namazın forması pozulmazdan öncə namazı batil edən iş görərsə, vacib ehtiyat budur ki, namazını yenidən qılsın.
10. Tərtib
Məsələ 992: Namaz qılan şəxs namazın əməllərini yuxarıda deyilən Məsələlər əsasında ardıcıl yerinə yetirməlidir. Əgər bilərəkdən bu ardıcıllığı pozsa, məsələn, səcdələri rükudan qabaq, təşəhhüdü səcdələrdən qabaq yerinə yetirsə, namazı batildir. Bu ardıcıllıq yaddan çıxdığı üçün pozularsa, növbəti rüknə daxil olmamış həmin əməlləri yenidən yerinə yetirməklə ardıcıllığı qorumaq lazımdır. Əgər sonrakı rüknə daxil olmuşsa, namazı düzgündür. Bir şərtlə ki, rükn unudulmasın. Məsələn, rükunu unudub ikinci səcdəyə getsə, namazı batildir.
11. Muvalat
Məsələ 993: Namaz qılan şəxs muvalat şərtini, yə’ni namazda fasiləsizliyi gözləməlidir. Namazın əməlləri arasında, məsələn rüku və səcdələr arasında elə bir fasilə yaranmamalıdır ki, namazın forması pozulsun. Əks təqdirdə namaz batildir. Bunun bilərəkdən və ya səhvən olmasının fərqi yoxdur.
Məsələ 994: Əgər qiraətin, zikrlərin və ya təşəhhüdün sözləri arasında bilmədən fasilə yaradılarsa, qiraətin forması itdiyi halda namazın forması yerində olarsa, qayıdıb düzgün demək lazımdır. Əgər sonrakı rüknə daxil olmasa namazı düzgündür.
Məsələ 995: Rüku, səcdə, qunutu uzatmaq və uzun surələr, zikrlər oxumaq namazın muvalatını pozmur, əksinə fəzilətdir.
Dostları ilə paylaş: |