Məsələ1653: Zəkat müstəhəqləri aşağıda qeyd edilən şərtlərə malik olmalıdırlar:
Birincisi, Allaha, İslam peyğəmbərinə (s) və on iki imama iman gətirmək. Müsəlman şiələrindən olan fəqir uşaq və ruhi xəstələrə zəkat vermək olar. Lakin, zəkat uşaq və divanəyə təmlik (yiyələnmə, sahib olma), yaxud onlar üçün xərcləmək qəsdi olmasından asılı olmayaraq, onların hamilərinə verilməlidir. Əgər onlara əli çatmırsa, özü və yaxud da e’timadlı bir şəxsin vasitəsi ilə zəkatı onların ehtiyacı üçün istifadə edə bilər.
Məsələ1654: İkincisi, zəkat vermək günaha səbəb olmamalıdır. Belə olan halda, onu günah işlərdə istifadə edən şəxsə zəkat vermək olmaz. Vacib ehtiyata əsasən, spirtli içki içənə də zəkat verilməsin.
Məsələ1655: Zəkatda ədalət və böyük günahlara qurşanmamaq şərt deyil.
Məsələ1656:Üçüncüsü, xərcləri özünə vacib olan kəslərə -övlada, arvada, ata-anaya zəkat vermək olmaz. Əgər onlar borclu olsalar və borclarını ödəyə bilməsələr, onlara borclarını ödəyə biləcəkləri qədər zəkat vermək olar.
Məsələ1657: Əgər bir nəfər nəfəqəsi özünə vacib olan şəxslərin xərclərini ödəyə bilmirsə, məsələn, arvad-uşağının xərcini verməyə imkanı yoxdursa və yaxud imkanlı olduğu halda vermirsə, başqaları onlara zəkat verə bilər.
Məsələ1658: Hər vaxt övladın elmi-dini kitablara ehtiyacı olsa, ata onları almaq üçün ona zəkat verə bilər.
Məsələ1659: Hər vaxt ər arvadının xərclərini ödəməsə, qadın şəriət hakimi və yaxud başqalarının vasitəsi ilə haqqını ala bilər. Belə bir qadın zəkatdan istifadə edə bilməz.
Məsələ1660: Ərin zəkatı alıb arvadı və uşaqları üçün xərcləyəcəyindən asılı olmayaraq, qadın fəqir ərinə zəkat verə bilər.
Məsələ1661:Dördüncüsü, zəkat alan seyid olmamalıdır. Lakin, zəkat verən də seyid olsa (ala bilər). Əgər xüms və s. dini vergilər onların xərclərinə kifayat etdiyi üçün çarəsizlikdən zəkat almağa məcbur olsa, seyid olmayan şəxsdən zəkat ala bilər. Lakin, vacib ehtiyata əsasən, yalnız gündəlik xərcləri qədər alsın.
Zəkatın niyyəti
Məsələ1662: Zəkatda qürbət qəsdi şərtdir. Yəni zəkat Allah-taalanın əmrinə itaət etmək üçün verilməlidir. Gərək niyyətində malın və yaxud fitrənin zəkatı olmasını müəyyən etsin. Lakin, əgər buğda, arpa və başqa şeylərin zəkatını verirsə, zəkatın hansının olmasını müəyyən etməsi lazım deyil.
Məsələ1663: Bir neçə malın zəkatı vacib olan şəxs müəyyən qədər zəkat verib heç birini niyyət etməsə, bu halda, verdiyi şey onların biri ilə eyni cinsdən olsa, həmin cinsin zəkatı hesab olunur. Əgər heç biri ilə həmcins olmasa, onların hamısına bölünər. Bu baxımdan, məsələn, əgər zəkat adı ilə bir qoyun versə, qoyunun zəkatı hesab olur. Lakin, qoyun və inəkdən zəkata borclu olduğu halda müəyyən qədər gümüş pul versə, hər ikisinin arasında bölünər.
Məsələ1664: Əgər bir nəfəri malın zəkatını verməyə vəkil etsələr, vəkilin niyyət edib-etməməsindən asılı olmayaraq, həmin miqdar malik niyyət etsə kafidir. Əgər malik zəkatın niyyətini etməyib, bütün öhdəlikləri vəkilə tapşırıbsa, gərək vəkil niyyət etsin.
Məsələ1665: Əgər malik və yaxud vəkil qürbət qəsdi olmadan zəkatı fəqirə versə, mal aradan getməzdən öncə malikin özü qürbət niyyəti etsə, zəkat hesab olunar.
Məsələ1666: Hər vaxt zəkatı öz istəyi ilə ödəməsə, şəriət hakimi güc tətbiq etməklə ondan ala bilər və zəkat hesab olunar. Belə olan halda qürbət niyyəti hesab olunmur. Lakin, ehtiyat odur ki, şəriət hakimi qürbət qəsdi etsin.
Zəkatın müxtəlif məsələləri
Məsələ1667: Zəkatı ödəməkdə səhlənkarlıq etmək olmaz. Yəni zəkat vacib olan vaxtda onu fəqirə və yaxud şəriət hakiminə çatdırmalıdır. Lakin müəyyən bir fəqiri gözləsə və ya hansısa üstün cəhəti olan fəqirə vermək istədikdə, gözləyə bilər. Amma, vacib ehtiyata əsasən, bu halda zəkatı maldan ayırsın.
Məsələ1668: Zəkatı müstəhəqqə çatdıra bilən şəxsin səhlankarlığı nəticəsində mal aradan getsə, (zəkata) zamindir və onun əvəzini ödəməlidir. Əgər səhlənkarlıq etməyibsə, öhdəsinə bir şey düşmür.
Məsələ1669: Zəkatı malın özündən ayırdıqdan sonra onun qalanından istifadə etmək olar. Əgər ayrı bir maldan ayrılsa, o malın hamısından istifadə etmək olar.
Məsələ1670: İnsan ayırıb kənara qoyduğu zəkatı götürüb, ayrı bir şeyi yerinə qoya bilməz.
Məsələ1671: Əgər kənara qoyulan zəkatın bir mənfəəti olsa, məsələn, (zəkat üçün kənara qoyulan) qoyun quzu doğsa, o şey zəkatdan hesab olunur.
Məsələ1672: Zəkatı kənara qoyduğu vaxtda bir müstəhəqq hazır olsa, zəkatı ona verməsi yaxşıdır. Ondan üstün bir şəxsi nəzərdə tutduğu halda (isə) istisnadır.
Məsələ1673: Şəriət hakimi -əd - İslam hökmlərini icra edə bildiyi halda, vacib ehtiyata əsasən, zəkatı ona verməli və yaxud onun icazəsi ilə istifadə etməlidirlər. Belə olan halda insanların şəriət hakiminin icazəsi olmadan onu (zəkatı) bölməsi işkallıdır.
Məsələ1674: Zəkat üçün ayırdığı eyni mal ilə özü üçün ticarət etməsi düzgün deyil. Lakin, şəriət hakiminin icazəsi ilə olsa, düzgündür və o malın mənfəəti zəkatdır.
Məsələ1675: Zəkat insana vacib olmazdan öncə zəkat adı ilə fəqirə nəsə verə bilməz. Lakin, ona borc verib, zəkat ona vacib olandan sonra (zəkat borcunun yerinə) hesablaya bilər.
Məsələ1676: Bir nəfərə zəkatın vacib olmadığını bilən fəqir ondan zəkat adı ilə bir şey ala bilməz. Əgər alsa və mal onun yanında tələf olsa, zamindir. Amma o şəxs fəqir olaraq qalsa, sonradan onun borcunu zəkat adı ilə hesablamaq olar.
Məsələ1677: Qoyun, inək və dəvənin zəkatını möhtərəm ehtiyaclılara vermək müstəhəbdir. Həmçinin, zəkat verdikdə qohumları ayrılarından, elm, adamlarını digərlərindən, bir şey ummayanları umanlardan qabağa salmaq müstəhəbdir.
Məsələ1678: Vacib zəkatı aşkar, müstəhəb sədəqəni isə gizli vermək müstəhəbdir.
Məsələ1679: Hər vaxt birinə zəkat vacib olsa, lakin o məntəqədə müstəhəq olmasa, sonradan bu məntəqədə müstəhəqq tapa biləcəyinə ümid etmədiyi halda, mütləq zəkatı ayrı məntəqəyə aparıb istifadəyə verməlidir. Vacib ehtiyata əsasən, ayrı məntəqəyə aparmaq xərcləri onun öhdəsinə düşür. Lakin, zəkat tələf olduqda, zamin deyil.
Məsələ1680: Zəkatı verənin məntəqəsində müstəhəq tapıldığı halda da zəkatı ayrı bir məntəqəyə apara bilər. Lakin, onu aparmaq xərcləri onun öhdəsindədir və hətta, şəriət hakiminin icazəsi ilə aparsa belə, əgər zəkat tələf olsa, vacib ehtiyata əsasən, zamindir.
Məsələ1681: Zəkat verdiyi buğda, arpa və sairənin ümumi xərcləri öz onun öhdəsindədir.
Məsələ1682: Vacib ehtiyata əsasən, hər bir fəqirə gümüş zəkatının birinci nisab həddindən (2 misqal və 15 noxud qədər) az verməsin. Əgər buğda, arpa kimi bir şeylərdən zəkat verirsə, yenə də qiyməti o miqdardan az olmamalıdır.
Məsələ1683: İnsanın müstəhəqqə verdiyi zəkatı onun özünə satmasını istəməsi məkruhdur. Lakin, müstəhəqq şəxs aldığı zəkatı pula çevirmək istəsə, zəkatı ona verən şəxs başqalarından öndədir.
Məsələ1684: Əgər vacib zəkatı ödəyib-ödəmədiyində şəkk etsə, hətta onun şəkki qabaqkı illərin zəkatına aid olsa belə, mütləq ödəməlidir.
Məsələ1685: Fəqirin, miqdarından az olan zəkatla razılaşmaq, onun qiymətindən baha olan bir şeyi almaq və yaxud zəkatı malikdən alıb özünə bağışlamaq haqqı yoxdur. Hətta bir şəxsin çoxlu zəkat borcu olsa, fəqir olub, zəkatı ödəyə bilmədiyindən, digər borcları kimi, (bu da) onun öhdəsində qalır və (zəkatı) alıb ona bağışlamaq işkallıdır.
Məsələ1686: İnsan zəkatla İslami hədəflərin inkişafında tə’sirli olan dini, elmi, Quran, dua və s. kitablar alıb, istər hamı, istərsə də xüsusi adamlar, hətta övladı və xərcləri özünə vacib olan şəxslər üçün vəqf edə bilər. Lakin, zəkatla hansısa mülkü alıb, oğluna vəqf edə bilməz.
Məsələ1687: Fəqir şəxs Həccə, ziyarətə və bu kimi yerlərə getmək üçün zəkat ala bilər. Lakin, illik xərcləri qədər zəkat alıbsa, ziyarət və bu kimi yerlər üçün zəkat alması işkallıdır.
Məsələ1688: Əgər malik malının zəkatını vermək üçün bir şəxsi vəkil etsə, lakin ifadəsinin zahiri (mənası) onu başqalarına vermək olsa, müstəhəqq olmasından asılı olmayaraq, vəkil özü ondan heç nə götürə bilməz. Əgər ifadəsinin zahiri (mənası) ümumi olsa, özü də istifadə edə bilər.
Məsələ1689: Hər vaxt bir şəxs zəkat adı ilə ehtiyac duyduğu qədərilə qoyun, inək, dəvə, qızıl, gümüşü alsa, əgər nisab həddində olsa və təsadüfən, üstündən bir il keçsə, onun zəkatını ödəməlidir.
Məsələ1690: Hər vaxt iki nəfər zəkatı vacib olan malda şərik olsalar və onlardan biri öz zəkat payını versə və sonra malı bölüşdürsələr, o birisi (şəriki) zəkat payını verməsə belə, onun öz payından istifadə etməsində işkal yoxdur.
Məsələ1691: Əgər bir nəfərin öhdəsində xüms, zəkat və ya borc varsa və kəffarə, nəzr və s. kimi şeylər ünvanı ilə bə’zi mallar da ona vacib olubsa, bunların hamısını ödəyə bilmirsə və əgər zəkat, xüms vacib olan eyni malın özü aradan getməyibsə, xüms və zəkatın (ödəməsini) önə salmalıdır. Əgər aradan gedibsə, ehtiyata əsasən, camaatın haqqını önə salmalıdır. Əgər belə bir şəxs dünyadan köçsə və onun malı bütün bunlar üçün kifayat etməsə, qeyd edilən qaydada əməl etməlidirlər.