MüQƏddimə



Yüklə 1,6 Mb.
səhifə21/30
tarix22.10.2017
ölçüsü1,6 Mb.
#9325
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

BEŞİNCİ FƏSİL:

MÜAVİYƏNİN ÇOXDANKİ XİLAFƏT ARZUSU


Qeyd olunan dəlillər isbat edir ki, Müaviyə kimi mənfur ünsürlərin xilafətdən kənar edilməsi təkcə doğruçuluğun, pərhizkarlığın tələbi deyildi, həm də aqibəti düşünmək, uzaqgörənlik, elm, siyasət, mümkün qədər ən az ziyana düşmək də elə onu tələb edirdi. Imam (ə)-ın seçdiyi yol həqiqəti dərk edən bir siyasətçinin seçə biləcəyi ən düzgün yol idi. Müaviyə ilə əməkdaşlıq etməyin çoxlu ziyandan başqa nəticəsi olmazdı. Ibni Abbasın Imam (ə)-a özünün qədim düşməni ilə əməkdaşlıq və mülayim rəftar etməsini tövsiyə etməsi də, həqiqətgörənlikdən uzaq idi. Tanınmış ərəb siyasətçisi Müğeyrə ibni Şöbənin də Imam (ə)-a əvvəlcə Müaviyəni hakimiyyətdən salmamasını tövsiyə etməsi, sonrakı gün bunun əksinə danışaraq "onu işdən çıxarması məsləhətə uyğundur" deməsinə gəldikdə isə onun bu sözlərin hansını sədaqətlə deməsi məlum deyildi. Bəzi sadəlövhlər təsəvvür edirdilər ki, Müaviyənin öz məqamında saxlanılması Əli (ə)-ın şəxsən öz xeyrinədir. Lakin Imam (ə) haqq yolunu hər şeydən üstün saydığına görə işin nəticəsini nəzərə almadan, onun hərbi və siyasi nəticələrini araşdırmadan Müaviyənin işdən götürülməsinə dair hökm verdi. Bu şəxslər Müaviyənin xəbis ruhiyyəsindən, xilafətə çatmaq üçün məkrli tədbirlərindən, üçüncü xəlifənin dövründəki fəaliyyətlərindən, Osmanın qətlindən sonra məktublar yaymasından, Imam (ə)-ın tərəfindən onun işdən çıxarılması hökmündən və s. xəbərdar deyildilər və məsələni çox səthi şəkildə araşdırmışlar. Indi bu məsələnin tarixi dəlillərindən bəzilərini nəql edirik. (Bu dəlillər göstərir ki, Müaviyənin zahirdə islami olan bir imperiyanın təşkil edilməsindən başqa bir məqsədi yox idi, əgər Imam (ə) Şamın hakimiyyətini ona tapşırsaydı belə, buna qane olmayacaq və ondan sui-istifadə edəcəkdi.)

Xəlifənin qətlindən sonra Nöman ibni Bəşir Osmanın qanlı köynəyini və onun arvadının məktubunu özü ilə götürüb Şama yola düşdü və Mədinədəki vəziyyəti məlumat verdi. Müaviyə minbərə çıxıb Osmanın köynəyini əlinə aldı, onu camaata göstərib hamını xəlifənin intiqamını almağa çağırdı. Camaat xəlifənin qanlı köynəyini görüb hönkür-hönkür ağlaşdılar, sonra dedilər: "Sən xəlifənin əmioğlusu, onun şəri (və qanuni) qəyyumusan. Biz də sənin kimi onun intiqamını almaq istəyirik."

Daha sonra onu Şam məntəqəsinin əmiri kimi qəbul edib beyət etdilər. Müaviyə Şamın görkəmli şəxsiyyətlərini məsələdən agah etmək üçün adamlar göndərdi, Həms şəhərinin nüfuzlu şəxsiyyəti sayılan Şərhbil Kindiyə də bir məktub yazıb, Şamın "əmirəl-mömini" olaraq onunla beyət etməsini təklif etdi. O, cavabda yazdı: "Sən böyük bir səhvə yol vermisən! Mənə deyirsən ki, səninlə bir "əmirəl-möminin" kimi beyət edim. Keçmiş xəlifənin intiqamını məntəqənin əmiri yox, yalnız müsəlmanların xəlifəsi ala bilər. Buna görə də, mən sənin təkcə Şamın deyil, bütün müsəlmanların xəlifəsi kimi qəbul və sənə beyət edirəm."

Şərəhbilin məktubu Müaviyəyə çatanda çox xoşhal oldu və məktubu Şam əhalisinə oxudu, onlardan özünə, müsəlmanların xəlifəsi kimi beyət aldı. Sonra isə Əli (ə)-la yazışmağa başladı.1

Tarixin bu hissəsi göstərir ki, Müaviyə xilafəti qəbul etməyə o qədər hazır idi ki, hətta Həms şəhərinin nüfuzlu bir şəxsiyyətinin beyət etməsi ilə dərhal özünü xilafətə namizəd göstərdi, Şamda bu məsələni ortaya atdı və elə oradaca camaatdan inqilabçıların, xüsusilə mühacirin və ənsarın Əli (ə)-la beyətinə etina etmədən özünə beyət aldı. O, uzun illər boyu elə şərait hazırlamışdı ki, beyət məsələsinin irəli çəkilməsi və beyət alınması elə bir yığıncaqdaca başlanıb qurtardı.

2. Müaviyə Mədinə camaatının Əli (ə)-la beyət etməsindən xəbərdar olduqda, hələ Imam (ə)-dan ona məktub gəlib çatmamış, iki məktub–birini Zübeyrə, digərini isə Təlhəyə yazdı və hər ikisini Iraqın iki böyük islami şəhəri olan Kufə və Bəsrəni ələ keçirmək üçün təhrik etdi. O, Zübeyrə belə yazmışdı: "Mən Şam camaatından sənin üçün beyət almışam. Tez bir zamanda Kufəni və Bəsrəni ələ keçirmək üçün özünü hazırla. Səndən sonra da Təlhə ilə beyət etdim. Tez olun, Osmanın intiqamını almaq üçün qiyam edin, camaatı da bu işə dəvət edin."

Zübeyr məktubdan çox xoşhal oldu, Təlhəni də bu işdən xəbərdar etdi. Hər ikisi qərara aldılar ki, Imam (ə)-ın əleyhinə qiyam etsinlər. Müaviyənin Təlhəyə yazdığı məktub Zübeyrə yazdığı məktubdan tamamilə fərqli idi. O, bu məktubda belə yazmışdı: "Mən xilafəti sizin hər ikinizə eyni səviyyədə verirəm. Sizin hər biriniz xilafəti digərinə versə, onun vəfatından sonra müsəlmanların xəlifəsi olacaq."

Şübhəsiz, Təlhə və Zübeyri xilafətə və Kufə ilə Bəsrənin işğal olunmasına təhrik etməkdə məqsəd yalnız Əli (ə)-ın mövqeyini zəiflətmək və Şamda özlərinin mövqeyini möhkəmlətmək, nəticədə Imam (ə)-ın tərəfdarları arasında ixtilaf yaradaraq o iki nəfərin həmkarlığı ilə rəhbərliyi Əli (ə)-ın əlindən almaq idi. Sonra isə Təlhə və Zübeyrə (bu iki dünyapərəst və sadəlövh adama) qələbə çalmaq çox asan bir iş idi.

3. Müaviyə işin əvvəllərində və Siffeyn müharibəsinin ortalarında Imam (ə)-a təklif etdi ki, Şam və Misri muxtariyyət şəklində ona tapşırsın, bu iki məntəqənin vergisi onun ixtiyarında olsun və Imam (ə)-ın vəfatından sonra o, müsəlmanların xəlifəsi olsun.

Indi bu mətləbi bir az da izah edirik: Imam (ə) xilafətin əvvəlində tanınmış şəxsiyyət olan Cərir Bəcliyə bir məktub verib Şama göndərdi. O məktubda yazılmışdı: "Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər mənimlə də beyət etmişlər. Mühacir və ənsarın hamılıqla mənim xilafətimə beyət etmələrindən sonra başqasının xilafətə seçilməyə haqqı yoxdur–istər beyət vaxtı Mədinədə olmuş olsun, istərsə də olmasın."

Cərir Şama daxil oldu və məktubu Müaviyəyə verdi. Lakin o, cavab verməkdə bəhanə gətirdi, Ütbə və Əmr-As kimi şəxslərlə məşvərət etdi. Nəhayət, öz qəlbində gizlətdiklərini aşkar edib bildirdi ki, əgər Əli Şam və Misri ona həvalə edib onların gəlirini onun öhdəsinə qoysa, bu halda onun xilafətini qəbul edəcək.

Imam (ə)-ın səfiri bir məktub yazaraq Müaviyənin fikrini o həzrətə xəbər verdi. Imam (ə) da ona məktub yazaraq buyurdu: "Müaviyə mənimlə beyət etməmək və nəhayətdə öz məqsədinə çatmaq istəyir. O, vaxtı yubatmaqla və Misrin, Şamın muxtariyyət məsələsini irəli çəkməklə yerini möhkəmlətmək istəyir. Əgər o beyət etsə, daha yaxşı. Əks halda Şamı tərk et və bizə tərəf gəl."1

Imam (ə)-ın verdiyi cavabdan məlum olduğu kimi, Müaviyənin bu təklifi irəli sürməkdə məqsədi bu idi ki, Əli (ə)-la beyət vasitəsilə itaət etməyə iltizamlı olmasın və o, müstəqil şəkildə Misir və Şam kimi böyük məntəqələrə rəhbərlik etsin, Imam (ə) da heç vaxt oranın işlərinə və məmurlarının təyin edilməsinə müdaxilə etməsin. Müaviyənin bu məntəqədə yerini bərkidəndən sonra Imamın əleyhinə və onun hökumətini devirmək üçün necə planları olduğunu təkcə Allah bilir! Bundan əlavə, bu nə əqlin, nə də şəriətin rəsmi şəkildə qəbul etmədiyi "ikihakimiyyətlilik" tezisidir. Bunun nəticəsi isə islam hökumətinin parçalanmasından başqa bir şey olmayacaqdı.2

Müaviyənin Imam (ə) tərəfindən bir nümayəndə deyil, bütövlükdə xilafəti ələ keçirmək istəməsinin şahidi Əli (ə)-ın ona yazdığı məktubdakı bir cümləsidir: "Ey Müaviyə, bil ki, sən "azad olunmuşlar"dansan ki, xilafət onlara caiz deyil, onların beyət etməsi ilə heç kəs xilafətə çatmaz və onların şurada üzv olmağa haqları yoxdur."3


"OSMANİN QATİLLƏRİ" ADLİ BƏHANƏ


Müaviyə Imam (ə)-ın xilafəti dövründə hər şeydən çox "Osmanın qatilləri" məsələsini irəli çəkir və Əli (ə)-dan onları (qatilləri) təhvil verməsini istəyirdi. O yaxşı bilirdi ki, Osmanın qatilləri bir-iki nəfər deyil ki, Imam (ə) onları tutub təhvil verə bilsin. Çünki Mədinə şəhəri, Misir və Iraq əhalisindən təşkil olunan böyük bir qrup xəlifənin evini mühasirəyə alıb onu öldürmüşdülər. Onları tək-tək axtarıb tapmaq da mümkün deyildi. Müaviyənin məqsədi təkcə xəlifənin qətlində iştirak edənlərin yox, hücumçuların hamısının tutulması idi. Bundan əlavə, bu kimi işlər barəsində təhqiqat aparmaq xəlifənin əmioğlusunun deyil, islam xəlifəsinin işi idi. Xəlifənin qatillərinin tutulub Müaviyəyə təhvil verilməsi də bir növ onun xilafəti kimi cilvələnərdi.

Imam (ə) Müaviyəyə yazdığı məktublardan birində buyurur: "Osmanın qatilləri barəsində həddindən artıq israr edirsən. Əgər öz nadürüst fikrindən dönsən, həm sənin, həm də başqalarının barəsində Allahın Kitabı əsasında rəftar edəcəyəm. Amma sənin istədiyin şey (Şam və Misrə hakimlik) uşağın ana döşü ilə aldanmasına oxşayır."

Başqa bir məktubda isə belə yazır: "Bil ki, həsrətlə tələb etdiyin şey "azad olunanlar"a çatmaz ki, müsəlmanların rəhbəri olsunlar, onların xilafətseçmə şurasına üzv olmağa haqları yoxdur."

Osmanın intiqamının alınması və qatillərinin təhvil verilməsi məsələsinin yalnız bir bəhanə olmasının və Müaviyənin bundan istifadə edərək xilafətə keçmək istəməsinin aydın dəlili budur ki, Əli (ə) şəhadətə çatandan və Müaviyə xilafəti ələ keçirəndən sonra unudulan ilk şey elə Osmanın intiqamı və qatillərin tutulması məsələsi idi. Hətta Osmanın qızı Müaviyənin ətəyindən yapışıb atasının intiqamının qatillərdən alınmasını tələb etdikdə o belə cavab verdi: "Bu iş mənim əlimdən gəlməz, sənin müsəlmanların xəlifəsinin əmiqızısı olmağın kifayətdir."



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin