DÖRDÜNCÜ FƏSİL ƏLİ (ə) PEYĞƏMBƏR (s)-İN KÜRƏKƏNİDİR
Əli (ə) Allahın əmri və islamın gözəl qanununa əsasən gəncliyinin tufanlı dövründə öz həyat gəmisinə sakitlik və aramlıq bəxş etmək qərarına gəlir. Amma onun kimi bir şəxsiyyət həyat yoldaşı seçərkən heç vaxt nisbi və müvəqqəti bir rahatlıqla kifayətlənərək, həyatının başqa üfüqlərini nəzərindən yayındıra bilməzdi. Buna görə də elə bir həyat yoldaşı tapmaq istəyirdi ki, iman, təqva, elm, bilik, dünyagörüş, nəciblik və əsil-nəsəb baxımından misilsiz olsun. Əli (ə) üçün belə bir həyat yoldaşı anadan olduğu dövrdən o vaxta kimi bütün xüsusiyyətlərindən tam agah olduğu şəxsdən–Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhra (ə)-dan başqa heç kəs ola bilməzdi.
HƏzrƏtİ ZƏhra (ə)-İn elÇİlƏrİ
Əli (ə)-dan qabaq Əbu Bəkr və Ömər Peyğəmbər (s)-in qızı ilə evlənmək üçün hazır olduqlarını elan etmiş, lakin hər ikisi Peyğəmbərdən bu cavabı eşitmişdilər: "Zəhranı ərə vermək üçün ilahi vəhyi gözləyirəm." O iki nəfər Həzrəti Zəhra (ə) ilə evlənməkdən ümidsiz olduqda Ovs qəbiləsinin rəisi Səd-Məaz ilə söhbət etmişdilər və dərk etdilər ki, Əli (ə)-dan başqa bir kəs Zəhra (ə) ilə evlənməyə layiq deyil, eləcə də Peyğəmbər (s)-in nəzərdə tutduğu adam ondan başqası deyil. Buna görə də birlikdə Əli (ə)-ı axtarmağa başladılar və nəhayət onu ənsardan olan bir nəfərin bağında tapdılar. Əli (ə) öz dəvəsi ilə xurmaları suvarırdı. Onlar Əliyə üz tutub dedilər:–Qüreyşin əyan-əşrafı Peyğəmbər (s)-in qızına elçiliyə gediblər. Peyğəmbər (s) onlara cavab verib ki, Zəhranın işi Allahın iznindən asılıdır. Biz ümidvarıq ki, əgər sən (malik olduğun xidmətlər və fəzilətlərlə belə) Fatimə üçün elçilik etsən, münasib cavab eşidəcəksən. Əgər sənin mal-dövlətin az olsa, biz sənə kömək etməyə hazırıq.
Bu sözləri eşidən Əli (ə)-ın gözləri sevinc yaşları ilə doldu. O dedi:–Mənim Peyğəmbər (s)-in qızına meyl və məhəbbətim var.
Bunu deyib işindən əl çəkdi və Peyğəmbərin evinə tərəf yollandı. (O vaxt Peyğəmbər Ümmü Sələmənin yanında qalırdı). Evin qapısını döyəndə Peyğəmbər dərhal Ümmü Sələməyə dedi:–Qalx ayağa və qapını aç. Bu, Allahın və Onun Rəsulunun sevdiyi bir şəxsdir.
Ümmü Sələmə deyir: "Peyğəmbər (s)-in təriflədiyi bu şəxsi tanımaq şövqü mənə elə təsir etmişdi ki, qapını açmağa gedəndə az qalırdı ki, ayaqlarım bir-birinə dolaşsın. Mən qapını açdım və Əli (ə) evə daxil olub Peyğəmbər (s)-in hüzurunda əyləşdi. Amma həyası və Peyğəmbərin məhzərinin əzəməti onun bir söz deməsinə mane olurdu. Ona görə də, başını aşağıya salmışdı. Ortalığa sükut çökmüşdü. Nəhayət, Peyğəmbər (s) sükutu pozub dedi:–Elə bil bir iş üçün gəlmisən?
Əli (ə) cavab verdi:–Mənim risalət ailəsi ilə olan qohumluğum və həmçinin bu din yolunda sabitqədəm olmağım, islamın inkişaf etməsində etdiyim cihad və səylərim Sizə aydındır.
Peyğəmbər buyurdu:–Sənin məqamın bu deyilənlərdən də yüksəkdir.
Əli (ə) dedi:–Məsləhət görürsünüzmü ki, Fatiməni mənə əqd edəsiniz? Əli (ə) evlənmə təklifini irəli sürdükdə öz təqvasına və parlaq xidmətlərinə arxalanır və bu yolla hamıya öyrədir ki, üstün olmağın meyarı gözəllik, sərvət və mənsəb yox, yalnız və yalnız təqvadır.
Peyğəmbəri-Əkrəm (s) qadının da azad şəkildə özünə həyat yoldaşı seçmə haqqını bəyan edərək Əli (ə)-a belə cavab verdi:–Sizdən qabaq başqaları da qızıma elçiliyə gəlmişdilər. Mən onların istəkləri barəsində qızımla məsləhətləşdim, amma Fatimənin üzündə onlara qarşı şiddətli narazılıq hiss etdim. Indi sizin istəyiniz barədə onunla məsləhətləşib, sonra nəticəni sizə xəbər verərəm.
Peyğəmbər (s) Zəhra (ə)-ın evinə daxil oldu. Zəhra (ə) ayağa qalxıb əbanı atasının çiynindən götürdü və (Peyğəmbərin) ayaqqabılarını çıxarıb mübarək ayaqlarını yudu. Sonra dəstəmaz alıb Peyğəmbər (s)-in hüzurunda əyləşdi. Peyğəmbər öz qızı ilə söhbətə belə başladı:–Əbu Talibin oğlu Əlinin islamdakı fəzilət və məqamı bizə aydındır. Mən Allahdan istəmişdim ki, səni Öz məxluqunun içində ən yaxşı adama qismət etsin. Hal-hazırda o, sənə elçiliyə gəlmişdir. Bu barədə nə deyirsən?
Zəhra (ə) dərin bir sükuta daldı, amma üzünü Peyğəmbər (s)-dən döndərmədi və hətta azacıq narazıçılıq belə onun üzündə zahir olmadı. Rəsuli-Əkrəm (s) ayağa qalxıb buyurdu: "Allahu əkbər! Qızımın susması onun razılıq əlamətidir."
Ruhİ, Əxlaqİ vƏ FİKRİ hƏmdƏmİ
Islam dinində hər bir müsəlman başqaları ilə bərabərdir və bir müsəlmanla ailə quran müsəlman qadın öz şənində olan kişi ilə həyat əhd-peymanı bağlayır. Amma ruhi, mənəvi və fikri nöqteyi-nəzərdən araşdırdıqda, qadınların çoxunun bəzi kişilərin–və əksinə, tayı olmadığı aydın olur. Ali, insani və əxlaqi səciyyələrə, həmçinin dərin elmə və biliyə malik olan nəcib və şərafətli müsəlman kişilər ruhiyyə və əxlaqi səciyyələrdə onlara tay və oxşar olan qadınlarla ailə qurmalıdırlar. Bu qanun yüksək əxlaqi fəzilətlərə, dərin düşüncə və biliyə malik olan ismətli və təqvalı qadınlara da aiddir. Evlənib ailə qurmaqda olan ümdə məqsəd–yəni, həyat boyu ruhi aramlıq, arxayınlıq və rahatlıq bu məsələyə riayət etmədən təmin olunmaz və bu halda həyat mühitinə bir növ əxlaqi uyğunluq, ruhi bərabərlik və cazibə hakim olmayınca qurulan ailə lazımi davamlılıqdan bəhrələnməyəcək. Bu deyilənləri nəzərə almaqla Peyğəmbər (s)-ə xitab olunan ilahi kəlamın mahiyyəti aydın olar: "Əgər Əlini yaratmasaydım, yer üzündə sənin qızın Fatiməyə layiq bir adam tapılmazdı."
Aydındır ki, onun şəninə layiq olmaq məqam və ruhi cəhətdəndir.
İZDİVAC vƏ nİKahİn xƏrCİ
O zaman Əli (ə)-ın varı-yoxu yalnız qılıncı və zirehli paltarı idi. Bunların vasitəsi ilə Allah yolunda cihad edirdi. Bir dəvəsi də var idi ki, onunla Mədinə bağlarında işləyir, nəticədə daha ənsara qonaq olmağa ehtiyac qalmırdı. Elçilik və əqd oxunma mərasimindən sonra əziz həyat yoldaşı üçün zəruri olan mənzil avadanlığı təşkil etməyin və Peyğəmbərin qızı ilə olan müştərək həyata başlamağın yollarını araşdırdı. Peyğəmbər (s) razılaşdı ki, Əli (ə) öz zirehli paltarını satıb onun bir hissəsini Fatimə (ə)-ın kəbin haqqı kimi Peyğəmbərin ixtiyarında qoysun.
Zireh dörd yüz dirhəmə satıldı. Peyğəmbər (s) onun bir qədərini Bilala verdi ki, Zəhra (ə) üçün ətir alsın. Qalanını isə Əmmar Yasir və öz dostlarından bir neçəsinə verdi ki, Əli və Zəhra üçün ev əşyaları alsınlar.
Zəhra (ə)-ın cehizlərindən islamın böyük qadınının həyat şəraitini yaxşıca dərk etmək olar. Peyğəmbər (s)-in göndərdiyi adamlar bazardan qayıtdılar. Onların Zəhra (ə) üçün aldıqları şeylər aşağıdakılar idi:
1) Bir köynək (7 dirhəm),
2) Bir örpək (1 dirhəm),
3) Bütün bədəni örtməyən bir qara dəsmal,
4) Taxta və xurma lifindən hazırlanmış təxt,
5) Biri xurma lifindən, biri isə yundan olan iki döşək,
6) Dörd ədəd balış: ikisi yundan, ikisi isə xurma lifindən,
7) Pərdə,
8) Hicri həsir,
9) Əl daşı (taxılı üyütmək üçün),
10) Böyük teşt,
11) Su məşgi (dəridən),
12) Süd üçün taxta kasa,
13) Su üçün taxta qab,
14) Aftafa,
15) Böyük mis qab,
16) Bir neçə kuzə,
17) Gümüş qolbağı.
Peyğəmbərin dostları aldıqları şeyləri gətirib təqdim etdikdə, o həzrət qızının ev vəsaitlərinə baxa-baxa buyurdu: "Ilahi, qab-qacaqlarının çoxunu saxsı təşkil edənlərin həyatını mübarək et!"
ZƏhra (ƏLEYHA SALAM)-İn mehrİYyƏsİ
Peyğəmbər (s)-in qızının mehriyyəsi beş yüz dirhəm idi ki, hər dirhəm bir misqal gümüşə barəbər idi. Peyğəmbəri-Əkrəm (s)-in əziz qızının toy mərasimi çox sadə keçirildi. Nikahdan bir ay keçəndən sonra Peyğəmbərin zövcələri Əli (ə)-a dedilər:–Niyə həyat yoldaşını öz evinə aparmırsan?!
Əli (ə) bu iş üçün hazırlaşdığını bildirdi. Ümmü Əymən Peyğəmbərin (s) hüzuruna gedib dedi:–Əgər Xədicə sağ olsaydı, qızı Fatimənin toy mərasimində çox sevinər, şad olardı.
Peyğəmbər (s) Xədicənin adını eşitdikdə kövrəldi, gözləri yaşla doldu və buyurdu:–Hamı məni təkzib edən bir vaxtda o məni təsdiq etdi və Allahın dinini yaymaqda mənə kömək etdi, öz mal-dövləti ilə islamın genişlənməsinə yardımçı oldu.
Ümmü Əymən dedi:–Fatiməni bəxt evinə yola salmaqla hamını sevindirin!
Rəsuli-Əkrəm (s) göstəriş verdi, otaqlardan birini Zəhranın toy gecəsi üçün hazırlayıb bəzədilər. Gəlini bəy evinə aparmağın vaxtı gəlib çatdı. Peyğəmbəri-Əkrəm (s) Zəhranı yanına çağırdı. Həzrət Zəhra (ə) üzündən xəcalət təri axan bir halda atasının hüzuruna gəldi. Xəcalətin şiddətindən ayaqları əsirdi, az qalırdı ki, yerə yıxılsın. Bu vaxt Peyğəmbər (s) onun üçün dua edib buyurdu: "Allah dünya və axirətdə səni xətalardan hifz etsin!"
Sonra Zəhranın üzünü açaraq onun əlini Əlinin əlinə verib onu (Əlini) təbrik etdi və buyurdu: "Ya Əli, Allah sənin Rəsulullahın qızı ilə olan izdivacını mübarək etsin. Fatimə necə yaxşı həyat yoldaşıdır!"
Sonra isə üzünü Fatiməyə tutub dedi: "Əli çox gözəl həyat yoldaşıdır!"
Bunu deyib hər ikisinə göstəriş verdi ki, Allah evinə tərəf yollansınlar. Sonra Səlman kimi görkəmli bir şəxsiyyətə göstəriş verdi ki, Zəhra (ə) minən dəvənin yüyənini tutsun. O həzrət bununla əziz qızının yüksək məqamını bildirmək istəyir. Bəylə-gəlin bəy otağına gedəndə hər ikisi xəcalətdən gözlərini yerə dikmişdilər. Peyğəmbər (s) otağa daxil oldu və əlində olan qabdakı sudan təbərrük olaraq qızının başına və bədəninə səpib hər ikisinə belə dua etdi: "Pərvərdigara, bu mənim qızımdır və camaatın içində mənə ən sevimli olan bir kəsdir. Pərvərdigara, bu da mənim qardaşım və camaatın içində mənə ən əziz olan bir şəxsdir. Ilahi, bunların məhəbbət tellərini daha da möhkəmləndir!"
Dostları ilə paylaş: |