BEŞİNCİ FƏSİL ƏMİRƏL-MÖMİNİN ƏLİ (Ə)-IN Ühüd DÖYüşüNDƏKİ FƏDAKARLİĞİ
Bədr döyüşündə məğlub olduğuna görə Qüreyşin ruhiyyəsi ölmüşdü. Bu böyük maddi və mənəvi məğlubiyyətin əvəzini çıxmaq və öldürülənlərin intiqamını almaq üçün qərara aldılar ki, tam döyüş təchizatı ilə yaraqlanmış və ərəblərin əksər qəbilələrinin təcrübəli cəngavərlərindən təşkil olunmuş bir ordu ilə Mədinəyə tərəf hərəkət etsinlər. Buna görə də Əmr-As və bir neçə nəfərə əmr olundu ki, Kənanə və Səqif qəbilələrini özləri ilə birlikdə aparsınlar və müsəlmanlarla döyüşdə onlardan istifadə etsinlər. Onlar müsəlmanlarla qarşılaşmaq üçün üç min nəfər cəngavər toplaya bilmişdilər. Islam kəşfiyyatçıları Peyğəmbər (s)-i Qüreyşin qərarından və onların müsəlmanlarla döyüşmək üçün hərəkət etmələrindən xəbərdar etdi. Rəsuli-Əkrəm (s) düşmənlə qarşılaşmaq üçün hərbi şura təşkil etdi. Şura üzvlərinin əksəriyyətinin rəyi bu oldu ki, islam qoşunu Mədinədən çıxıb şəhərdən kənarda düşmənlə döyüşsünlər. Peyğəmbər (s) cümə namazını qıldıqdan sonra sayı min nəfərdən çox olan bir qoşunla Mədinəni Ühüd dağının ətəklərinə getmək üçün tərk etdi. Iki qoşun hicrətin üçüncü ili, şəvval ayının yeddisində sübh çağı öz mövqelərini möhkəmlətdi. Islam qoşunu arxa tərəfdən təbii bir maneə, yəni Ühüd dağı ilə əhatə olunan bir yeri özlərinə mövqe seçmişdi. Amma dağın ortasında xüsusi bir yarıq var idi. Düşmənin dağın ətrafında dövrə vurub o yarığın ortasından keçməsi və müsəlmanların mövqeyinə hücum etməsi gözlənilirdi. Peyğəmbər ehtimal verilən bu təhlükənin qarşısını almaq üçün Əbdüllah Cübeyri əlli nəfər oxçu ilə birlikdə düşmənin bu yoldan nüfuz etməsinin qarşısını ala biləcəkləri bir təpədə yerləşdirdi və əmr etdi ki, heç vaxt–hətta müsəlmanlar qələbə çalsalar və düşmənlər qaçmağa üz qoysalar belə–bu nöqtəni əldən verməsinlər. Peyğəmbər bayrağı ona görə Müsəbin əlinə verdi ki, həm o, həm də Qüreyşin bayraqdarı Əbdüd-Dar qəbiləsindən idi.
Döyüş başlandı və müsəlmanların göstərdiyi rəşadətlər nəticəsində Qüreyş ordusu ağır tələfat verərək qaçmağa üz qoydu. Təpənin üstündəki oxçular elə təsəvvür etdilər ki, artıq orada qalmağa ehtiyac yoxdur. Buna görə də, Peyğəmbər (s)-in bu barədəki təkidli göstərişinə baxmayaraq, qənimət yığmaq üçün gözətçi qülləsini tərk etdilər. Şücaətli bir cəngavər olan Xalid ibni Vəlid döyüşün əvvəlindən bilirdi ki, bu təpəni almaq qələbənin açarıdır. Bir neçə dəfə oradan islam cəbhəsinin arxasına nüfuz etmək istəmiş, amma keşikçilərin atdığı oxlarla qarşılaşıb geri qayıtmışdı. Bu dəfə keşikçilərin yerini boş görüb qəfil bir həmlə ilə arxadan silahsız və xəbərsiz müsəlmanlara hücum etdi. Müsəlmanların arasında qəribə bir hərc-mərclik yarandı və bu zaman Qüreyşin qaçmış ordusu yenidən döyüş meydanına döndü. Bu vaxt islamın bayraqdarı Müsəb ibni Ümeyr düşmən əsgərləri tərəfindən öldürüldü. Üzü örtülü olduğuna görə qatil onun Peyğəmbər olduğunu güman edərək qışqırdı: "Ahay, bilin ki, Məhəmməd öldürüldü!"
Peyğəmbərin ölüm xəbəri müsəlmanların arasında ildırım sürəti ilə yayıldı və bir neçə nəfər istisna olmaqla, təqribən hamısı qaçmağa üz qoydular. Islamın məşhur siyrəyazanı ibni Hişam belə yazır:–Ənəs ibni Malikin əmisi Ənəs ibni Nəzr deyir: "Islam ordusunun təzyiq altında, çıxılmaz vəziyyətdə qaldığı, Peyğəmbərin ölüm şayiəsi yayıldığı vaxt müsəlmanların əksəriyyəti öz canını qurtarmaq fikrinə düşdü, hərəsi qaçıb bir tərəfdə gizləndi. Mən gördüm ki, mühacir və ənsardan bir qrupu (Ömər ibni Xəttab, Təlhə və Übeydullah da onların arasında idi) bir tərəfdə oturaraq, canlarını qurtarmaq fikrindədir. Etirazlı bir səslə onlara dedim: "Niyə burada oturmusunuz?" Dedilər: "Peyğəmbər öldürülüb, daha döyüşməyin faydası yoxdur!." Mən onlara dedim: "Əgər Peyğəmbər öldürülübsə, daha yaşamağın mənası yoxdur. Ayağa qalxın və o öldürülən yolda siz də şəhid olun. Əgər Məhəmməd öldürülübsə, onun Allahı diridir." Mən gördüm ki, sözlərim onlarda heç bir təsir buraxmır, özüm silah götürüb döyüşə atıldım."
Ibni Hişam deyir: Bu döyüşdə Ənəs yetmiş yerdən yaralanmışdı. Onun cənazəsini bacısından başqa heç kəs tanıya bilmədi. Müsəlmanlardan bir qrupu o qədər peşman olmuşdu ki, canlarını qurtarmaq üçün münafiq bir şəxs olan Əbdüllah ibni Übeyyə yaxınlaşıb onun vasitəsi ilə Əbu Süfyandan sığınacaq diləmək barədə tədbir tökürdü. Bir qrupu da dağlara pənah aparmışdı.
Bir nəfər 608-ci hicri ilində Bağdad şəhərində böyük alim olan Məhəmməd ibni Muid Ələvinin yanında Vaqidinin "Məğazi" kitabından dərs öyrənirdi. Bir gün mən də o dərsdə iştirak etdim. Söz Məhəmməd ibni Məsləmənin aşkar nəql etdiyi bu cümlələrə: Ühüd döyüşü günü öz gözləri ilə görmüşdür ki, müsəlmanlar qaçıb dağa dırmaşırdılar. Peyğəmbər onları adları ilə çağırır və buyururdu: "Bura gəl, ey filankəs!" Amma heç kəs Peyğəmbərin çağırışına cavab vermirdi" - çatanda mənə dedi:–"Filankəs" dedikdə məqsəd Peyğəmbərdən sonra məqam və mənsəbi ələ keçirən şəxslərdir və ravi qorxduğuna görə onların adlarını deməkdən çəkinmişdir. "Onların adlarını aşkar şəkildə qeyd etmək istəməmişdir."
FƏdaKarlİq MƏqsƏdƏ olan İnamİn nİşanƏsİdİr
Candan keçmək və fədakarlıq məqsədə olan imanın nişanəsidir. Həmişə bir insanın məqsədə çatmaq yolunda iman və etiqadının dərəcəsini onun məqsəd yolunda göstərdiyi fədakarlığın səviyyəsi ilə müəyyən etmək olar. Həqiqətən, hər hansı bir insanın etiqadının dərəcəsini müəyyənləşdirməkdə ən ali və düzgün meyar onun öz məqsədi yolunda candan keçməsi ilə düz mütənasibdir. Quran bu həqiqəti belə bəyan edir:
"Möminlər Allaha və Onun Rəsuluna iman gətirən, öz imanlarında şəkk etməyən, Allah yolunda öz malları və canları ilə cihad edənlərdir. Həqiqətən, onlar öz iddialarında doğruçudurlar."1
Ühüd döyüşü mömini qeyri-mömindən seçmək üçün ən yaxşı meyar, eləcə də iman iddiaçılarının əksəriyyətinin iman dərəcəsini təyin etmək üçün ən yaxşı bir ölçü idi. Bu döyüşdə müsəlmanlardan bir qrupunun qaçması o qədər təəssüfləndirici idi ki, hətta öz övladlarının ardınca döyüş meydanına gələn, yaralılara tibbi yardım göstərən və susuzlara su verən müsəlman qadınlar Peyğəmbəri müdafiə etməyə məcbur olmuşdular. Nəsibə adlı bir qadın iman iddiaçılarının meydandan qaçmalarını müşahidə etdikdə əlinə qılınc alıb Peyğəmbəri müdafiə etməyə başladı. Peyğəmbər döyüş meydanından qaçaraq aradan çıxanlar qarşısında bu qadının göstərdiyi fədakarlığı gördükdə onun barəsində tarixi bir cümlə buyurdu: "Nəsibənin məqamı filankəs və filankəsin məqamından yüksəkdir."1
Ibni Əbil-Hədid yazır ki, ravi Peyğəmbərə xəyanət edərək onun Peyğəmbərin aşkar şəkildə qeyd etdiyi adamların adlarını dilə gətirməmişdir. Bu şəxslərin müqabilində isə bütün islam tarixində böyük fədakarlıq nümunəsi olan və Ühüd döyüşündə müsəlmanların sonradan qazandıqları qələbələrin səbəbi olan bir sərkərdənin comərdliyini tarix etiraf edir. Bu baş sərkərdə, həqiqi fədakar, müttəqilərin ağası və möminlərin əmiri Əli (ə)-dır. Döyüşün əvvəllərində Qüreyş ordusunun qaçmağa üz qoymasının əsas səbəbi bu idi ki, onların doqquz nəfərdən ibarət bayraqdarları bir-birinin ardınca Əli (ə)-ın vasitəsi ilə öldürülmüşdü. Bu da Qüreyş qoşununun ürəyinə dəhşətli qorxu salmış, müqavimət qüdrətini onların əllərindən almışdı.
İmam (ə)-İn fƏdaKarlİğİnİn şƏrhİ
Islam tarixində baş verən hadisələri təhlil edən müasir Misir yazıçıları Əli (ə)-ın haqqını ona layiq ola biləcək şəkildə, yaxud heç olmazsa tarixlərdə yazılıb saxlanıldığı kimi bəyan etməmiş, onun göstərdiyi fədakarlığı başqaları ilə eyni səviyyədə tutmuşlar. Buna görə də biz o həzrətin fədakarlıqlarını qısa şəkildə, eyni zamanda onların öz tarixi mənbələrindən istifadə etməklə burada əks etdirməyi zəruri hesab edirik:
1-Ibni Əsir öz tarixində yazır:–Peyğəmbər (s) hər tərəfdən Qüreyş qoşununun dəstələrinin hücumuna məruz qaldı. Hər bir dəstə Peyğəmbərə həmlə etdikdə Əli (ə) da Peyğəmbərin fərmanı ilə onların üstünə həmlə edirdi, bəzilərini öldürməklə onların dağınıq şəklə düşməsinə səbəb olurdu. Bu hadisə Ühüddə bir neçə dəfə təkrar olundu. Bu fədakarlıqla əlaqədar vəhy elçisi nazil oldu və Peyğəmbər (s)-in yanında Əli (ə)-ın rəşadət və fədakarlığını tərifləyib dedi: "Onun göstərdiyi bu igidlik fədakarlığın ən yüksək həddidir."
Allahın Rəsulu da onun sözünü təsdiq edib dedi: "Mən Əli ilə, Əli də mənimlədir." Sonra meydanda bir səs eşidildi: "La fəta illa əli, la seyfə illa Zulfəqar", yəni Zülfüqar kimi bir qılınc, Əli kimi bir comərd şəxs yoxdur.
Ibni Əbil-Hədid bu hadisəni daha da ətraflı şəkildə şərh edərək yazır: "Peyğəmbəri öldürmək üçün hücum edən dəstə əlli nəfərdən ibarət idi, Əli (ə) da piyada olduğu halda, onları pərən-pərən salırdı."
Sonra isə Cəbrailin nazil olması hadisəsini nəql edib deyir: Tarixi cəhətdən heç bir şəkk olmayan bu məsələdən əlavə, mən Məhəmməd ibni Ishaqın "Ğəzəvat" kitabının bəzi nüsxələrində cəbrailin gəlməsi hadisəsini görmüşəm. Hətta bir gün öz müəllimim Əbdül-Vəhhab Sükeynədən bu hadisənin doğru olub-olmaması barədə soruşdum. O dedi ki, bəli, bu doğrudur. Mən ona dedim ki, bəs nə üçün bu doğru xəbəri "Sihahi-Sittə"nin (yəni sünnülərin mötəbər sayılan altı kitabının) müəllifləri qeyd etməmişlər? Cavab verdi ki, "Sihah"ın müəllifləri səhih hədislərimizdən çoxunu dərc etməkdə özlərini xəbərsizliyə vurmuşlar.
2-Əmirəl-möminin Əli (ə) "Rəsül-yəhud" (yəhudi başçıları) üçün öz səhabələrindən bir qrupunun iştirak etdiyi bir çıxışda öz fədakarlıqlarını belə şərh edir:–Qüreyş qoşunu bizim üstümüzə sel kimi həmlə edən bir vaxtda ənsar və mühacirlər öz evlərinə tərəf üz qoydular. Mənim yetmiş yaram ola-ola o həzrəti müdafiə etdim.
Bunu deyib əbasını qaldırdı, əlini hələ də əsər-əlamətləri qalmaqda olan yaralarının üstünə çəkdi. Hətta Şeyx Səduqun "Xisal"da nəql etdiyinə əsasən, Əli (ə) Peyğəmbər (s)-i müdafiə edərək o qədər rəşadət və fədakarlıq göstərdi ki, axırda qılıncı sındı. Peyğəmbər (s) öz qılıncını–Zülfüqarını ona verdi ki, Allah yolunda cihadı davam etdirsin.
3-Ibni Əbil-Hədid yazır: Peyğəmbərin köməkçilərinin əksəriyyəti qaçmağa üz qoyan vaxt o həzrətə qarşı təzyiqlər çoxaldı. Bəni-Kənanə və Bəni-Əbdi Mənaf qəbilələrindən bir qrupu Peyğəmbərə hücum etdi. Onların arasında dörd nəfər adlı-sanlı qəhrəman var idi. Əli (ə) pərvanə kimi Peyğəmbərin ətrafına dolanır və düşmənin ona yaxınlaşmasının qarşısını alırdı. Əlli nəfərdən artıq olan bir dəstə Peyğəmbəri öldürmək qəsdinə düşmüşdü. Yalnız Əli (ə)-ın şiddətli həmlələri onları dağıdırdı. Amma onlar başqa bir nöqtəyə yığışıb yenidən həmlə edirdilər. Bu həmlələrdə əvvəlcə o dörd nəfər qəhrəman və daha on nəfər (onların adları tarixdə qeyd olunmamışdır) öldürüldü. Cəbrail Əli (ə)-ın göstərdiyi bu fədakarlıqlar üçün Peyğəmbəri təbrik etdi. Peyğəmbər də buyurdu: "Əli məndən, mən də Əlidənəm."
4-Keçmiş müharibələrdə bayraqdar çox böyük bir rütbəyə malik idi və bayraq həmişə cəsur, qorxmaz və qüvvəli şəxslərə tapşırılırdı. Bayraqdarın güclü, müqavimətli olması başqa cəngavərlərin də yüksək ruhiyyədə olmasına səbəb olurdu. Əsgərlərə ruhi zərbə dəyməsin deyə, əksər hallarda bir neçə nəfər bayraqdar təyin olunurdu ki, əgər biri öldürülsə, digəri bayrağı əlinə alsın. Qüreyş başçıları müsəlmanların Bədr döyüşündəki igidlik və şücaətindən agah idi. Buna görə də öz cəsur əsgərlərindən çoxunu bayraqdar təyin etmişdi. Qüreyşin bayraqdarlıq işini öhdəsinə alan ilk şəxs Təlhə ibni Tüleyhə idi. Əli (ə)-ın qılınc zərbəsi ilə öldürülən ilk şəxs də o idi. O öldürüləndən sonra Səid ibni Təlhə, Osman ibni Təlhə, Şafe ibni Təlhə, Haris ibni Əbu-Təlhə, Əziz ibni Osman, Əbdüllah ibni Cəmilə, Iratə ibni Şərahbil və Sovəb növbə ilə bayrağı götürmüş və hamısı da Əli (ə)-ın qılınc zərbəsi ilə öldürülmüşdü. Bunların öldürülməsi ilə Qüreyş ordusu qaçmağa başladı və beləliklə, müsəlmanların ilk qələbəsi məhz Əli (ə)-ın fədakarlığı nəticəsində əldə edildi.
Mərhum Şeyx Müfid özünün "Irşad" kitabında Imam Sadiq (ə)-dan nəql edir ki, Qüreyşin bayraqdarları doqquz nəfər idi və hamısı da bir-birinin ardınca və Əli (ə)-ın zərbəsi ilə öldürüldü. ibni Hişam özünün "Siyrə" kitabında adları çəkilənlərdən əlavə, bir neçə adamın adını da çəkərək qeyd etmişdir ki, onlar ilk həmlədə Əli (ə)-ın zərbəsi ilə öldürülmüşdür.
Dostları ilə paylaş: |