Murad Köhnəqala



Yüklə 138,51 Kb.
səhifə3/3
tarix16.06.2018
ölçüsü138,51 Kb.
#53792
1   2   3

Yol boyu vəzir öz atının üstündən padşaha tərəf əyilərək nə haqdasa sakitcə söhbət eləyirdi. Çal saqqallı vəzirin başında isə qara məxməri, zərli dolağa bənzəyən papaq vardı. Əynindəki paltarı təmtəraqlı olsa da, padşahınkından xeyli sönük idi. Vəzirin atı ağıllı görünürdü, ancaq çox bəzənməmişdi.

Mustafa bu mənzərəni diqqətlə seyr edir, davulçalanı səsləyir, atılıb-düşür, qışqırıb padşaha əl eləyirdi. Bütün bunlara baxmayaraq, onlar bizi nə eşidir, nə də görürdülər.

Padşahın adamları şaqqıltı-gurultuyla keçib gedəndən sonra küçə yenidən canlandı, saqqallı, qıllıpapaq adamlar yenə peyda oldular, çadralı qadınlar göründü, ayaqyalın, palçıqlı uşaqlar yollarda yenidən şütüməyə başladılar. Mustafa uşaqları da səsləyir, onlara əl eləyirdi. Lakin bizi heç kim görmürdü, sanki biz heç yoxmuşuq. Hətta ayaqqabılarımız belə oradakı palçığa bulaşmamışdı. Sizi bilmirəm, keçmişi seyr eləmək Mustafayla mənim çox xoşumuza gəlmişdi.

Sonra atam dedi ki, hələ bu harasıdır, bir azdan biz Gələcək küçəyə də gedəcəyik. Mustafa hamıdan çox sevinirdi, hiss edirdi ki, qarşıda bizi yenə maraqlı mənzərələr gözləyir. Yenə Mustafa qabaqda atamla, mənsə anamla, onların arxasınca gedirdik. Xeyli getdikdən sonra atam bizi dayandırıb şən səslə dedi: "Hazır olun, indicə Gələcək küçəyə girəcəyik!"

Doğrudan da, tini burulan kimi qəfildən gözəl və yaraşıqlı bir küçəyə daxil olduğumuzu gördük. Bu enli küçə büllurabənzər rəngli daşlarla döşənmişdi. Küçənin kənarlarında evlərin qabağı boyu cərgəylə gözəl ağaclar düzülmüşdü. Nədənsə burada çoxmərtəbəli hündür evlər yox idi. Evlərin hamısı iki-üç mərtəbəli və çox yaraşıqlı idi. Bütün küçə boyu evlərin qabağında, ağacların ayağı altında cərgəli yamyaşıl çəmənlik uzanırdı. Cərgələrdə həm meyvə ağacları, həm də xoş yarpaqlı sərin meşə ağacları vardı. Ağacların budaqlarında, gövdəsində hərdən uzunquyruq dələlər görünür, gözəl şanalı, bəzəkli quşlar səs-səsə verirdi.

Buradakı evlər də çox yaraşıqlı idi. Bu evlər öz gözəlliyi ilə sanki bizim qədim kirəmitli evləri, müasir üslublarda yamsılayırdı. Evlərin aşağı mərtəbələrini işıqlı mağazalar və müxtəlif kafelər bəzəyirdi. Onu da deyim ki, əsərdə hərdən rast gəldiyiniz böyüklərə uyğun qəliz cümlələrin hamısı atama məxsusdur.

Atam bizə izah elədi ki, burada hər şey günəş enercisi ilə işləyir. Küçədə maşınlar şütümürdü. Bilirsinizmi niyə? Çünki burda, ümumiyyətlə, maşın lazım deyil. Adamlar küçədə piyada gedirlər. Onlar getdikləri yerdə istədikləri qədər ayaqlarını yerdən üzüb uça bilirlər. Hərdən ayaqlarını yerdən götürüb havada süzərək irəlidə yerə enən adamlara heyrətlə baxırdıq. Adamların hamısının dabanına xırda, parıltılı cihaz bərkidilmişdi. Atam onların uça bilməyini dabanlarındakı cihazlar və ciblərinin yanındakı düymələrlə izah eləyirdi. O, deyirdi ki, daban cihazları da günəşdən alınma enerci ilə işləyir. Burada hər bir insanın, bütün bədənini əhatə eləyən gözəgörünməz aurası, müdafiə qatı var. Həmin o gözəgörünməz enerci qatı onları istənilən qəzadan, toqquşmadan qoruyur. Onlar daima öz gözəgörünməz hava şarının içində olurlar. Hamımızdan çox heyrət eləyən Mustafa idi.

Hələ bu harasıdır! Göydə raketəbənzər hava gəmiləri uçuşurdu. Evdəki flamasterlərimizin hər rəngindən olan bu rəngarəng hava gəmilərini aşağıdan yuxarıya seyr eləyən Mustafanın ağzı açıla qalmışdı. Bütün bu mənzərələrin bizə maraqlı görünməyi atamı çox sevindirdiyindən gördüyümüz hər şeyi bizə izah eləməyə çalışırdı. Göydə üzən gəmilərdə tək-tək, ikibir, üçbir əyləşən adamlar sanki gəzintiyə çıxmışdılar. Mən ona görə gəzinti deyirəm ki, bəzi istisnaları çıxmaq şərtilə heç kim gəmisini sürətlə sürmürdü. Gəmilərin yarıdan yuxarısı şəffaf şüşəylə örtüldüyündən içəridəkiləri görmək asan idi.

Atam izah eləyirdi ki, uçan gəmilər də günəş enercisi ilə işlədiyindən onların uçuşu belə səssizdir. Və heç vaxt, özün istəsən belə, qəzaya uğramır, bir-birilə toqquşmurlar. Adam-larda olduğu kimi, bu hava qayıqlarının da qalın, böyük, gözəgörünməz aura qatı var.

Buradakı insanlar çox gümrah, üzləri çox sağlam görünürdü. Bizim təmtəraqlı paltarlarımızla müqayisədə onların geyimləri çox sadəydi. Gələcəyin bu uçan adamlarına anam da çox heyrətlə tamaşa eləyirdi. Belə gözəl, səliqəli, yaşıl ağaclı, yaraşıqlı binaları olan küçədə yeridikcə gələcəyin möcüzəli adamlarını seyr elədikcə, bizi belə bir gəzintiyə gətirdiyi üçün atamı daha çox sevməyə başlayırdım. Atam yavaş-yavaş, səbrlə addımlayır, əlini uzadaraq hər şeyi bizə göstərir, izah edir, gülümsəyirdi. "Bizim onları görməyimizə baxmayaraq, onlar bizi görmür. Əgər istəsək belə nə onlar bizə, nə də biz onlara toxuna bilərik. Buradakı mağazalardan da xatirə qalsın deyə özümüzə heç nə ala bilmərik. Biz hər şeyə yalnız tamaşa eləyə bilərik". Onun sinəsini bəzəyən medal pencəyinin yaxasında şəstlə yellənirdi.

Sonra biz üçüncü - İndiki küçəyə gəldik. Küçənin hər iki üzündəki binaların birinci mərtəbəsini şüşəli mağazalar, kafelər və müxtəlif ofislər bəzəyirdi. Biz artıq bu küçədə mağazalardan, yaxud küçədə quraşdırılmış xırda pavilyonlardan nəsə ala bilərdik. Ağacın altında işıqlı bir şüşə qurğuda qarğıdalı qovurub satan oğlandan qarğıdalı aldıq. Bunu Mustafanın arzusu ilə elədik. Biz pardaqlanmış yüngül və ətirli qarğıdalı dənələrini yeyə-yeyə, atamla anamın arasından ora-bura boylana-boylana gedirdik. Küçədə düzülmüş müxtəlif oyuncaqların yanında xeyli ayaq saxladıq. Çox maraqlıdır ki, hətta atamın təkidinə baxmayaraq Mustafa onu heç bir oyuncaq almağa qoymadı. Yəni "artıq mən böyümüşəm". İrəlidə xüsusi qəfəslərdə satılan ev dovşanları, balaca tikanlı kirpilər, dələlər, müxtəlif rəngdə quşlar çox xoşumuza gəldi. Maraqlıdır ki, Mustafa bu heyvanlardan da istəmədi. Mağazalardakı və küçələrdəki satıcıların hamısının çiynində balaca meymun var idi. Mən o meymunların satıcı və kassirlərin çiynində nə üçün oturduqlarını soruşdum. Atam dedi ki, onlar ticarət adamlarıdır, onların alverdən başlarını qaşımağa vaxtları yoxdur. Ona görə də hərəsi özünə bir meymun alıb çiyninə qoyub ki, meymunlar onların başını qaşısın.

Sonra anam yada saldı ki, böyük qastronomdan evə ərzaq almaq lazımdır. Biz gəzə-gəzə qastronoma yaxınlaşırdıq. Axşama dönüncə artıq küçədə adamlar artmışdı. Ətrafımızda adamlar o üz-bu üzə axışır, hərdən də ayaqlarında diyircəkli konki və diyircəkli taxta olan uşaqlar yan-yörəmizdən şütüyürdülər. Biz şüşəli, işıqlı və zəngin qastronoma tərəf gedirdik. Qastronomun qabağı naxışlı daşlarla döşənmişdi. Burada dibi yaşıl otla örtülmüş ağaclar və yumru salxım lampaları olan alçaq küçə işıqları düzülmüşdü. Mağazanın önünə yaxınlaşar-yaxınlaşmaz bir qızcığaz balaca əlini irəli uzadaraq bizdən pul istədi. Atam onun qolundan tutub mağazanın qarşısına gəldi və "sənə nə olub, qızım?", - deyə ondan soruşdu. Qızcığaz: "anam xəstədir, bizə pul lazımdır", - deyib ağladı. Mağazanın o başında qucağında körpə uşaq tutmuş cavan bir qadın oturmuşdu. Atam ona tərəf gedərkən qabağımıza eynəkli və əsalı bir qarı çıxıb əlini bizə sarı uzatdı. Mustafa bu adamlara baxıb çaş-baş qalmışdı. Mən hiss eləyirdim ki, burda nə isə xoşagəlməz hadisələr baş verir. Atam sarsılmış görünürdü. O, qarıdan soruşdu ki, "ay ana, nə üçün dilənirsən?". Qarı atamın üzünə dik baxıb belə dedi:

- Dilənməyim neyləyim, oğul? Evdə bir xəstə yoldaşım var, hökumət də bizə baxmır. Şəhərin mərkəzində qoymurlar dilənməyə, yenə axşamlar burda durub çörəkpulu yığa bilirəm. Özü də şəhərdə bizim kimilər çoxdu, dilənməyə də qoymurlar, çoxusu daxmasında acından ölür.

Atam cibindən xeyli pul çıxarıb qarının ovcuna qoydu və onun barmaqlarını öz əli ilə pulun üstünə qatladı. Atamın rəngi ağappaq ağarmışdı. Biz qızcığazın qucağıkörpəli anasının yanına gəldik. Atam yaylığı kənar eləyərək qadının qucağındakı körpənin üzünə baxdı və dikələrək pencəyinin yaxasında bərq vuran medalı açıb da körpənin üstünə qoydu. Bu mənzərədən mən də, anam da, Mustafa da, körpənin və qızcığazın anası da - hamı çaşıb qalmışdı. Anamın üzündə sarsıntı varıydı. Mən ondan soruşdum ki, burada nə olub və bu adamlar kimdir? Anam mənə tələsik dedi ki, sənə hər şeyi sonra izah eləyərəm.

Mağazanın bu biri başında da kişili-qadınlı cərgəylə bir xeyli adam əllərini irəli uzadaraq başlarını aşağı salmışdılar.

Atam irəlidə Mustafanın qolundan dartaraq yeyin-yeyin gedirdi. Anamla mən onlarla güclə ayaqlaşırdıq. Atam taksi saxlatdı. Biz taksiyə yaxınlaşana qədər Mustafanı arxada oturdaraq bizim gəlib çatmağımızı gözlədi. Anam məni Mustafanın yanında oturdandan sonra özü də yanımızda əyləşdi. Atam arxa qapını örtdü və qabaq qapını açaraq sürücünün yanında əyləşdi.

Taksi darvazamızın yanına çatıb dayandı. Atam bizi düşürüb taksinin pulunu verdi. Maşın qapımızın ağzından cəld dönərək geri qayıtdı. Atam açarı çıxarıb həyət qapısını açdı və biz həyətə doluşduq. Atam qabağa keçib yeyin-yeyin evimizə daxil oldu. Anam da, biz də onun arxasınca dinməz-söyləməz içəri keçdik. Atam öz otağına girdi, biz də onun arxasınca…

Mənə elə gəlirdi ki, anam nədənsə çox həyəcanlıdır. Atam divar mebelinin yuxarı gözündən medalın qırmızı diplomunu çıxartdı və onu sağ əlindən sol əlinə, sol əlindən isə sağ əlinə ötürərək pencəyini soyundu. Sonra diplomu tən ortadan iki yerə bölüb ayağının altına atdı, ayaqqabısının dabanıyla gücü gəldikcə tapdalamağa başladı. O, bu bəzəkli, zərli diplom parçalarının üstündə atılıb düşür, yenə ürəyi soyumurdu ki, soyumurdu. Elə bil bu kağız parçalarından kiminsə heyfini alırdı. Qırmızı, dördkünc kağız parçalarının üstündə atılıb-düşdükcə kürəyində çarpazlanmış zolaqlı kəmər onu xeyli gülməli göstərirdi. Ancaq mən bilirdim ki, vəziyyət gülməli deyil.

Atam diplomun parçalarını götürüb yenidən onları ortadan dartıb bir neçə yerə böldü və yenə də ayaqlarının altına atıb "ux-əx" - "hax-həx" eləyə-eləyə tapdaladı. Biz atamın bu hərəkətinə sakitcə tamaşa eləyirdik. Divara söykənmiş anam bizi də əlləri ilə sağ-solunda divara qısıb saxlamışdı. Nəhayət, atam yoruldu və tövşüyə-tövşüyə divanda əyləşdi. Onun alnı tərləmişdi. Anam bizi otaqdan çıxartdı və özü də arxamızca çıxdı. Biz öz otağımıza gəldik. Bir azdan atam tərəfdən tüstü iyi aynabəndə yayıldı. Sonra o, anamı öz otağına çağırdı. Anam qayıdıb aynabəndin zirzəmisindən ona şərab apardı və sonra yenə bizim yanımıza qayıtdı. Mustafa yatmaq istəyirdi. Mən anamdan soruşdum ki, atam nə üçün bu qədər əsəbiləşib? Anam mənə belə dedi:

- Nə vaxtsa mən bir əsər oxumuşdum, adı "Bulud pinəçisi" idi. Orda təxminən belə bir cümlə vardı: "Bil ki, romantika real həyatla toqquşanda həmişə ona məğlub olur…".








Yüklə 138,51 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin