Beləliklə qeyd etmək olar ki, müəssisə anlayışının mahiyyətinin açıqlanmasına müxtəlif yanaşmalar onun yerinə yetirdiyi funksiyaların, təşkilati formalarının müxtəlifliyi ilə və hər bir iqtisadçı alimin bu məsələyə fərdi yanəşmasının nəticəsi olaraq formalaşır. Lakin bu zaman ümumi bir fikir ondan ibarətdir ki, müəssisə mənfəət əldə etmək və ictimai tələbatı ödəmək məqsədilə, sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün yaradılan müstəqil təsərrüfat subyektidir. Eyni zamanda qeyd etmək lazımdır ki, müəssisənin yaranmasının iqtisadi əsasları müxtəlif aspektlərdən izah edilə bilər. Hər şeydən əvvəl ictimai tələbata diqqət yetirmək olduqca vacibdir. Belə ki, hər şey ayrı ayrı məhsullara və xidmətlərə ictimai tələbatın mövcudluğundan başlayır. Əgər hər hansı məhsula ictimai tələbat mövcud deyilsə, bu halda həmin məhsul üzrə hansısa sahibkarlıqdan və məhsul istehsalından danışmaq belə mümkün deyildir. Deməli, müəssisənin yaradılması və fəaliyyət göstərməsi üçun ilkin şərt ictimai tələbatın mövcudluğudur. Bundan sonra ikinci əsas şərt mənfəət əldə edilməsidir. Mənfəət əldə etmək məqsədilə hüquqi və ya fiziki şəxs sahibkarlıq fəaliyyətilə məşğul olmaq və müəssisə yaratmaq haqqında qərar qəbul edir. Beləliklə müəssisənin yaradılmasının iqtisadi əsası formalaşır.
Müasir dövrdə müəssisə mürəkkəb təşkilati struktura çevrilmişdir. Onun yaradılması və fəaliyyət ğöstərməsində üç əsas məsələyə xüsusi diqqət yetirilir:
• istehsalın elmi əsaslar üzərində qurulması;
• əməyin elmi təşkili;
• müasir informasiya və kommunikasiya sistemlərindən istifadə etməklə idarəetmənin elmi əsaslar üzərində qurulması.
İstehsalın elmi əsaslar üzərində qurulması müəssisədə istehsal – texnoloji proseslərin elmin son nailiyyətləri əsasında qurulmasını nəzərdə tutur və istehsalın səmərəliliyini, əmək mənsuldarlığını yüksəltməyə imkan verir.
Əməyin elmi təşkili müəssisədə əmək resurslarından səmərəli istifadəni təmin etmək məqsədilə elmi əsaslandırılmış əmək normalarının tətbiqini, əməyin təşkilinin elmi əsaslar üzərində qurulmasını nəzərdə tutur.
Müəssisələr idarəetməni elmi təfəkkürün nəticəsi olraq, informasiya və kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə yaradılan müasir idarəetmə sistemləri əsasında qurmağa çalışırlar. Bu da onlara biznes fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyə imkan verir. Müəssisələr müxtəlif formalarda yaradılır və fəaliyyət göstərirlər. Onların təşkilati – hüquqi formaları Azərbaycan respublikasının müvafiq qanunvericiliyi ilə təsbit olunur. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət, kollektiv, xüsusi və qarışıq mülkiyyət formalarına əsaslanan müəssisə növləri fəaliyyət göstərə bilər. Müəssisələr dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər.
Dostları ilə paylaş: |