«MUZEYLƏR HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında muzeylərin fəaliyyətinin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir.
I FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
muzey-maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisəsi;
muzey fondu – Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət mülkiyyətində olan muzeylərdə daimi saxlanılan, qorunan muzey əşyalarının və kolleksiyalarının məcmusu;