Öz naqisliyini tamamlamaq yolunda insanlığın ən böyük kəşfi eşqdir! Ta-a qədimdən insanın mütləqləşdirdiyi, gözüyumulu yolunda canını verdiyi, həyatının mənası hesab etdiyi eşqdir. Burada bir-birinə zidd olan məqamlar çox olduğundan, zənnimizcə, nisbətən geniş bir izaha ehtiyac var.
Platonun yazdığına görə, insan əvvəlcə vahid bir varlıq olmuş, sonra Allahın qəzəbinə gəlib iki yerə bölünmüşdür. O vaxtdan yarıya bölünmüşlər bir-birini axtarır və yalnız tək canın tərkib hissələri bir-birinə qovuşanda əsl səadətə çatırlar, tamamlanırlar. Maraqlıdır və bizim dediklərimizə uyğundur. Lakin nəzərdən qaçan bir məsələyə diqqət yönəldək: vahid varlığa çevrilmiş iki insan, yəni öz yarısını tapmış insanlar kamil bir varlıq sayılmalıdırlarsa, …evlilikdən sonra davam edən axtarışların mahiyyəti nədir? Həm də bu axtarışlar istisna hallarda bərabər olsa da, əksər hallarda yalnızlıqda, fərdi qaydada aparılan axtarışlar olur. Və ya yarına olan məhəbbəti (deməli, yarın özünü də) başqa bir kamilliyə çatmaq üçün vasitə olaraq görür. Fərqi yoxdur, istər arxa-dəstək olaraq fiziki baxımdan, istərsə də ilham pərisi olaraq ruhi baxımdan olsun. Vasitə vasitədir.
Məsələyə bir də fərqli prizmadan baxaq. Şərq fəlsəfəsinə, xüsusilə təsəvvüfə nəzər salsaq, aydın bir mənzərənin şahidi olarıq: fərdi eşq daha uca həqiqətləri açıqlayan böyük bir aləmə aparır. Bu o deməkdir ki, eşq yalnız ürəkləri çırpındıran, ruhları bir-birinə cəzb edən bir hiss deyil, o, daha mürəkkəb və dərin bir mənaya malikdir. Eşq – maddi aləmdən çıxıb mənəvi dünyaya üz tutmağın ilk səbəbidir, könül gözünü açan, ruhu düşündürən bir hissdir. Eşq – həqiqətdir, deməli, idrakın sonudur. Eşq – yaradılışın səbəbi kimi Mütləqdən nisbiyə enən bir nur zolağı olduğu kimi, nisbidən də Mütləqə uzanan bir yoldur. İnsan ona doğru uzanan həmin nur zolağını kəşf etməklə eşqi və bununla da həqiqəti dərk etmiş olur. S.Xəlilov yazır: «Eşq səviyyəsində idrak bütün insanlara aid olan hissi və məntiqi idrakdan yüksəkdə durur – idrakın ali məqamına aparır. Bu pillə daha çox dərəcədə idrakın sezgi və vəhy məqamlarına uyğundur». Müxtəlif səviyyədə olsa da, hər kəsin bir sevgiyə qadir olduğu məlumdur və təbii ki, bunların hamısının «idrakın ali məqamına» apardığını demək düz olmazdı. Müəllif buna belə açıqlıq gətirir: «Yüksək mənəviyyatlı, incə ruhlu, parlaq qəlbli insanları heyrətləndirmək, məftun etmək üçün daha böyük gözəllik, daha həssas və daha mürəkkəb tərəf-müqabil lazımdır. Ən böyük aşiq isə, heç şübhəsiz, ancaq İşıqlar işığına (Allaha – K.B.) səcdə edə bilər. Bu isə artıq ilahi eşqdir». Deməli, məhz ilahi eşq, bütün maddiyyata baxış prizmasını dəyişə, həqiqətin üzərindən pərdəni götürə, könül, ruh gözünü aça bilən ilahi eşqdir.
Deyilənlərə əhəmiyyətli bir əlavə də etmək lazımdır: biz tamamlanma hissinin insanın təfəkkür səviyyəsi ilə bilavasitə əlaqəli olduğunu bildirmişdik. Deməli, ilahi eşqə gedən yol da məhz fərdi eşqdən keçməlidir. Əbu Turxan bunu belə təsvir edir: «Fərdi məhəbbətin ilahi məhəbbətə qovuşması iki damlanın əvvəlcə bir damlada birləşməsi və dəryaya birlikdə qatılması kimidir». Başqa cür desək, insan əvvəlcə daxili dünyasında əzəmətli bir harmoniyanın olduğunu kəşf edir, sonra da özünün bu əzəmətli harmoniyanın bir tərkib hissəsi olduğunun şahidi olur.
Xüsusilə onu da qeyd edək ki, məhz hər «iki damla» eyni duyğuları keçirmiş olarlarsa, onların qovuşması böyük dəryaya – ilahi eşqə apara bilər.
Hər varlıq özündən daha üstün olana bənzəməyə çalışır. Yuxarıda qeyd etdik ki, insan yaradılmışlar arasında ən kamili və Allahın gözəl sifətlərini özündə ehtiva edən, eyni zamanda, onları dərk etmək qabiliyyəti olan yeganə varlıqdır. Bu o deməkdir ki, insanın bənzəməyə çalışdığı və ya sifətlərini dərk etmək istədiyi varlıq Allahdır. Məsələn, Şihabəddin Sührəvərdiyə görə, nur iyerarxiyasında «hər naqis nurun kökündə özündən yüksək nura qarşı eşq, hər ali nurun kökündə özündən aşağıdakına qarşı isə qaliblik (idarəçilik) var». Hər nur özündən yüksəkdəki nura duyduğu və heç bir söz və hisslə təsvir olunmayacaq eşq və şövqlə ucalmağa çalışır: «Şövq müvəffəq zatları Nurlar Nuruna aparır. Ən tam şövq ali nura cəzb və ucalmaqla tamamlanır». Aşağı nurları yüksəldən, ucalmağa sövq edən hisslərin, halların hər biri nurlanma dərəcəsindən asılıdır. Bu hisslər hər nura – varlığa xasdır.
Bəs tamamlanma hissini insana dərk etdirən irrasional təfəkkür nədir?
Hər şeydən əvvəl bir faktı vurğulayaq: irrasional təfəkkürün səviyyəsi bilavasitə rasional təfəkkür səviyyəsindən, insanın dünyagörüşündən asılıdır. Ən müxtəlif məzmunlu və məqsədli təcrübə formaları – şamanizm, satanizm, kabbala, təsəvvüf və s. Dediklərimizə bariz nümunə ola bilər. Onların hamısı eyni hissin izharıdır: fövqəladə qüvvələrin köməyi ilə qüvvətlənmək, ali bir ağlın yardımı ilə öz təfəkküründə hansı isə gizli bir qapını açıb həm ümumiyyətlə varlıq aləminin, həm də öz varlığının qaranlıq guşələrini işıqlandırmaq, dərk etmək.
Rasional ağılla, məntiqli düşüncə ilə ən yüksək zirvəyə qalxa bilmiş alimlər, filosoflar, sənətkarlar çatdıqlarının son olmadığını, hətta bəlkə də yolun yarısı belə olmadığını görəndə fərqli vasitəyə – irrasional təfəkkürə müraciət edirlər. Əslində irrasional vasitə və təfəkkürün imkanları insanlar üçün yəqin elə insanın yaradılışı ilə bərabər açılmışdır. Buna misal olaraq qədim dövrdən günümüzə qədər çatmış əsərləri, ayrı-ayrı mətnləri göstərmək olar.
İnsan maddi varlıq olmaqla yanaşı, həm də ruhi varlıqdır və onun maddiyyat fövqündə yardım axtarması, oradakı hikmətləri dərk etməyə cəhd etməsi əslində təəccüblü deyil. Onun öz natamamlığının səbəbini maddiyyat dünyasından keçərək ruhi aləmdə axtarması da anlaşılan və həqiqətə yaxın bir addımdır. Qeyri-adi görünən məsələnin başqa bir tərəfidir. Birincisi, insanların müraciət etdiyi obyektlər fərqlidir: kimisi yalnız özünün tanıdığı bir ruha, kimisi şeytana, kimisi də Allaha. Onların müraciət forması da fərqlidir: kimisi gizli, kimisi aşkar, kimisi ətrafdakılara zərər vurmaqla, kimisi əksinə xeyir verməklə, kimisi öz daxili dünyasına çəkilməklə, kimisi ətraf aləmlə harmoniya axtarmaqla. Oxşar təfəkkür vasitəsilə kamilliklərinin zirvəsinə çatmış şəxsiyyətlərin təcrübələrindən çıxış edərək qətiyyətlə demək olar ki, məhz Allaha yönəlmiş təfəkkür həqiqi anlamda tamamlana və kamilləşə bilir. Məsələn, öz axtarışını təsvir edən Müqəddəs Avqustin deyir: «Mən arxam işığa və üzüm işıqlanan tərəfə dayanırdım. Mənim işıqlanan şeylərə yönəlmiş üzüm işıqlanmırdı». Mövcud müxtəlifliyin səbəblərini açıqlayaq.
İnsanları bir-birindən fərqləndirən əsas amillərdən biri onların təfəkkürüdür. Məhz təfəkkürünün səviyyəsinə uyğun olaraq insan istər öz mənəvi aləminə, istərsə də xarici mühitə münasibət göstərir, onu dərk etmək üçün uyğun vasitələr seçir. Qısa şəkildə desək, primitiv düşüncənin seçdiyi obyekt də, ona çatdıran vasitəsi də primitiv olur. Təfəkkür səviyyəsi yüksəldikcə obyekt də yüksəlir, aliləşir, vasitələr də. İnsanın gördüyü təhsil, oxuduğu ədəbiyyat, ədəb-əxlaqı, eyni zamanda, ətraf mühit, cəmiyyət onun təfəkkürünü formalaşdıran maddi və mənəvi amillərdir. Bununla belə, hər bir amildən yüksəkdə duran, onlara güclü təsir göstərə bilən aparıcı bir faktor da var: ilahi qüvvə. Burada əhəmiyyətli bir cəhət xüsusilə vurğulanmalıdır: ilahi qüvvənin təsiri də insanın təfəkkür səviyyəsindən asılıdır. Yəni əslində ilahi qüvvə eynidir, onu qəbul edən obyekt isə fərqlidir. Günəş eyni şəkildə işıq saçır, ancaq fərqli məkanlar bu şüalardan eyni qidalana bilmir, təbii ki, fərqli də nəticələr ortaya çıxır: bir məkanın qarı-buzu heç cür ərimək bilmir, bəzi yerlər isə yanıb kül olur, hətta eyni məkanda bir yerdə gül bitir, başqa yerdə qanqal, üçüncü bir yerdə isə ümumiyyətlə həyat yoxdur. Qurani Kərimin ayələrindən birində deyilir: «Göydən su endirdi və çaylar öz arxlarına görə çağlayıb axdı» (Quran 13/17). Hər arx öz ölçüsünə görə su qəbul etdiyi kimi, hər insan da öz təfəkkürünə görə ilahi qüvvə ilə ünsiyyətdə olmaq bacarığına malikdir.
Dediklərimizdə maraqlı və əhəmiyyətli bir məqama çatdıq. İnsanın maddiyyat, zaman-məkan çərçivəsindən çıxıb ilahi aləmə keçişində və oraya məxsus biliklərə sahib olub yüksəlməsində tənzimləyici və istiqamətverici qüvvə kimi Ali Varlığın rolu birinci olduğuna görə, ağlın irrasional istiqamətə yönəlməsində iman xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, ağlın rasional və irrasional tərəflərini, zənnimizcə, imanda axtarmaq daha doğru olardı. Məsələn, sufi mütəfəkkir Cüneyd Bağdadi insanları iman dərəcələrinə görə bölməklə, onların dərk etdikləri həqiqətləri və öyrəndikləri bilikləri də təyinləşdirir: «Bil ki, insanlar üç cürdür: axtarıb yönələn; çatıb dayanan; daxil olub duran. Allahı axtaran zahiri elmin dəlilləri ilə istiqamətlənib Allahın zahiri işarələrinə uyar. Qapının önünə çatıb dayanan şəxs batinini paklaşdırar, ürəyinə gələn ilhamlarla öz yolunu tutar, Allaha ürəkdən itaət edər. Bütün varlığı ilə Allahın hüzuruna gəlib Onun qarşısında duran isə, Allahdan başqasını görməz, Allahın verəcəyi əmri gözləyər və dərhal yerinə yetirər. Allahı əsl tövhid edənin sifəti budur». Deməli, ilk mərhələdə maddiyyatın dərki ilə kifayətlənən insan müəyyən inkişaf yolu keçməklə və bu proses boyu Allahdan aldığı ilhamla (ilahi biliklərlə – K.B.) maddiyyat fövqünə qalxa bilir, yəni artıq ağlın üst qatı ilə idrak prosesini davam etdirmək imkanı qazanır. Onu da əlavə edək ki, ağıl və iman məhz qarşılıqlı əlaqədə olub bir-birini tənzimlədikdə idrak prosesini kamil dərəcəyə qədər inkişaf etdirə bilirlər. Belə ki, imansız ağıl yalnız maddiyyat çərçivəsilə kifayətləndiyi kimi, ağılsız iman da fanatizmə aparıb çıxara bilər.
Deməli, insan irrasional təfəkkürə öz mənəvi natamamlığını, naqisliyini kamilləşdirmək üçün müraciət edir, bunu ondan ilahi aləmlə bağlı olan ruhu tələb edir və bunu öz ruhunu dinləyə bilən şəxslər dərk edir. İnsan ikili (maddi və mənəvi) xüsusiyyətə malik olduğuna görə, müxtəlif səbəb və şəraitlər onun iç və zahiri aləmlərini zidd qoya bilir. Özünün bir tərəfini üstün bilərək onun qayğısına qalmaq, digərini onun köləsinə çevirmək insanın yaradılışdan malik olduğu natamamlıq sindromunu daha da gücləndirir. Onun hər iki tərəfi arasında harmoniyanın yaranması, onların bir-birini tamamlaması isə insanın kamilləşməsidir. Bu, təfəkkürün rasional və irrasional formalarının paralel inkişaf etməsinin və bir-birini tamamlamasının zərurətini vurğulamış olur. Qurani Kərimdə bu dünyanın imtahan, sınaq meydanı olması, insanların etdikləri yaxşılıqların da, pisliklərin də özlərindən gəlib, yenə də özlərinə yönəldiyinə dəlalət edən bir çox ayə görmək mümkündür (məs.: Quran 6/16; 7/17; 45/15 və s.). Deməli, mənəvi yolu tutmaq üçün maddiyyat vasitədir. Seçim biz insanlarındır. Odu da biz seçirik, nuru da. Hər kəs öz natamamlığını özünə məxsus dərk edir və fərqli şeylərlə tamamlanmaq istəyir. Bu, maddi şeylər də ola bilər, yüksək eşq də, elm də. Həqiqətin hansı olduğunu isə ruhumuz təyin edir, əgər ruhumuzu dinləməyi bacarırıqsa.
Dostları ilə paylaş: |