Üzündə göz izi var…
Məlum bir mahnıda deyildiyi kimi… Kiminsə baxışları doğurdanmı iz qoyur? Kiminsə surəti gözlərdə qalırmı? İz qoyan hansı baxışlardır? Qalan hansı surətdir?
Sən bir dənizsən… Gah sakit, müəmmalı, gah dalğalı, coşqun. Gah könül gəmilərini oyuncağa çevirib atıb-tutan, sonra da qırıqlarını bəyənməyib sahilə atan, gah dərinliklərində min bir ağrı və nəvazişlə inci yetişdirən.
Sən bir dənizsən… İnsan sənə yaxınlaşmaqdan qorxur. Bilir ki, sənin hökmünə düşsə, Sənə təslim olmalı, özündən imtina etməlidir. İnsan Səndən aralana da bilmir. Sənin cazibən ahənrüba kimi adamı özünə çəkir. Beləcə dayanıb sahilində tərəddüdlər içində quruyursan, … gizlin-gizlin arzu edirsən ki, güclü bir dalğa səni bu tərəddüddən qurtaraydı.
Sən bir dənizsən… Sahilindəkilərə sığal verib aparan, …sonra da onu sahilin uzaq bir küncünə atan.
Sən bir dənizsən… Sal qayaları oxşaya-oxşaya qoynuna alan və onları əbədi unudan, başqa qaya axtaran.
Sən bir dənizsən… Haralardasa sahilin var. Ancaq Sənin sərhədlərini nə göz görür, nə ağıl kəsir… Sənin böyüklüyünü hiss etmək üçün ancaq özünü Sənin hökmünə vermək lazımdır ki, Sənin dünyana tam bələd olmasa da, Sənin aləmində ərisin, qarışsın…
Sən bir dənizsən… Hər kəsi möhtəşəmliyi ilə heyrətə salan, hər kəsi müəmması ilə tilsimləyən bir sirli dünyasan.
Sən bir dənizsən… Sənə hər yaxından baxana onun öz əksini göstərən. Yəqin buna görə Sənin üzündə göz izini görmək olmur. Yəqin buna görədir ki, kimsə Səndə iz qoya bilmir.
Dostları ilə paylaş: |